Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib

Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib

23.08.2016 [09:32]

Avqustun 22-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov deyib ki, son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Hazırda Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni binanın, eləcə də 12 məktəb binasının tikintisi və əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. 2016-cı ildə ümumtəhsil məktəblərini 3138 məzun bitirib. Məzunların 2469-u ali məktəblərə sənəd verib ki, bu da məktəbi bitirənlərin 78,9 faizini təşkil edir. Sənəd verənlərin 1244-nü və ya 50,4 faizini qızlar, 1225-ni və ya 49,6 faizini isə oğlanlar təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2674 nəfər olub. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 80 faizidir. Məzunlardan 191-i xüsusi təyinatlı ali məktəblərə qəbul üçün sənəd verib.
Qeyd olunub ki, ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən 2016-cı ilin məzunlarından 1538-i ali təhsil müəssisələrinə qəbul olub ki, bu da sənəd verənlərin 62 faizini təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olub. Bütövlükdə ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1737 məzun qəbul olubdur ki, bu da həmin təhsil müəssisələrinə sənəd verənlərin 65 faizini təşkil edir.
Valideyn Cəmilə Əliyeva çıxış edərək deyib ki, muxtar respublikamızda Heydər Əliyev yolu davam və inkişaf etdirilir. Sosial-iqtisadi həyatda sürətli inkişafa nail olunur, şəhər və rayonlarımız günü-gündən abadlaşır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Övladlarımız yüksək qayğı ilə əhatə olunur və sağlam, milli ruhda böyüyürlər. Bu gün onların daha yaxşı təhsil almaları üçün hər cür şərait yaradılıb. Bu şəraitin nəticəsidir ki, ali məktəblərə qəbulda yüksək bal toplayanların sayı ilbəil artmaqdadır. Sonra valideyn Cəmilə Əliyeva qeyd edib ki, muxtar respublikada təhsilə göstərilən diqqət və qayğı nəticəsində onun övladı da 695 bal toplayaraq tələbə adını qazanıb. Valideyn üçün övladını təhsilli və vətənpərvər görməkdən böyük xoşbəxtlik ola bilməz. Cəmilə Əliyeva bütün bunlara görə valideynlər adından minnətdarlıq edib.
Qəbul imtahanlarında 696 bal toplayan Ramil Məmmədzadə çıxış edərək deyib: Bu gün bizim hamımız hədsiz sevinc və fərəh içindəyik. Ona görə sevinirik ki, tələbə adını qazanmışıq. Muxtar respublikamızda təhsil sahəsində həyata keçirilən islahatlar, məktəblərimizin ən müasir kompüter və elektron lövhələrlə, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi bizi daha yaxşı oxumağa ruhlandırıb. Bu şəraitdən istifadə edərək zəruri elmi biliyə və dünyagörüşə yiyələnmişik. Yaradılan şəraitə və çəkilən zəhmətə cavab olaraq digər həmkarlarım kimi mən də öz məsuliyyətimi dərindən dərk edərək qəbul imtahanlarında 696 bal toplamış və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq ixtisasına qəbul olunmuşam. Ramil Məmmədzadə gəncliyin inkişafına göstərdiyi qayğıya görə ali məktəblərə qəbulda yüksək bal toplamış bütün tələbələr adından Ali Məclisin Sədrinə minnətdarlıq edərək söz verib ki, milli dəyərlərimizə hörmətlə yanaşacaq, savadlı, vətənpərvər gənclər kimi yetişəcək və ölkəmizin daha da çiçəklənməsinə öz töhfələrini verəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək tələbə adını qazanmış bütün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək deyib: “Hər bir cəmiyyət inkişaf etmək, irəli getmək istəyirsə, ilk növbədə təhsilə diqqət yetirməlidir. Təhsil olmadan gələcək haqqında düşünmək mümkün deyil. Təhsilin cəmiyyətdə rolunu yüksək qiymətləndirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev deyib: “Azərbaycan dövlətinin əsas məqsədi gənclərimizi təhsilə, elmə cəlb etmək, təhsilin keyfiyyətini artırmaq və bu sahəni daha da inkişaf etdirməkdir”.
Ali Məclisin Sədri deyib: “Ötən əsrin 70-ci illərində Ulu öndər tərəfindən əsası qoyulan yeni təhsil strategiyası bu gün də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında inkişafın əsas hərəkətverici qüvvəsidir. Hər il Naxçıvanda təhsil infrastrukturu müasirləşdirilir, yeni məktəb binaları, tədris korpusları istifadəyə verilir. Ümumtəhsil məktəblərində ən müasir tədris şəraiti yaradılmış, 3725 kompüter və 600-dən çox elektron lövhə quraşdırılmış, distant təhsil tətbiq olunmuşdur. Həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, təhsildə ciddi dönüş yaranmış, tədrisin keyfiyyəti yüksəlmişdir. Bu il muxtar respublikanın ümumtəhsil məktəbi məzunlarından 338-nin ali məktəblərə qəbulda 500-700 arasında bal toplaması da uğurlu təhsil strategiyasının nəticəsidir. Gənclərin təhsili ilə yanaşı, sosial müdafiəsi və məşğulluqlarının təmin olunması da diqqət mərkəzindədir. Gənclər təhsil aldıqları ixtisas üzrə işlə təmin olunur, dövlət idarəçiliyində irəli çəkilirlər. Bir sözlə, müasir gəncliyə hər yerdə etibar və inam vardır”.
Ali Məclisin Sədri gənclərə müraciət edərək deyib: “Bu gün sizin həyatınızda mühüm mərhələ başlayır. Ölkəmizə və xalqımıza yararlı vətəndaş olmaq, əsl mütəxəssis kimi yetişmək üçün qarşınızda yeni imkanlar açılır. Bu imkanlardan yararlanmalı, daim öz üzərinizdə işləməli, mütaliə etməli, seçdiyiniz ixtisası dərindən mənimsəməlisiniz. Müasir dövrdə təhsil almaq gənclər üçün nə qədər vacibdirsə, peşə sahibi olmaq, əsl mütəxəssis kimi yetişmək də bir o qədər vacibdir. Bu gün sizə baxarkən gələcəyin həkimini, müəllimini, mühəndisini, hərbi qulluqçusunu və digər peşə sahiblərini görür və bununla qürur duyuruq. Gələcəkdə hansı sahədə çalışmağınızdan asılı olmayaraq müstəqil Azərbaycana ləyaqətlə xidmət etməlisiniz. Dünyagörüşünüzü inkişaf etdirməli, milli və ümumbəşəri dəyərləri, xalqımıza məxsus adət-ənənələri mənimsəməlisiniz. Bununla yanaşı həm də vətənpərvər olmalı, Vətən naminə çalışmalı, Ümummilli liderimiz Heydər Əliyevin yoluna və ideyalarına sədaqət nümayiş etdirməlisiniz”.
Ali Məclisin Sədri bu yolda gənclərə uğurlar arzulayıb.
Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.

Paylaş:
Baxılıb: 694 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31