Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Arzularımızın böyük bir qismi həyata keçib”

“Arzularımızın böyük bir qismi həyata keçib”

01.11.2016 [09:40]

Akif Aşırlı: “Şərq” qəzeti bu gün də jurnalistikanın mühüm meyarlarını özündə birləşdirən qəzet kimi oxunur
Müstəqil Azərbaycan mətbuatının inkişafında özünəməxsus yeri olan “Şərq” qəzetinin 20 yaşı tamam olur. 1996-cı ildən bu günə qədər Azərbaycan oxucusunun rəğbətini qazanan “Şərq” qəzeti bu gün də öz missiyasını uğurla davam etdirir. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə müsahibəmizdə ötən 20 ilə nəzər salmağa çalışdıq.
- Akif müəllim, ilk olaraq rəhbərlik etdiyiniz “Şərq” qəzetinin 20 illik yubileyi ilə bağlı sizi və kollektivinizi səmimi qəlbdən təbrik edirik. Təbii ki, keçilən 20 illik yol zaman baxımından elə də böyük məsafə sayılmasa da, görülən iş, əldə olunan nailiyyətlər baxımından olduqca əhəmiyyətlidir. Bu günün gənc “Şərq”inin keçdiyi 20 illik yol nələrlə yadda qaldı?
- Təşəkkür edirəm. Qeyd etdiyiniz kimi, 20 il zaman baxımından elə də böyük bir məsafə olmasa da nəzərə alsaq ki, müstəqilliyimizin cəmi 25 yaşı var, bir qəzetin 20 il dayanmadan çap olunması, öz oxucuları ilə görüşə gəlməsi olduqca böyük bir nailiyyətdir. Təbii ki, bunu jurnalistikaya yaxın insanlar daha yaxşı anlayarlar. Ortada böyük bir zəhmət, yaradıcılıq, xəbər çatdırma operativliyi kimi məsuliyyət var. Fikrimcə, “Şərq” qəzeti ötən 20 ildə informasiya daşıyıcısı olmaqla, maarifləndirmə işləri aparmaqla yanaşı, jurnalistikanın inkişafına da öz töhfəsini verə bilib. 1996-cı ildə “Şərq” qəzeti yarandığı dövrdə ölkəmizdə texniki imkanlar bugünkü kimi geniş, informasiya əldə etmək indiki kimi rahat deyildi. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı Fərmanı digər çap orqanları kimi “Şərq” qəzetinin də tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, o dövrdə ölkəmizdə media sahəsində böyük bir rəqabət vardı. İnternetin bu qədər geniş yayılmadığı, əlçatan olmadığı dövrdə insanların xəbər mənbəyi rolunda yalnız qəzetlər çıxış edirdi. Oxucuya informasiyanı keyfiyyətli, dolğun və operativ şəkildə çatdırmaq üçün bütün gücümüzü, enerjimizi ortaya qoyurduq. İllər ötdükcə ölkəmizdəki inkişaf, yeni texnologiyalarla tanışlıq təbii ki, oxucularımızda da fərqli tələblər yaratdı ki, biz də qəzet olaraq bu tələbləri ödəmək, oxucuları maraqlandıran müəllif yazılarına öz səhifəmizdə yer vermək üçün çalışdıq. Demək olar ki, qəzetin yaranmasından cəmi bir neçə il sonra “Şərq” ölkəmizin ən populyar media təmsilçilərindən birinə çevrilməyi bacardı. Bir daha qeyd etmək istəyirəm ki, bu 20 ildə qazanılan uğurun arxasında böyük bir kollektivin zəhməti, məsuliyyəti, işinə sevgisi və peşəkarlığı dayanıb. Bu gün də 17 nəfərdən ibarət bir kollektivlə çalışırıq. “Şərq” qəzeti bu gün də jurnalistikanın mühüm meyarlarını özündə birləşdirən qəzet kimi oxunur. Bu gün bizim abunəçilərimiz var, gündəlik “Şərq”i oxuyan, izləyən kifayət qədər oxucu var. Bu oxucular üçün çalışmaq, Azərbaycan cəmiyyətinə xeyir vermək və jurnalist missiyasını həyata keçirmək imkanları varsa, bunu çox yüksək qiymətləndiririk. Hesab edirik ki, arzularımızın böyük bir qismi həyata keçib.
- Ötən illər ərzində ölkəmizdə söz və mətbuat azadlığının təminatı istiqamətində görülən tədbirləri necə dəyərləndirirsiniz?
- Azərbaycanda söz və mətbuat, özünüifadə azadlığı var. Ölkə mətbuatında rəngarənglik mövcuddur. Bu da, öz növbəsində, mətbuat azadlığının təmin olunmasından xəbər verir. Azərbaycanda müstəqil qəzetlər çıxır, siyasi yönümündən, ideoloji baxışından asılı olmayan müxtəlif məzmunlu qəzetlərimiz nəşr olunur. Son illər Azərbaycan mediasına yeni media anlayışı gəlib, yeni saytlar təsis olunur. Həmin internet media vasitəsilə müxtəlif informasiyalar yayılır. Kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün əlverişli mühit var. Dövlətimiz mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atır. KİV haqqında qanun qəbul edilib, söz azadlığı Konstitusiyada çox geniş bir şəkildə təsbit olunub. Qeyd etdiyim kimi, 1998-ci ildə senzuranın ləğvi ilə bağlı Fərman medianın inkişafında nə qədər mühüm rol oynamışdısa, 2003-cü ildə Mətbuat Şurasının yaranması, 2008-ci ildə qəbul olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası, eləcə də 2009-cu ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da çap mediasının ayaqda durmasında, fəaliyyətini davam etdirməsində o qədər əhəmiyyətə malik oldu. Dövlət qayğısı mətbuatımızın yüksəlişində əsaslı rol oynayır.
- Dövlətimizin mətbuata qayğısından söz açdınız, qeyd etdiyiniz qurumların təsis olunması jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi yönündə atılan addımları da intensivləşdirdi. Digər tərəfdən, bu gün KİVDF tərəfindən qəzetlərin irəli sürdükləri layihələrin maliyyələşdirilməsi çap mətbuatının inkişafında özünü göstərirmi?
- İnternet portallarının fəal şəkildə media sektorunda yer alması çap mediasının onsuz da tam formalaşmamış, ürəkaçan səviyyədə olmayan reklam bazarına böyük bir zərbə vurdu. Nəzərə alsaq ki, çap mediasının xərc məsrəfləri də yüksəkdir, bu mənada dövlətin dəstəyi qəzetlərin yaşamasında əsas şərtə çevrildi. Bu maliyyə olmasa idi bir sıra digər mətbu orqanlar kimi “Şərq” qəzetinin də mövcudluğu sual altında idi. KİVDF-nin yaradılması Azərbaycanda mətbuatın inkişafına dövlətin qayğısının açıq təzahürü kimi xarakterizə olunmalıdır. Mən deyərdim ki, Azərbaycanda mətbuatın inkişafına yönəlik ən uğurlu addımlardan biri məhz KİVDF-nin yaradılması oldu. Prezident İlham Əliyevin bu addımı çox mütərəqqi bir addım idi. KİVDF bu gün mətbuat üçün informasiya sisteminin əsas prioritetləri kimi çıxış edən konsepsiya üzrə layihələri müəyyənləşdirir. Bu addım Azərbaycanda dövlətin fərqli ideoloji baxışlara malik, eləcə də müstəqil qəzetlərə bərabər səviyyədə yanaşmasını ortaya qoymuş oldu. Biz KİVDF tərəfindən maliyyələşən qəzetlərin siyahısına baxaraq bunu əminliklə söyləyə bilərik. Bu bir daha onu təsdiqləyir ki, müstəqil mətbuatın inkişafında dövlət də maraqlıdır. Bu gün Fond təkcə öz büdcəsi hesabına deyil, kənar qurumlarla əməkdaşlıq yolu ilə də bir sıra layihələr təşkil edir, jurnalistlərin iştirakı ilə müsabiqələr keçirir. Dövlət strukturlarının KİV-lərlə əlaqələri dinamiklik əldə edib. Bu isə, öz növbəsində, məmur-jurnalist qarşıdurmalarının səngiməsinə yol açıb. Jurnalistlər də informasiyaları birbaşa mənbədən əldə etmək imkanı qazanıblar. Fondun mətbuatın tarixi ilə bağlı keçirdiyi layihələrə dəstəyi də təqdirəlayiqdir. Mətbuat tarixi antologiyasının iki cilddə hazırlanmasının özü də Fondun uğurlu layihələrindəndir. Bundan başqa, dünyada analoqu olmayan bir addım atıldı - 156 jurnalistə ev verildi. Bu addım davamlı xarakter daşıyır və yaxın zamanlarda yeni bina jurnalistlərimizin ixtiyarına veriləcək. Əlbəttə ki, bugünkü iqtisadi vəziyyətin çətinliyi fonunda belə bir dəstəyin ifadə olunması olduqca təqdirəlayiqdir.
- Sizcə, ötən 20 ildə jurnalistikanın peşəkarlıq səviyyəsi artıbmı?
- Təbii ki, Azərbaycanda peşəkar jurnalistlərimiz kifayət qədərdir və sevindiricidir ki, peşəkarlıq tendensiyası müsbətə doğru inkişaf edir. Nəzərə alaq ki, Azərbaycan mətbuatı 25 ildir müstəqil fəaliyyət göstərir. Bu, onun ən böyük uğurudur. Azərbaycanın demokratikləşməsi, inkişafı prosesində jurnalistlərin də böyük rolu var. Təbii ki, bizim bəzi parametrlərə görə beynəlxalq jurnalistikanın iri çaplı media strukturları ilə davamlı rəqabət aparmaq imkanlarımız zəifdir. Ancaq media holdinqlərimiz və böyük media şəbəkələri Azərbaycanda artıq formalaşır. Bu gün internet azad və əlçatandır. Hər kəsin fikrinin ifadəsi üçün imkanlar yaranıb. Bütün bunlar Azərbaycan jurnalistikasının uğurudur. Hesab edirəm ki, bu inkişaf gələcəkdə də davam edəcək.
Pərviz SADAYOĞLU
P.S. Yubiley münasibəti ilə “Yeni Azərbaycan” qəzeti olaraq biz də həmkarlarımızı ürəkdən təbrik edirik.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31