Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi davamlı xarakter daşıyır

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi davamlı xarakter daşıyır

29.07.2017 [10:56]

Ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində çap və elektron medianın maddi-texniki bazası möhkəmlənib, jurnalistlərin mənzil-məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb
Azərbaycan ardıcıl islahatlar, institusional dəyişikliklər yolu ilə ölkənin daha da demokratikləşməsini, fəal vətəndaş cəmiyyəti quruculuğunu strateji məqsəd kimi qarşıya qoyub. Bu məqsədlə respublikamızda hüquqi baza möhkəmləndirilir, praktiki müstəvidə qabaqcıl dünya ölkələrinin təcrübəsi nəzərə alınaraq zəruri tədbirlər həyata keçirilir. Əlamətdar haldır ki, Azərbaycanda cəmiyyətin demokratik əsaslarla inkişafının təmin edilməsinə yönələn tədbirlər məqsədyönlü xarakter daşıyır və bu istiqamətdə aparılan siyasətdə meydana çıxan çağırışlar da mütləq nəzərə alınır. Məhz belə davamlı və məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda Azərbaycan fundamental insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması baxımından bütün dünya miqyasında layiqli yerlərdən birini tutur. Eyni zamanda ölkəmizdə siyasi və iqtisadi islahatlar paralel aparılır. Yeri gəlmişkən, iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində söylədiyi nitqində bu məqama toxunan Prezident İlham Əliyev deyib: “Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq”.
Maddi-texniki bazanın möhkəmləndirilməsi KİV-lərin fəaliyyətinə müsbət təsir göstərir
Azərbaycan dünyanın azsaylı ölkələrindən biridir ki, burada dövlət cəmiyyətin demokratikləşməsində əvəzsiz rol oynayan mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə həm yüksək siyasi iradə nümayiş etdirir, həm də hərtərəfli maddi dəstək göstərir. Azərbaycan dövlətinin bu sahədə strateji məqsədi KİV-lərin maddi-texniki bazasını möhkəmlətməklə onların həqiqi müstəqilliyinin təmin edilməsinə nail olmaqdır.
Respublikamızda mətbuatın inkişafına dövlət dəstəyi siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə KİV nümayəndələri ilə çoxsaylı görüşlər keçirib, mətbuatın problemlərinin aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Beləliklə, məhz Ulu öndərin diqqət və qayğısı sayəsində qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları silinib, redaksiyalara maddi yardımlar göstərilib, KİV üzərində senzura birdəfəlik ləğv olunub.
Sonrakı mərhələdə milli mətbuatın inkişafına hərtərəfli dövlət qayğısı siyasəti Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Dövlət başçısının 2008-ci ildə təsdiqlədiyi “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə mediamızın inkişaf istiqamətləri müəyyənləşdirilib. 2009-cu ildə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ötən illərdə uğurla fəaliyyət göstərərək siyasi orientasiyasından asılı olmayaraq media qurumlarının inkişafına, onların maddi-texniki bazasının möhkəmlənməsinə hər cür dəstək göstərib.
Azərbaycanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması dünyada ən yaxşı nümunələrdən biridir
Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan, eyni zamanda, özünün getdikcə artan iqtisadi potensialına əsaslanaraq jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə yeni təşəbbüslərlə çıxış edir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mütəmadi olaraq ayrı-ayrı dövlət qurumları, həmçinin icra hakimiyyəti orqanları ilə yazı müsabiqələri keçirir ki, burada da əsas məqsədlərdən biri jurnalistlərin maddi təminatının möhkəmlənməsinə nail olmaqdır.
Azərbaycanda dövlət vəsaiti hesabına tikilən mənzillərin jurnalistlərə hədiyyə edilməsi isə dünyada analoqu olmayan haldır. Ölkəmizdə haqqı və ehtiyacı olan jurnalistlərin mənzillə təmin edilməsi praktikasına Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamla başlanıb. Bəhs olunan Sərəncama əsasən Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün 156 mənzilli bina tikilib. Həmin binadakı mənzillər 2013-cü il iyulun 22-də Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlərə paylanılıb.
Milli mətbuatımızın növbəti ildönümünün qeyd edildiyi bu günlərdə isə Azərbaycan mediasının təmsilçiləri növbəti dəfə özəl mənzil sahibi olmağın sevincini yaşayıblar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Ümumilikdə, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Onlardan 9-u birotaqlı, 144-ü ikiotaqlı, 93-ü üçotaqlı və 9-u dördotaqlı mənzillərdir. Binanın həyətində isə idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb. Mənzillər jurnalistlər arasında əvvəlcədən müəyyənləşdirilən qaydalar əsasında tam şəffaf şəkildə bölüşdürülüb. Ev alanların əksəriyyəti öz imzası ilə Azərbaycan cəmiyyətində yaxşı tanınan jurnalistlərdir.
Lakin bu da son deyil və ölkəmizdə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması siyasəti bundan sonra da davam etdiriləcək. Belə ki, dövlət başçısının iştirakı ilə iyulun 20-də Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə jurnalistlər üçün tikiləcək sayca üçüncü binanın da təməli qoyulub. Təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev Öz tövsiyələrini və xeyir-duasını verib. Beləliklə, cəmi bir neçə il ərzində paytaxt Bakının Bibiheybət qəsəbəsində müasir görkəmi ilə seçilən “Jurnalistlər şəhərciyi” formalaşıb.
Azərbaycan mediası ölkə, cəmiyyət qarşısında öz missiyasını yüksək səviyyədə yerinə yetirir
Onu da vurğulamaq yerinə düşər ki, davamlı dövlət dəstəyi, maddi-texniki bazanın möhkəmlənməsi öz növbəsində KİV-lərin səmərəli fəaliyyətinə müsbət təsir göstərir. Müasir texniki vasitələrlə təchiz olunan KİV-lər üzərlərinə düşən missiyanı daha operativ şəkildə yerinə yetirir və cəmiyyətin demokratikləşməsi prosesində daha fəal şəkildə iştirak edirlər. Azərbaycan mediasına, jurnalistlərimizə xas olan yüksək vətənpərvərliyi isə xüsusi olaraq vurğulamaq lazımdır. Ölkəmizdə KİV-lərin siyasi oriyentasiyası bir-birindən fərqlənsə də, çoxsaylı jurnalistlər ordusu yüksək peşəkarlıqla qələmə aldıqları yazılarında bir qayda olaraq ümummilli mövqedən çıxış edirlər. Milli media təmsilçilərimizin erməni lobbisinin təbliğat maşınına qarşı mübarizədə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında rolu əvəzsizdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin fəaliyyətini yüksək qiymətləndirib: “Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 478 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31