Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vətəndaş cəmiyyətinin pandemiya sınağı

Vətəndaş cəmiyyətinin pandemiya sınağı

09.06.2020 [08:55]

Elməddin Behbud
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
ictimaiyyətlə əlaqələr
bölməsinin rəhbəri

Dünyanı bürüyən yeni növ koronavirus (COVID-19) infeksiyası təhlükəsi bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da tamamilə yeni situasiya yaratdı. Belə ki, 2019-cu ilin dekabr ayında Çinin Hubey əyalətinin Uhan şəhərində ortaya çıxan yeni növ koronavirus qısa müddətdə bütün dünyanı lərzəyə salan “səssiz qatil”ə çevrildi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin martın 11-də pandemiya elan etdi.
Yeni növ koronavirusun qlobal təhdidə çevrilməyə başladığı ilk vaxtdan etibarən Prezident İlham Əliyevin qıbul etdiyi qərarlar, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqları və göstərişləri əsasında atılan ardıcıl, məqsədyönlü addımlar sayəsində bu xəstəliyin ölkəmizdə geniş yayılmasının və kütləvi insan itkisinə səbəb olmasının qarşısı alındı. Dövlət və ictimai qurumların, özəl sektorun, cəmiyyətin bütün təbəqələrinin koronavirusa qarşı mübarizədə qısa müddət ərzində səfərbər olunması, milli həmrəyliyin daha da gücləndirilməsi Ümummili Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi dövlətimizin sağlam siyasi, iqtisadi və mənəvi dayaqlar üzərində bərqərar olduğunu bir daha sübut etdi.
Qeyd edək ki, Azərbaycan bu məsələdə vətəndaşların sağlamlığının qorunması, xəstələrin müalicəsinin yüksək şəkildə və peşəkar səviyyədə təmin edilməsi, habelə COVID-19 infeksiyası ilə mübarizədə zəruri olan tibbi avadanlığın, dərman preparatlarının və digər qoruyucu vasitələrin təcili şəkildə alınıb ölkəyə gətirilməsi, qısa müddət ərzində yeni tibb və istehsal müəssisələrinin yaradılması ilə digər ölkələrdən fərqləndi.
Koronavirusla mübarizədə Azərbaycan modelinin effektivliyi statistikada da aydın şəkildə əksini tapır. Beynəlxalq hesabatlara görə, istər əhalisinin sayı 10 milyon civarında olan ölkələrdə, istər Azərbaycanla qonşu dövlətlərdə, istərsə də bütün dünyada əhalinin hər 1 milyon nəfərinə düşən xəstə və ölənlərin sayına görə Azərbaycan ən sonuncu yerlərdən birini tutur. Bu göstərici, əlbəttə ki, cənab Prezidentin pandemiyaya qarşı mübarizə üzrə qəbul etdiyi çevik, konseptual və uzaqgörən qərarların nəticəsində əldə olunub.
Məhz bu səbəblərdən çoxsaylı yerli və beynəlxalq ekspertlər xəstəliklə mübarizədə Azərbaycanın atdığı məqsədyönlü addımları, əldə olunan nəticəni nümunə göstərirlər. ÜST Baş direktoru Tedros Qebreyesus Prezident İlham Əliyevə ünvanladığı məktubda ölkəmizdə COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycanın yürütdüyü siyasətin və atılan addımların təqdirəlayiq olduğunu bildirib.
Azərbaycan, həmçinin koronavirus pandemiyasına qarşı uğurlu mübarizə modeli yaratmaqla yanaşı, dünya ölkələri ilə həmrəyliyini də müxtəlif formalarda ifadə edib. Ölkəmiz koronavirusla mübarizə məqsədilə ÜST-ə maliyyə dəstəyi göstərib, eyni zamanda bir sıra ölkələrə də maddi yardım edib.
Sözsüz ki, dövlətimizin bütün resurslarını bu dəhşətli pandemiya ilə mübarizəyə yönəltdiyi bir dövrdə vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşür. Fəaliyyəti cəmiyyət həyatının bütün sahələrini əhatə edən qeyri-hökumət təşkilatları (QHT) qəfil qarşılaşdığımız koronavirusa qarşı mübarizədə öz işini fəal və effektiv şəkildə qurması ilə diqqəti çəkib. Koronavirus pandemiyası ilə mübarizədə dövlət qurumları və özəl sektorla yanaşı, ictimai təşkilatlar da ön sıralarda yer alıb.
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövlət başçısının tapşırıqlarına uyğun olaraq QHT-lərə çağırış edərək onları koronavirusla bağlı hökumətin müəyyən etdiyi qaydada bütün kütləvi görüşləri və öncədən planlaşdırdıqları tədbirləri təxirə salmağa, tətbiq olunan məhdudiyyətlərin icrasına ictimai nəzarəti gücləndirməyə çağırıb.
Martın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şura üzvlərinin və Katibliyin əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək haqqında qərar qəbul etdiklərini bildirərək bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb. İndiyədək 100-dək QHT Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 manatdan 100 min manatadək dəyişən müxtəlif məbləğlərdə ianə köçürüb. Bu proses hazırda da davam etməkdədir.
Şura martın 27-dən etibarən “Real TV” ilə birlikdə “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və maarifləndirmə kampaniyasına başlayıb. Bu kampaniyaya qoşulan QHT-lər “Real TV” ilə birlikdə kampaniya çərçivəsində 19 gün ardıcıl olaraq Bakı şəhərinin və Abşeron rayonunun müxtəlif ərazilərində aparılan maarifləndirmə və monitorinqdə iştirak edib. Monitorinqin nəticələri barədə məlumatlar televiziya kanalı və saytlar vasitəsilə ictimaiyyətə, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilib.
Şura martın 28-də ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün 2020-ci ilin qrant müsabiqəsinin qalibi olan QHT-lərə və birgə qrant müsabiqəsi keçirdiyi qurumlara müraciət edib.
Şura aprelin 2-də koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsi və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirib. Şuranın tərəfdaşı olan bir neçə dövlət qurumunun rəsmisi və 400-ə yaxın QHT rəhbərinin iştirak etdiyi onlayn konfransda Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində ölkəmizdə pandemiya əleyhinə mühüm işlər görüldüyü, dövlətin koronavirusla mübarizə sahəsindəki fəaliyyətinə QHT-lərin də yaxından dəstək verdiyi vurğulanıb. Toplantıda QHT-lərin koronavirusla mübarizə sahəsindəki fəaliyyətinin effektivliyini artırmaq və koordinasiyanı gücləndirmək üçün QHT-lərin İctimai Qərargahının yaradılması barədə qərar qəbul olunub. Konfransda irəli sürülən bütün təkliflərin ümumiləşdirilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunması qərara alınıb. Konfrans iştirakçıları ölkəmizdə koronovirusla mübarizədə görülən təsirli tədbirlərə görə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Şuranın aprelin 4-də keçirilən onlayn iclasında “QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nın iştirakçılarının irəli sürdüyü təkliflərin icraya yönləndirilməsi haqqında qərar qəbul edilib. Şura koronavirusla effektiv mübarizədə ictimai sektorun potensialını tam səfərbər məqsədi ilə İctimai Qərargah yaradıb.
İctimai Qərargah ötən iki ay ərzində mütəmadi olaraq onlayn iclaslar keçirərək regionlardakı vəziyyət barədə QHT-lərin məlumatlarını dinləyib, görülən işləri və irəli sürülən təklifləri müzakirə edib və müvafiq qərarlar qəbul edib.
Şura aprelin 7-dən etibarən “Real TV” ilə birlikdə “Evdə qalaq, bilgi alaq” adlı onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başlayıb. Kampaniya çərçivəsində indiyədək QHT rəhbərlərinin və tanınmış şəxslərin iştirakı ilə Şuranın rəsmi “Facebbook” səhifəsində canlı yayımda müxtəlif mövzularda ictimai müzakirələr təşkil olunub. İndiyədək QHT rəhbərlərinin, tanınmış ekspertlərin iştirakı ilə “Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı məlumatlandırma”, “Koronavirusla bağlı tibbi maarifləndirmə”, “Koronavirusun dünya düzəninin dəyişməsinə təsiri”, “4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar”, “Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş”, “Mədəniyyət və incəsənət xadimləri ilə görüş” mövzularında ictimai müzakirələr təşkil edilib.
Adıçəkilən kampaniya çərçivəsində, həmçinin mayın 1-də ABŞ, Polşa, İtaliya, Fransa və digər dövlətlərin vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin iştirakı ilə “Koronavirusla mübarizə mədəniyyəti: Kim? Harada? Necə?” mövzusunda beynəlxalq videokonfrans keçirilib.
Aprelin 8-də Şura tərəfindən koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün dövlətin həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin göstərilməsi məqsədilə QHT üzvlərinin könüllü şəkildə iştirak etmək imkanlarının öyrənilməsi məqsədi ilə onlayn sorğuya start verilib. Dörd mövzu üzrə keçirilən sorğuda tibbi maarifləndirmə və tibbi ləvazimatların paylanması ilə bağlı 43, tibbi xidmət sahəsində dəstəyin göstərilməsi ilə bağlı 3, psixoloji xidmət sahəsində dəstəyin göstərilməsi ilə bağlı 18, ahıl və tənha insanlara xidmətlərin göstərilməsi istiqamətində isə 36 QHT nümayəndəsi könüllü olaraq iştirak etmək istədiyini bildirib. Beləliklə, 100-dən çox QHT nümayəndəsi könüllü olaraq koronavirusla mübarizədə mütəxəssis kimi iştirak etmək üçün qeydiyyatdan keçib. Sorğunun nəticəsi Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargaha təqdim olunub.
Qısa müddət bundan öncə təsis olunmasına baxmayaraq, Şuranın yanında fəaliyyət göstərən “SƏLİS Könüllülər” Birliyinin üzvləri də Prezident İlham Əliyevin çağırışına uyğun olaraq əhalinin həssas təbəqəsindən olan şəxslərə, xüsusi ilə yaşı 65-dan yuxarı insanlara ərzaq yardımlarının paylanması işində, habelə ictimai məlumatlandırma kampaniyalarında fəal iştirak ediblər.
Aprelin 10-da Şura sədri, Milli Məclisin deputatı Azay Quliyevin mərkəzi icra hakimiyyəti orqanlarının yanında fəaliyyət göstərən İctimai Şuraların rəhbərləri və üzvləri ilə onlayn görüşü keçirilib. Tədbirdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi çevik və təsirli tədbirlərin sayəsində Azərbaycanın COVID-19 pandemiyasına qarşı effektiv mübarizə apardığı və vəziyyətin tamamilə nəzarət altında olduğu bildirilib.
Görüşdə İctimai Şuraların fəaliyyətinin koordinasiyasının təşkili, növbəti görüşə regionlarda və universitetlərdə fəaliyyət göstərən İctimai Şuraların da dəvət edilməsi, sosial yardımların monitorinqi, sosial şəbəkələrdə məqsədli şəkildə yayılan, dövlətin sosial siyasətinin gözdən salınmasına yönələn saxta məlumatlara qarşı aktiv şəkildə münasibətin bildirilməsi, istilik sistemlərinin fəaliyyətinin mayın 1-dək uzadılması, dövlət qurumlarınin yaratdığı İctimai Şuraların qarşılıqlı effektiv şəkildə fəaliyyətinin təmin edilməsi üçün “İctimai İştirakçılıq haqqında” Qanuna müvafiq əlavələrin də edilməsi və s. kimi müxtəlif təkliflər səsləndirilib. 11 mərkəzi icra hakimiyyəti orqanının - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində olan KOBİA, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən İctimai Şura sədrləri və üzvlərinin iştirak etdiyi toplantıda COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılmasında İctimai Şuraların rolu geniş müzakirə edilib.
İclasda vurğulanıb ki, cəmiyyətin aparıcı institutlarından biri kimi QHT-lər yaşlı vətəndaşlara sosial xidmətlərin göstərilməsindən, vətəndaşların karantin rejimi ilə bağlı maarifləndirilməsinə qədər bütün sahələrdə göstərdiyi fəaliyyətini daha da gücləndirməlidir.
İctimai Şuraların üzvləri ilə keçirilən görüşdə irəli sürülən bütün təkliflər Şura tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunub. Aprelin 15-də onlardan biri ilə bağlı (istilik sistemlərinin fəaliyyətinin mayın 1-dək uzadılması) hökumət müsbət qərar verib. Qərara görə istilik mövsümünün müddəti aprelin 25-ə qədər uzadılıb.
Aprelin 14-də Şuranın “qhtxeber.az” saytı yardıma ehtiyacı olan vətəndaşların aşkarlanması, bunla bağlı məlumatların vahid bazaya toplanması və cəmiyyətin imkanlı təbəqələrinə müraciət etməklə həmin şəxslərə dəstək kampaniyası keçirməyə başlayıb.
Şura aprelin 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında iştirak üçün müraciət edib. Şura sədri, Katiblik əməkdaşları ilə yanaşı, QHT nümayəndələri də qanvermə aksiyasında iştirak ediblər.
Qeyd etmək yerinə düşər ki, COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi elan olunan ilk günlərdən etibarən QHT-lər dövlət başçısının çağırışına qoşularaq əhalinin həssas təbəqəsindən olan aztəminatlı ailələrə yardımlar göstərməyə başlayıb. 90 QHT bu prosesdə aktiv iştirakı ilə seçilib, 9 QHT bu yardımları Şuranın maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində, 81 təşkilat isə könüllü qaydada və öz hesabına həyata keçirib. Vətəndaşlara öz imkanı hesabına kömək edən QHT-lər 4000 ailəyə ərzaq, 6748 nəfərə tibbi ləvazimat və dərman, 5 nəfərə əlil arabası, 119 nəfərə isə müxtəlif növ maliyyə yardımı edib.
Xüsusilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin paytaxtda və ölkənin bütün regionlarında həssas təbəqədən olan on minlərlə ailəyə yardım etməsi vətəndaş həmrəyliyinin gücləndirilməsinə çox böyük töhfə verib.
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü və Mətbuat Şurasının yaxından iştirakı ilə koronavirus pandemiyası ilə mübarizədə QHT-media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans keçirilib. Konfransda Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin tanınmış media qurumları və QHT rəhbərləri iştirak edib. 270 nəfər QHT və media nümayəndəsinin iştirak etdiyi konfransda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Pandemiya ilə mübarizədə QHT sektorunun rolu və üzərinə düşən vəzifələr” və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Pandemiya ilə mübarizədə medianın üzərinə düşən vəzifələr və mövcud durum” mövzusunda məruzə ilə çıxış edib.
Konfransın yekununda dövlət başçısına müraciət qəbul olunub. Müraciətdə ölkənin yüzlərlə QHT və media nümayəndəsi Prezidentin rəhbərliyi ilə koronavirus (COVID-19) infeksiyanın qarşısının alınması üçün atılan addımların nəticəsində xalqımızın bu böyük bəladan tezliklə xilas olacağına inam ifadə olunub. Konfrans iştirakçıları, həmçinin dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəklədiklərini, ölkəmizin daha da qüdrətlənməsi və inkişafı üçün bundan sonra da var gücü ilə çalışacaqlarını bildiriblər.
Şura sədrinin təşəbbüsü ilə ümummilli məsələlərlə bağlı fikir və təkliflərinin öyrənilməsi, xüsusilə ictimai rəyə təsir imkanı olan tanınmış QHT rəhbərlərinin fəaliyyətinin koordinasiya olunması məqsədilə QHT sektorunda çalışan mütəxəssislərdən ibarət “İctimai liderlər” adlı qrup yaradılıb. “İctimai liderlər” qrupunun aprelin 20-də keçirilən onlayn iclasında birgə fəaliyyətin təşkili, pandemiya ilə mübarizədə mövcud vəziyyətin qiymətləndirilməsi, mümkün risklər və onların qarşısının alınması istiqamətində fəaliyyət mexanizmləri geniş müzakirə edilib.
Şura koronavirusa qarşı mübarizə sahəsində ölkədaxili fəaliyyətlərlə yanaşı, Beynəlxalq xeyriyyə aksiyasında da iştirak edib. Aprelin 29-da Rusiyanın “Rus Velikaya” Beynəlxalq Fondunun keçirdiyi immunitet estafetini Şuranın koordinatorluğu ilə Azərbaycan QHT-ləri öz üzərinə götürüb. Bundan sonra Rusiyanın müxtəlif tanınmış saytlarında ölkəmizin QHT-lərinin keçirdiyi yardım kampaniyası haqqında məlumat yayımlanıb. Bu xeyriyyə kampaniyası çərçivəsində Azərbaycanın müxtəlif ərazilərində yaşayan 100-ə qədər yaşlı vətəndaşımıza ərzaq yardımları göstərilib.
Mayın 6-da Şura “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda videokonfrans keçirib. Konfransda 300-dən çox QHT sədri, həmçinin bir sıra media qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda vurğulanıb ki, dövlət qurumlarında neqativ halların öncədən qarşısının alınması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın tam təmin edilməsi üçün vətəndaş cəmiyyəti institutları daha fəal olmalı və bu məqsədlə ictimai nəzarəti gücləndirməlidir. Tədbirdə Prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı genişmiqyaslı mübarizə tədbirlərində ictimai sektorun dövlət başçısını birmənalı və qətiyyətlə dəstəklədiyi bildirilib.
Videokonfransda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov “Ölkədə aparılan sosial-iqtisadi islahatlara QHT-lərin dəstəyi”, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “İctimai nəzarət və etik standartlara riayət olunması”, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov “Yeni dövrün çağırışları və vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış edib. Tədbirdə məlumat verilib ki, Şura ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə layihəsi kimi həftəlik “İctimai nəzarət” adlı televiziya verilişinin hazırlanması haqqında telekanal rəhbərliyi ilə razılıq əldə olunub.
Videokonfransda ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını alınmasına, 200 min ailəyə ərzaq yardımının edilməsinə, qana ehtiyacı olan xəstələr üçün geniş qanvermə aksiyasının təşkilinə və ümumilli həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya QHT sektoru adından təşəkkür məktubu ünvanlanıb.
Mayın 7-də Şuranın 2020-ci ildə birgə qrant müsabiqəsi keçirdiyi 26 dövlət orqanı və digər qurumların nümayəndələrinin, eləcə də Şura Katibliyinin əməkdaşlarının iştirakı ilə onlayn müzakirə keçirilib. Müzakirədə cari ilin mart ayının 6-da birgə qrant müsabiqələri çərçivəsində qalib olan layihələrin növbəti dövrlərdə icra vəziyyəti geniş müzakirə olunub.
Şura hökumətin sosial sahədə həyata keçirdiyi ardıcıl və qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını və dəstəyini təmin etmək məqsədilə tərəfdaş olduğu dövlət orqanları və digər qurumlarla birgə həyata keçirdiyi qrant müsabiqələrinin qalibi olan bir sıra QHT layihələrinin mövzularının və fəaliyyət planının razılıq əsasında dəyişdirilərək ehtiyacı olan vətəndaşlarımıza müxtəlif növ birdəfəlik yardımların göstərilməsinə yönəltməyi təklif edib. Dövlət qurumlarının nümayəndələri Şuranın bu təklifini dəstəklədiklərini bildiriblər. Müxtəlif mövzularda təlim, seminar və çoxlu sayda vətəndaşları cəlb etməklə keçirilməsi nəzərdə tutulan digər kütləvi tədbirlərin təşkilini özündə əks etdirən layihələrin siyahısının hazırlanması və həmin layihələri müvafiq dövlət qurumları ilə razılaşdırılması barədə Şura Katibliyinə müvafiq tapşırıqlar verilib.
Şura 2020-ci ildə maliyyələşməsi barədə qərar qəbul etdiyi 429 layihədən 314-nün mövzusunun dəyişdirilərək sosial cəhətdən dəstəyə ehtiyacı olan vətəndaşlarımıza müxtəlif növ birdəfəlik yardımların göstərilməsinə yönəldilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət edib.
Mayın 13-də Şuranın “Real TV” ilə birgə təşkil etdiyi “Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda yerli və xarici vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə videokonfrans keçirilib. Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya, Yunanıstan, Fransa QHT rəhbərlərinin iştirak etdiyi videokonfransda yeni növ koronavirusun yaratdığı fəsadlar, dünya ölkələrinin bu pandemiyaya qarşı birgə mübarizəsi, həmrəyliyin daha da artırılması ilə bağlı çıxışlar dinlənilib və müzakirələr aparılıb.
Ötən müddət ərzində Bakı ilə yanaşı, Mingəçevir, Şirvan, Şəmkir, Qəbələ və Qubada fəaliyyət göstərən QHT-lərin regional resurs və təlim mərkəzləri də dövlət qurumları, ictimai və özəl sektorla əlaqəli şəkildə çalışaraq vətəndaşların koronavirus təhlükəsindən xilas olması üçün aktiv fəaliyyət göstərib.
Mart ayından etibarən Şuranın təşkilatçılığı ilə həyata keçirilən fəaliyyətin bu qısa xronologiyası bir daha göstərir ki, qeyri-hökumət təşkilatları ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizəyə başlanan gündən bütün sahələrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə birmənalı və fəal şəkildə dəstək verir. Şuranın koordinatorluğu ilə sosial şəbəkələrdə, televiziya kanallarında, qəzetlərdə, saytlarda, həmçinin küçə və parklarda karantin rejiminə əməl olunmasının vacibliyi və koronavirusun yaratdığı təhlükə barədə maarifləndirmə işləri aparılmasından tutmuş həssas təbəqədən olan vətəndaşlara ərzaq yardımlarının göstərilməsinə qədər, bütün sahələrdə davamlı və uğurlu fəaliyyət göstərən QHT-ləri bu prosesin əsas ictimai aktorlarından biri hesab etmək olar.
COVID-19 pandemiyasının insanlar üçün yaratdığı təhlükənin başa çatacağı yekun tarix bəlli olmadığına görə ümummili problemlərin həlli ilə bağlı cəmiyyətdə həmrəyliyin daha da gücləndirilməsi, vətəndaşların dövlətin gördüyü tədbirlərə dəstək verməsi aktual olaraq qalmaqdadır. İnanırıq ki, cəmiyyətin başlıca ictimai institutlarından olan QHT-lər bu prosesə bundan sonra da töhfə verməkdə davam edəcəklər. Bu işdə ictimai institutlar da daxil olmaqla bütün qurumlar və vətəndaşlar üçün Prezident İlham Əliyevin martın 24-də Azərbaycan Televiziyasına müsahibəsində söylədiyi konseptual fikirlər mükəmməl yol xəritəsi mahiyyəti daşıyır: “Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük”.

Paylaş:
Baxılıb: 364 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31