Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sosial məsuliyyət COVID-19-a qarşı mübarizənin səmərəliliyini təmin edən mühüm amildir

Sosial məsuliyyət COVID-19-a qarşı mübarizənin səmərəliliyini təmin edən mühüm amildir

31.10.2020 [08:24]

Mütəxəssislər hesab edirlər ki, hər bir şəxs öz sağlamlığını qorumaqla cəmiyyətimizə, dövlətimizə və ordumuza kömək etmiş olacaq

Məlum olduğu kimi, hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır. Bir çox ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Azərbaycanda da COVID-19-a yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq artır, sanitar-epidemioloji durum pisləşir. Pandemiyanın qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Eyni zamanda, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış dayandırılıb. Ekspertlər vətəndaşları vəziyyətin ciddiliyini nəzərə almağa və mövcud qaydalara əməl etməyə çağırırlar.

Məsələ ilə bağlı “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Pərvanə Vəliyeva bildirib ki, ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün çox ciddi tədbirlər həyata keçirilsə, hətta karantin rejimi tətbiq edilsə də, insanlar qaydalara lazımı qədər əməl etmirlər: “Çox təəssüf ki, insanlarımız mütəxəssislərin çağırışlarına ciddi əhəmiyyət vermirlər. Onlar sanki gündən-günə artan statistikanı real olaraq qəbul etmirlər. Əgər biz bugünkü ciddi vəziyyəti real olaraq qəbul edə bilmiriksə, daha ağır nəticələrlə üzləşə bilərik”.

P.Vəliyeva qeyd edib ki, Azərbaycanda oktyabrın 29-da yoluxma sayı 1015 olub. Bu, ölkəmizdə pandemiya dövründə qeydə alınan ən yüksək rəqəmdir. Yoluxma sayı ilə sağalma sayı arasında düz mütənasiblik yoxdur. Virusa yoluxanların sayı sağalanların sayını dəfələrlə üstələyir ki, bu da çox pis haldır. Mütəxəssis vətəndaşlara tövsiyə edib ki, əgər özlərində soyuqdəymə, qrip simptomları hiss edərlərsə, evdən çıxmasınlar, özlərini ailə üzvlərindən müəyyən qədər təcrid etməyə çalışsınlar: “Əgər günlərlə düşməyən hərarət müşahidə edərlərsə, dərhal koronavirusa görə testdən keçsinlər və lazımı tədbirləri vaxtında görsünlər. Erkən aşkarlanma ilə siz xəstəliyin kritik fazaya keçməsinin qarşısını ala və yaxınlarınızın həyatını xilas edə bilərsiniz. Hal-hazırda müharibə şəraitindəyik və ölkədə hərbi vəziyyət rejimi davam edir. Lakin pandemiya ilə mübarizə də davam edir və peyvənd tətbiq edilənədək, onun qarşısını, yalnız özümüz almalıyıq, bu məsələdə sosial məsuliyyətimizi anlamalıyıq. Çətin dövrdə dövlətimizə, ordumuza, o cümlədən tibb işçilərimizə dəstək olmalıyıq. Cəbhədə yaralı hərbçilərimizə də tibbi qayğı ehtiyacdır, özümüzü koronavirusa yoluxmadan qoruyaq ki, həkimlərimizin iş yükünü də artırmayaq”.

“Ümumiyyətlə, havaların soyuması COVID-19-un və digər mövsümi xəstəliklərin aktivləşməsinə şərait yaradır. Çünki havaların soyuması nəticəsində immun sistemi zəifləyir, vətəndaşlar qapalı şəraitdə daha çox vaxt keçirirlər, otaqlar gec-gec havalandırılır ki, bu da həm infeksion xəstəliklərin, həm də hazırda dünyada tüğyan edən SARS-COV-2-nin artmasına səbəb olur. Yoluxma saylarının artımı gözlənilən olsa da, düşündüyümüzdən də artıq oldu. Burada vətəndaşların məsuliyyətsizliyi də rol oynadı. Mövsümi, xroniki xəstəliklərin aktivləşməsinin üzərinə COVID-19 da gələrsə, bu zaman xəstələrin sayının çox olması ehtimalı daha da artır”. Bu fikirləri isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva deyib.

Onun sözlərinə görə, hazırda ikiqat məsuliyyətli davranmaq, həmrəy olmaq dövrüdür: “Sağlamlığımızı qoruyaraq həkimlərə, dövlətimizə, ordumuza kömək etmiş olacağıq. İlk gündən bəri koronavirusa yoluxmanın qarşısını almaq üçün mütəxəssislərin dönə-dönə tövsiyə etdiyi qaydalar dəyişilməzdir. Həm özümüz əməl etməliyik, həm də ətrafımızdakıların əməl etməsinə səbəb olmalıyıq. İctimai qınaq yaratmalıyıq. Maska düzgün istifadə olunmalı, əllər su ilə 20 saniyə yuyulmalı, sosial məsafə gözlənilməlidir. İlk simptomlar hiss edildikdə sahə həkimlərinə müraciət olunmalıdır. Bununla həm özümüzü qoruyuruq, həm də ordumuza, həkimlərimizə kömək edirik. Kütləvi toplanma məkanlarında, ictimai nəqliyyatdan istifadə edərkən mütləq maska taxılmalıdır, həmin məkanı tərk edəndən, avtobusdan düşəndən sonra imkan varsa, əllər yuyulmalıdır və ya dezinfeksiya olunmalıdır. Maska düzgün taxılmalı, ağız və burun boşluğunu tam tutmalıdır. Onu günlərlə istifadə etmək düzgün deyil, mütləq yenisi ilə əvəzlənməlidir. Maskanı cibdə gəzdirmək, büküb əldə saxlamaq onun qoruyuculuğunu azaldır. Ünsiyyətdə olarkən hər iki tərəfin maskada olması yoluxma ehtimalının cəmi 1 faiz və ondan az olmasına səbəb olur. Bu, böyük rəqəmdir”.

“Hazırda koronavirusa yoluxmuş xəstələrin bir qismi xəstəxanalara daha ağır formada gəlirlər. Bunun bir çox səbəbləri var. Mövsümlə əlaqədar kəskin respirator virus infeksiyaları artdığından və onun COVID-lə ümumi əlamətləri olduğundan bu, vətəndaşları çaşdırır. Onlar əlamətləri hiss etdikdə koronavirus olmadığını düşünür və həmin virusa yoluxmadıqlarını əminliklə dilə gətirirlər. Nəticədə xəstəxanaya müraciəti gecikdirirlər. Həmin şəxslər yüngül qrip olduqlarını deyirlər. Baxmayaraq ki, qrip də yetəri qədər ciddi xəstəlikdir, insanlar onu yüngül zökəmlə qarışıq salırlar. Bir xəstəliyin ağırlaşması üçün müəyyən müddət lazımdır. Yoluxduqdan sonra 14 gün xəstəliyin inkubasion, yəni səssiz dövrüdür. 5-7 gün ərzində ilkin əlamətlər ortaya çıxır. İlkin əlamətlər yüngül simptomlardır - baş, əzələ ağrıları, yorğunluqdur. Daha sonra öskürək, temperatur yaranır. Artıq bu əlamətlər vətəndaşları şübhələndirməli və sahə həkiminə müraciət etməlidirlər. Müraciəti gecikdirəndə və orqanizmin immun vəziyyəti onunla bacara bilməyəndə vəziyyət ağırlaşır. Nəticədə pnevmoniya ortaya çıxır, o da ağırlaşarsa, tənəffüs çatışmazlığı yaranır. Tənəffüs çatışmazlığı ciddi bir reanimasion diaqnozdur. Xəstə gec müraciət etdikdə onun həyatını xilas etmək daha da çətinləşir, ya uzunmüddətli müalicəyə ehtiyac yaranır, ya da görülən tədbirlər nəticəsiz qalır. Əhaliyə məsləhət görürəm ki, xəstəliyə yüngül baxmasınlar, ciddi yanaşsınlar, həkim məsləhəti olmadan özbaşına, kimsənin sözü ilə və ya başqa bir xəstənin qəbul etdiyi dərman preparatlarını qəbul etməsinlər. Əlamətlər olduqda onun qrip, zökəm, koronavirus olduğunu həkim müəyyənləşdirməlidir. Bu səbəbdən sahə həkiminə müraciət etmək tövsiyə olunur. Bu zaman həmin şəxs nəzarətə götürülür, əgər vəziyyəti xəstəxanaya yerləşdirilməyi tələb edirsə, tibb müəssisəsinə yerləşdirilir. Bununla yanaşı, hər kəsə karantin rejiminin qaydalarına əməl etməyi, tövsiyələrə məsuliyyətlə yanaşmağı məsləhət görürəm”, - deyə G.Əliyeva bildirib.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31