Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gələcək nəsillər Zəfər tariximizi qürurla öyrənəcəklər

Gələcək nəsillər Zəfər tariximizi qürurla öyrənəcəklər

20.11.2020 [09:53]

Ekspertlərin fikrincə, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi
Sentyabrın 27-dən başlanan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Vurğulanmalıdır ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev istər hərb meydanında müzəffər sərkərdə, istərsə də diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, öz xalqı ilə vəhdətdə olan LİDER kimi mübarizlik rəmzinə çevrildi. Ən əsası isə noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayonun - Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz və deməli qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə Zəfər həftəsi kimi həkk olundu.
Bununla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsində hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı. Bu müddət ərzində Ermənistan ordusu haqqında ermənilərin özlərinin yaratdıqları “məğlubedilməzlik” mifi darmadağın oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Millət vəkili vurğulayıb ki, bu müddət ərzində Azərbaycan xalqı öz Liderinin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev informasiya müharibəsində də Azərbaycanın haqq səsi oldu: “Vətən müharibəsində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Noyabrın 8-də Şuşanın işğaldan azad olunması, 9-da 70-dən artıq kəndin düşməndən təmizlənməsi, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın təslimçi bəyanata imza atması ilə Azərbaycan son əsrlərin ən böyük zəfərini əldə etdi. Belə ki, Şah İsmayıl və Nadir şahdan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Buna görə də Azərbaycan xalqının bu uğurları uzun illər, əsrlər boyu unudulmayacaq, gələcək nəsillər 2020-ci ilin Zəfər tarixini qürurla öyrənəcəklər. Yaşasın Azərbaycan! Var olsun dövlətimiz!”.
Milli Məclisin deputatı Cavid Osmanov da Azərbaycan dövlətinin 44 gün ərzində mümkün olmayanı bacardığını bildirib. Onun sözlərinə görə, bu Zəfərə, bu Qələbəyə görə məhz Azərbaycan Prezidentinə, Müzəffər Ali Baş Komandanımıza minnətdarıq. Zəfərimiz Prezident İlham Əliyevin 17 il ərzində həyata keçirdiyi düşünülmüş siyasət və güclü ordu quruculuğunun nəticəsidir: “Biz xalq olaraq çox xoşbəxtik. Xoşbəxtik ki, illərdir bizi narahat edən və incidən problemi həll edə bildik, özü də böyük üstünlüklə. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşdi və biz kimliyimizi dünyaya göstərdi. Ölkəmizdə siyasi statusundan, siyasi baxışlarından asılı olmayaraq hamı bir nəfər kimi Müzəffər Ali Baş Komandanın ətrafında cəm oldu. Döyüş meydanında əks-həmlə əməliyyatlarına rəhbərlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsində də ön sırada oldu. 44 gün ərzində dünyanın tanınmış və nüfuzlu informasiya agentliklərinə 30-dan çox müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı olan, haqq işimizə kölgə salamağa çalışanlara öz siyasi bacarığı ilə anındaca cavab verir, ölkəmiz haqqında feyk məlumatlar əsasında formalaşdırılan fikirləri öz tutarlı fakt və arqumentləri ilə alt-üst edirdi. Bir sözlə, Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə isə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu. Qələbəmiz tarixidir və bu qələbə gələcək inkişafımızda yeni bir mərhələnin başlanğıcına çevriləcək”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 727 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31