Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ziyalılarımızı qorumağı bacaraq!

Ziyalılarımızı qorumağı bacaraq!

24.11.2020 [08:58]

Bütün Azərbaycan xalqını döyüş meydanında əldə etdiyimiz parlaq qələbə münasibətilə təbrik edir və bildiririk ki, ikinci Qarabağ savaşı - Vətən müharibəsi dövründə Bakı Biznes Universiteti olaraq biz bütün fəaliyyətimizlə “Hər şey cəbhə üçün, hər şey Vətən üçün!” devizi altında professor-müəllim heyəti, əməkdaşlarımız və tələbə kontingenti ilə Müzəffər Ali Baş Komandanımız, yenilməz Sərkərdəmiz, möhtərəm Prezidentimiz İlham Əliyevin yanında olmağı müqəddəs vətəndaşlıq borcu hesab etmişik. Lakin gördüyümüz işləri reklam etməyi özümüzə layiq bilməmişik. Amma son 2-3 gün ərzində bəzi saytlar və sosial şəbəkələrdə ünvanımıza əsassız olaraq yağdırılan böhtanlar, təhqirlər və ittihamlara görə müharibə dövründə gördüyümüz işlər haqqında məlumat verməyə məcbur olduq. Hər şeydən öncə onu bildirmək istəyirik ki, beynəlxalq müstəvidə aparılan mübarizəyə dəstək məqsədilə ikinci Qarabağ savaşı həqiqətlərini dünyaya çatdırmaq üçün universitetimizin rektorunun şəxsi imzası ilə poçt xidmətinin dəyəri ümumilikdə 3729 manatlıq qəbzlə təsdiq olunan dünyanın top 250 universitetinin rektorlarına müraciət ünvanlanmışdır.
Müharibənin başlanmasının birinci həftəsində universitetin professor-müəllim heyətinin razılığı və Elmi Şuranın qərarı ilə başda rektor olmaqla oktyabr ayının əməkhaqqının 100 faizi, professor-müəllim heyətinin əməkhaqqının 50 faizi Silahlı Qüvvələrə Yardım Fonduna köçürülmüşdür.
Cəbhədə yaralanan əsgər və zabitlərə universitetin 297 nəfər əməkdaş və doktorantlardan ibarət ehtiyat qan fondu yaradılmış, onların sağlamlığının bərpa olunması üçün müvafiq təchizat tədbirləri görülmüş və görülən işlər barəsində aidiyyəti dövlət qurumlarına məlumat verilmişdir.
Hazırda gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılması məqsədilə cəbhədə vuruşan, döyüşlərdə iştirak etmiş tələbə, müəllim, məzunlardan ibarət xüsusi guşənin yaradılması üzərində iş aparılır.
Cəbhədə iştirak edən və yaralanan tələbələri təhsil haqqından azad etmək, onlara xüsusi təqaüdlər vermək, təhsildə müvafiq kömək göstərmək, şəhid olmuş tələbə-məzunlarımızın ailələrinə xüsusi maddi-mənəvi dəstək olmaq, əməkdaşlarımızı əməkhaqqının hesablanmasında xüsusi kateqoriyaya aid etmək və sosial məsələləri ilə məşğul olmaq, məzunlarımızın işlə təmin edilməsinə kömək göstərmək barədə qərarlar qəbul edilmişdir.
Son 2-3 gün ərzində sosial şəbəkələrdə müzakirə olunan məsələyə aydınlıq gətirmək üçün qeyd edirik ki, hazırda hərbi xidmətdə olan tələbəmiz Əsgərov Fərid Zaur oğlu 2020-ci ilin yanvar ayında təhsilini müvəqqəti dayandırmış və könüllü hərbi xidmətə getmişdir. Biz tələbəmizin bütün digər gənclər kimi qərarını alqışlayır və hərbi xidməti bitirdikdən sonra yuxarıda qeyd etdiyimiz kateqoriya üzrə ona da tərəfimizdən təhsilini uğurla başa vurması üçün lazımi kömək göstəriləcəkdir. Eyni zamanda, biz noyabrın 16-da Fərid Əsgərovun valideynləri ilə görüşdük və məlum oldu ki, valideynlərin mətbuatda gedən yazılardan bir o qədər də xəbərləri yoxdur. Onlar universitetə övladlarına təhsildə kömək üçün müraciət etmədiklərini bildirdilər. Bu məlumatlar hansısa üçüncü tərəfin marağına uyğun olaraq qeyri-rəsmi şəkildə mətbuata ötürülmüşdür. Bildirmək istəyirik ki, ölkəmizin indiki durumunda xalqın, cəmiyyətin həssas məqamlarından istifadə etməklə ziyalılarımızı ləkələmək, cəmiyyətdə çaşqınlıq və qarşıdurma yaratmaq, parçalamaq yalnız və yalnız düşmənin dəyirmanına su tökməkdir və dövlətimizin sütunlarını laxlatmaq cəhdidir.
Biz məlumatları dəqiqləşdirmədən, yoxlanılmadan bəzi saytlarda və sosial şəbəkələrdə universitetin və respublikamızda tanınmış ziyalı, tədqiqatçı-alim, professor İbad Abbasovun və ailəsinin ünvanına söylənilən böhtan, ittiham və təhqirləri qətiyyətlə rədd edirik. Əvvəla, yoxlanılmamış və dəqiqləşdirilməmiş informasiyanın mətbuata ötürülməsi kütləvi informasiya vasitələri haqqında Qanunun pozulması deməkdir. Biz onlara üzümüzü tutaraq deyirik ki, sizi hüquq müstəvisində çəkişməyə çağırmırıq, biz sizi vicdanınızın mühakiməsinə buraxırıq. Çünki sizinlə danışmağa vaxtımız yoxdur. Bizi daha ciddi və daha böyük işlər gözləyir. Bu gün müharibə döyüş meydanında qələbə ilə başa çatsa da, bizi yeni döyüş və mübarizələr gözləyir. Biz Vətənin müdafiəsində əldə etdiyimiz parlaq qələbə kimi azad etdiyimiz torpaqların qurulub yaradılmasında, beynəlxalq siyasətdə, diplomatiyada, iqtisadi inkişafda, elmdə, təhsildə də parlaq qələbələr əldə etməliyik. Bütün bu məsələlərdə ziyalılarımızın rolu inkaredilməzdir. Qardaş Türkiyədən ibrət götürməliyik, “hocam” deyəndə ayaqlarmızın altında yer titrəyir. Həmin hocaların hesabına qardaş Türkiyə hərbi tarixinin yeni səhifələrini yazır və dünyanın hərb-güc mərkəzinə çevrilmişdir.
Üzümüzü ölkə ictimaiyyətinə tutaraq deyirik: “Gəlin, Vətənimiz, dövlətimiz üçün bu həssas məqamda ziyalılarımızı, alimlərimizi, tədqiqatçılarımızı qorumağı bacaraq!”
Bakı Biznes Universitetinin
İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31