49 faiz lehinə...
31.08.2024 [08:40]
Makronun impiçment məsələsi gündəmdə
Belə görünür ki, Emmanuel Makron müxtəlif manipulyasiyalarla siyasi hakimiyyətinin ömrünü uzatmağa çalışsa da, buna nail ola bilməyəcək. Hər halda Fransa cəmiyyətinin hazırkı ovqatı, ölkədəki ağır sosial-iqtisadi durum və mövcud iqtidarın nüfuzunu yerlə bir edən siyasi proseslər, ələlxüsus da Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdəki məğlubiyyət belə qənaətə gəlməyə əsas verir. Xatırladaq ki, Makron Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunları ərəfəsində hakimiyyətinin legitimliyini əsaslandırmaq üçün beynəlxalq birliyə, ayrı-ayrı idman federasiyalarına müraciətlər ünvanladı, eyni zamanda, daxili auditoriyanı barışığa çağırdı.
Ancaq Makron və onun başına yığdığı dəstə Olimpiada bəhanəsi ilə yalnız bir neçə gün “İstefa”, “İmpiçment” ittihamlarından yayına bildilər. Siyasi çevrələr Olimpiadaya ev sahibliyinin məsuliyyətini anlayaraq və Fransanın beynəlxalq imici məsələsini nəzərə alaraq “Paris - 2024” günlərində hakimiyyətin istefası məsələsini təxirə saldılar. Artıq Olimpiada bitib və daha Makronun bəhanələrinə yer yoxdur. Beləliklə, Makronun impiçment məsələsi yenidən bütün ciddiliyi ilə Fransanın siyasi gündəliyinə gəlib. BFMTV-nin sifarişi ilə keçirilmiş sorğunun nəticələrinə görə, fransızların təxminən yarısı “Əyilməz Fransa” (LFİ) partiyasının Milli Assambleyada Prezident Emmanuel Makronun istefası ilə bağlı təklifinin tərəfdarı olduqlarını bildirib.
Daxili və xarici siyasətdə böhran
Əslində, bu gün Fransada yaşanan siyasi böhranı şətləndirən ən mühüm amil Makronun iki prezidentliyi dönəmində həyata keçirdiyi yarıtmaz daxili və xarici siyasətdir. Bu siyasət Fransanı böyük dərəcədə özünün tarixi ənənələrindən və bəyan etdiyi demokratiya, ədalət, qardaşlıq dəyərlərindən uzaqlaşdırıb. Makronun keçmiş müstəmləkə ölkələrində apardığı sümürmə siyasətində ifrata varması, daxildəki uğursuzluqlarını sərt müstəmləkə siyasəti ilə ört-basdır etməyə çalışması əks-effekt verir. Məhz onun prezidentliyi dönəmində Afrikada, dənizaşırı ərazilərdə Yelisey Sarayına qarşı kütləvi etirazlar başlayıb.
Eyni zamanda, bu gün açıq şəkildə etiraf olunur ki, Makron iqtidarının apardığı siyasət bir sıra hallarda Avropa İttifaqının (Aİ) maraqları ilə üst-üstə düşmür. Bunu elə Yelisey Sarayının Cənubi Qafqaz siyasətinin timsalında da izləmək mümkündür. Rəsmi Paris Makronun siyasi iradəsinə uyğun olaraq işğalçı Ermənistana hərtərəfli dəstək verir, hər zaman beynəlxalq hüquq normalarından çıxış edən Azərbaycana isə müxtəlif məzmunlu təzyiqlər göstərməyə çalışır. Aİ yalnız Fransadan ibarət deyil. Burada sağlam qüvvələr müqayisələr aparırlar. Azərbaycanın Aİ məkanı üçün önəmi getdikcə artır. Avropanın yeni enerji xəritəsi məhz respublikamızın iştirakı ilə formalaşır. Ermənistanın isə Avropa üçün önəmi sıfıra bərabərdir. Belə olan halda, Makron iqtidarı nəyə görə Azərbaycanla Ermənistan arasında fərq qoyur və bu ölkəyə səxavətlə vəsaitlər yönəldir? Məgər həmin pullara Fransanın özündə ehtiyac yoxdurmu?
Elə buradaca Fransanın daxili mənzərəsinə nəzər salaq. Ölkədə permanent qaydada pensiyaçıların tətilləri, fermerlərin “peyin inqilabı” baş verir. Eyni zamanda, beynəlxalq reytinq agentlikləri ölkəni gözləyən dərin iqtisadi böhran proqnozu veriblər. Bu günlərdə “Sarı jiletlilər” hərəkatı yeni tətillərin anonsunu etdi. Beləliklə, Yelisey Sarayının uzaq coğrafiyalarda digər ölkələr üçün cızdığı məkrli rəngli inqilablar dalğası Fransanın özünə də çatıb. Fransada Sarı Jiletlilər Hərəkatının əsası 2018-ci ildə qoyulub və sonradan digər qonşu ölkələrə yayılıb. Hərəkatın adı kommunal və bəzi digər xidmət işçilərinin geydikləri sarı rəngli uniformadan götürülüb. Bəhs olunan sektorlarda çalışanların işləri ağır, gəlirləri aşağıdır. Məhz bu kateqoriyadan olan insanlar Makronun “islahatları” səbəbindən yaşayışlarının çətinləşməsinə və dözülməz hala gəlməsinə etiraz əlaməti olaraq küçələrə axışdılar. Sonradan isə Makronun siyasətindən narazı qalan digər sektor təmsilçiləri də hansısa bir etiraza başlayanda əyinlərinə sarı jiletlər geyindilər. Beləliklə, deyə bilərik ki, “sarı jiletlilər” yeni Fransa inqilabının rəmzinə çevrilib.
Dünya son illərdə “sarı jiletlilərin” tez-tez Fransanı silkələdiklərinə və hakimiyyətə ciddi narahatlıqlar yaşatdıqlarına şahidlik edir. Məsələn, 2018-ci ildəki permanent etirazlardan sonra Makronun 2019-cu ilin gəlişi münasibətilə xalqa ünvanladığı müraciətdə ifadə etdiyi absurd, reallıqdan uzaq fikirlər “sarı jiletlilər” tərəfindən, necə deyərlər, top-tüfənglə qarşılandı. Həmin ərəfədə sosial şəbəkələr hərəkat üzvlərinin etiraz platformasına çevrildi.
Ötən il “sarı jiletlilər” Parisdə inflyasiyanın artmasına və yaşayışın bahalaşmasına qarşı dəfələrlə nümayişlərə çıxıblar. Nümayiş iştirakçılarından birinin sözlərinə görə, Fransada ölkənin yoxsul sakinləri üçün çox çətin vəziyyət hökm sürür. Onların müalicə almaq, elektrik enerjisi xərclərini ödəmək və keyfiyyətli ərzaq əldə etmək imkanları yoxdur.
Qeyd edək ki, oxşar iqtisadi problemlər 2018-ci ildə hərəkatın yaranmasına təkan vermişdi. Son illərin ən böyük üsyanlarından biri olan “sarı jiletlilər” hərəkəti yüksək yanacaq qiymətlərinə və əyalət yollarında sürət məhdudiyyətlərinə qarşı reaksiya idi. Etirazçıların şüarları tədricən hökumət əleyhinə şüarlara çevrildi - iqtisadi tələblər və yanacağın ucuzlaşması ilə yanaşı, fəallar prezident Makronun istefasını da tələb edirlər.
İki seçkidə “iki” qiymət alan Makron iqtidarı
Bütün bu kimi proseslər həm Avropa məkanında, həm də ölkə daxilində Makron iqtidarından narazılıqları artırıb. Bu da “İntibah” partiyasının timsalında makronistlərin əvvəlcə Avropa Parlamentinə, bunun ardınca isə Milli Assambleyaya keçirilən seçkilərdə “iki” qiyməti alaraq uduzmaları ilə nəticələndi. Bu seçkilərin rüsvayçı nəticələri makronistləri kritik dərəcədə ağır duruma salıb. Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində Makronun revanş cəhdi idi. Ancaq Makronun ikinci seçki cəhdi də uğursuz oldu. Belə ki, Milli Assambleyaya seçkilərin həm birinci, həm də ikinci turunda “İntibah” partiyası məğlubiyyət acısı yaşadı.
Hazırda analitiklər Makron üçün çətin hakimiyyət dövrünün başladığını, makronizm üçün sonun gəldiyini anons edirlər. Ümumiyyətlə, parlamentin yeni formalaşan tərkibi ilə onun ölkəni normal qaydada idarə edə biləcəyi mümkünsüz görünür. Qeyd edək ki, Fransa Milli Assambleyası 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat lazımdır. Son seçkilərdən sonra isə “İntibah” partiyası parlamentdə cəmi 168 yerə malikdir.
Respondentlər nə düşünürlər?
BFMTV-nin sifarişi ilə keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin 49 faizi təklifin tərəfdarı, 50 faizi isə əleyhinə olduğunu bildirib. Yeni Xalq Cəbhəsinə (NFP) səs verən fransalıların 64 faizi, Milli Birlik (RN) və onun müttəfiqlərinin seçicilərinin yarısı bu impiçment prosedurunun lehinə olduqlarını deyib. Sağçı və solçuların 74 faizi isə hesab edir ki, sözügedən təklif prezidentin istefasına səbəb olmayacaq.
Fransızların 52 faizi Yeni Xalq Cəbhəsi (NFP) qrupunun namizədi Lüsi Kastetsin baş nazir təyin edilməməsi qərarının demokratiyanın inkarı olmadığını, 47 faizi isə bunun əksini düşünür.
Parlament seçkilərindən yeddi həftədən çox vaxt keçməsinə baxmayaraq yeni hökumətin formalaşmamasına gəlincə, respondentlərin 63 faizi hesab edir ki, bunun üçün ilk növbədə Makron və onun komandası məsuliyyət daşıyır. Respondentlərin 27 faizi isə Yeni Xalq Cəbhəsinin (NFP) məsuliyyət daşıdığını bildirib.
Növbəti baş nazirə gəlincə, fransızların 41 faizi istefa verən Baş nazir Qabriel Attalın yenidən təyin olunmasını istəyir. İkinci yerdə Milli Birlik (RN) partiyasının sədri Jordan Bardella (38 faiz), 3-cü yerdə isə keçmiş baş nazir Bernard Kaznöv (28 faiz) gəlir.
Qeyd edək ki, avqustun 26-da Prezident Emmanuel Makron partiya liderləri və parlamentdəki fraksiyaların rəhbərləri ilə məsləhətləşmələrdən sonra NFP tərəfindən dəstəklənən hökumətin qurulmasını istisna edib. Makronu vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirən “Əyilməz Fransa” (La France insoumise) partiyası onu istefaya məcbur etmək üçün Konstitusiyanın 68-ci maddəsi ilə (vəzifə səlahiyyətlərini icra edə bilməmək) hədələyir.
Belə bir gərgin kontekstdə Emmanuel Makron Beşinci Respublika dövründə misli görünməmiş siyasi böhrandan çıxış üçün yeni məsləhətləşmələrə başlayıb. Bu məsləhətləşmələrin onun siyasi hakimiyyətini qoruyacağı isə mümkünsüz görünür?
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
MEDİA
13 Sentyabr 08:51

Ədəbiyyat
13 Sentyabr 08:28

Dünya
13 Sentyabr 08:23

Dünya
12 Sentyabr 23:39

İdman
12 Sentyabr 23:12

İqtisadiyyat
12 Sentyabr 22:57

Sosial
12 Sentyabr 22:26

Sosial
12 Sentyabr 21:45

Dünya
12 Sentyabr 21:30

Dünya
12 Sentyabr 21:19

Siyasət
12 Sentyabr 20:57

İdman
12 Sentyabr 20:42

Dünya
12 Sentyabr 20:14

Hadisə
12 Sentyabr 19:56

İqtisadiyyat
12 Sentyabr 19:25

Dünya
12 Sentyabr 18:23

COP29
12 Sentyabr 17:20

Sosial
12 Sentyabr 16:59

Sosial
12 Sentyabr 16:40

Mədəniyyət
12 Sentyabr 16:29

Sosial
12 Sentyabr 15:29

İqtisadiyyat
12 Sentyabr 13:28

YAP xəbərləri
12 Sentyabr 12:58

Dünya
12 Sentyabr 12:28

Gündəm
12 Sentyabr 12:27

Dünya
12 Sentyabr 12:27

Sosial
12 Sentyabr 12:23

Hadisə
12 Sentyabr 12:22

İqtisadiyyat
12 Sentyabr 12:21

İqtisadiyyat
12 Sentyabr 12:20

İqtisadiyyat
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:11

Mədəniyyət
12 Sentyabr 11:58

İqtisadiyyat
12 Sentyabr 11:46

Siyasət
12 Sentyabr 11:36

İqtisadiyyat
12 Sentyabr 11:21

İqtisadiyyat
12 Sentyabr 11:15

Sosial
12 Sentyabr 11:07

Analitik
12 Sentyabr 10:58

Siyasət
12 Sentyabr 10:44

Analitik
12 Sentyabr 10:29

Analitik
12 Sentyabr 10:16

Analitik
12 Sentyabr 09:50

Analitik
12 Sentyabr 09:35

Ədəbiyyat
12 Sentyabr 09:14

MEDİA
12 Sentyabr 08:59

Sosial
12 Sentyabr 08:32

Dünya
11 Sentyabr 23:30

Dünya
11 Sentyabr 23:14

İdman
11 Sentyabr 22:48

Dünya
11 Sentyabr 22:36

Sosial
11 Sentyabr 22:15

Elm
11 Sentyabr 21:49

Dünya
11 Sentyabr 21:26

İdman
11 Sentyabr 21:12

Dünya
11 Sentyabr 20:53

İqtisadiyyat
11 Sentyabr 20:21

Dünya
11 Sentyabr 20:06

Dünya
11 Sentyabr 19:45

İqtisadiyyat
11 Sentyabr 19:31

İqtisadiyyat
11 Sentyabr 19:17

Dünya
11 Sentyabr 18:25

Analitik
11 Sentyabr 17:32

Dünya
11 Sentyabr 17:26

Dünya
11 Sentyabr 17:10

YAP xəbərləri
11 Sentyabr 17:09

Siyasət
11 Sentyabr 17:08

İdman
11 Sentyabr 16:34

YAP xəbərləri
11 Sentyabr 16:11
