Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Azərbaycan Riqa sammitində uğurla təmsil olunub

Azərbaycan Riqa sammitində uğurla təmsil olunub

26.05.2015 [10:02]

Ölkəmiz milli maraqlarımızı əks etdirən bütün məsələlərdə prinsipiallıq nümayiş etdirib
Xəbər verildiyi kimi, Avropa İttifaqı (Aİ) Şurasında Latviyanın sədrliyi ilə Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı” (ŞT) sammiti - Aİ-yə üzv dövlətlərin və altı tərəfdaş dövlətin rəhbərləri səviyyəsində keçirilmiş yığıncaq mayın 22-də sammitin bəyannaməsinin təsdiq edilməsi ilə başa çatıb. Ümumiyyətlə, Azərbaycan bu sammitdə də uğurla təmsil olunub, ölkəmizin milli maraqlarını əks etdirən bütün məsələlərdə prinsipiallıq nümayiş etdirilib. Sammitin gedişatı və nəticələrinə uyğun olaraq qeyd edə bilərik ki, Azərbaycan üçün iki məsələ xüsusi əhəmiyyət kəsb edib. Birincisi, Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi, ikincisi isə, ölkəmiz üçün prinsipial məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konkret - beynəlxalq hüquq normalarına əsaslanan münasibətin ortaya qoyulması. Bu kontekstdə hər iki məsələyə ayrıca toxunmaq vacibdir.
İlk növbədə, sammitin bəyannaməsində Aİ-nin bir sıra ölkələrlə yanaşı, Azərbaycanla da daha sıx əməkdaşlığı nəzərdə tutulub. Latviyanın Baş naziri Laymdota Strauyuma qeyd edib ki, “Riqa sammiti Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələri ilə strateji əhəmiyyətə malik münasibətlər yaradılmasını davam etdirmək istədiyini və buna hazır olduğunu təsdiqləyib. Bəyannamədə enerji təhlükəsizliyinin təmin olunmasına və enerji təchizatı mənbələrinin şaxələndirilməsinə maraq göstərildiyi bildirilib. Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsində, Transanadolu və Transadriatik boru kəmərlərinin istismara verilməsində Azərbaycanın xüsusi rol oynadığı qeyd edilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov isə çıxışında diqqətə çatdırıb ki, “Şərq Tərəfdaşlığı” üzrə ötən Vilnüs sammiti tərəfdaşların Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığına stimul vermək məqsədilə hədəflər müəyyən etmişdi: “Bu məqsədə çatmaq istiqamətindəki iş daha geniş və güclü dialoqa çağıran yeni geosiyasi problemlərin təsirinə məruz qalıb. Azərbaycanın Aİ ilə münasibətlərin gücləndirilməsi istiqamətindəki siyasətinin mərkəzində praqmatiklik və hədəflənmiş yanaşma qalmaqdadır”.
Nazir onu da əlavə edib ki, enerji sahəsindəki müvəffəqiyyətli əməkdaşlıq həm Azərbaycan, həm də Aİ üçün ikitərəfli müqavilə münasibətlərini strateji səviyyəyə qaldırmaq potensialına malikdir: “Aİ-nin strateji tərəfdaş ölkələrinin sayının artması bu xüsusda ilham və stimul rolunu oynayır”.
Ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Məhz bu cür qarşılıqlı etimad mühiti və dərin əməkdaşlığın fonunda İttifaq Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət kursunu təqdir etməkdədir. Avropa İttifaqı hazırda Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu istiqamətdə müxtəlif sazişlər imzalanır, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılır. Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin mütəmadi inkişaf dinamikasına malik olmasını özündə əks etdirən başlıca göstəricilər məhz tərəflər arasındakı əlaqələrin ötən zaman kəsiyindəki dinamikasıdır. Yekun qənaət ondan ibarətdir ki, müstəqil daxili və xarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Avropa İttifaqı üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, tərəflər arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf edir və yeni keyfiyyət çalarları ilə zənginləşir. Nəticə etibarilə, ekspertlər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər. Perspektivdə isə yeni əməkdaşlıq platformalarının müəyyənləşdiriləcəyini və münasibətlərin əhatə dairəsinin daha da genişlənəcəyini söyləmək olar.
Bunlarla yanaşı, Azərbaycan sammitdə Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyini ifadə edib. Məlum olduğu kimi, “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqada keçirilən sammitində Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Azərbaycan aşkar olaraq diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu məsələ ilə bağlı qeyd edib ki, həll olunmamış münaqişələr “Şərq Tərəfdaşlığı”nda sülhə və əməkdaşlığa davamlı problemlər yaradır: “Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistanın işğalı altında qalmaqda davam etməsi regiondakı qeyri-stabilliyin əsas səbəbidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin əhəmiyyətini azaltmağa çalışaraq, onları yerinə yetirməkdən imtina edir. Azərbaycan ATƏT-in Minsk qrupunun Hərtərəfli Sülh Sazişinin işlənib hazırlanmasının başlanılmasına dair çağırışlarına qoşulur. Ancaq Ermənistan münaqişənin həll olunmasında status-kvonu dəyişəcək istənilən konstruktiv əməkdaşlıqdan yayınır. Bu halda, münaqişənin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşməkdə davam edəcək”.
Ümumiyyətlə, Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi mütəmadi olaraq beynəlxalq arenada gündəmə gətirilməkdə və müxtəlif beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman müddətlərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında - parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib. Məhz ölkəmiz bəhs olunan sammitdə də bu məsələ ilə bağlı konkret mövqeyini ifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruri olduğunu bir daha diqqətə çatdırıb.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1443 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30