Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Əsəd bəşərə qarşı...

Əsəd bəşərə qarşı...

16.08.2023 [11:37]

Dəməşq sabitliyə “yox” deyir?

Son dövrlərdə Yaxın Orta Şərq regionunda sülhün və təhlükəsizliyin formalaşması, terrorizmə qarşı qəti mübarizənin mühüm yeniliklərə yol açacağına böyük ümidlər yaranmışdı. Nəzərə alsaq ki, yeni dövrün çağırışları region ölkələri ilə yanaşı, həm də regiona yaxın ölkələrin də maraq dairəsindədir, Türkiyənin timsalında Yaxın Orta Şərqin sülh və təhlükəsizlik şəraitində inkişafını dəstəkləyən ölkələrin varlığı mühüm ümidlər formalaşdırırdı. Türkiyə yeni təhlükəsizlik arxitekturasının möhkəm və davamlı olması üçün səy göstərir, terrorizmə qarşı mübarizəyə əhəmiyyətli töhfələr verir. Bu istiqamətdə inkişaf edən siyasi və hərbi formatlı danışıqlar isə regional problemlərin həllinin hər zaman diqqət mərkəzində saxlandığını göstərir. Eyni zamanda, Türkiyənin bu problemlərin həllində oynadığı rol artdıqca bu daha aydın şəkildə üzə çıxır. Məsələn, 9 aydır ki, davam edən Rusiya, Suriya və Türkiyə arasındakı təmaslar regionda yeni şəkilləndirmənin başlayacağını deməyə əsas verirdi.

Suriya sözünü danır - təmaslar dayanır?

Amma son baş verənlər fərqli çalarlar formalaşdırır. Belə ki, Suriya hökuməti Türkiyə ilə münasibətlərin normallaşmasından çox yenidən gərginləşməsinə xidmət edən addımlarının şahidi oluruq. Məsələn, Bəşər Əsəd “Sky News Arabia” telekanalına verdiyi müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü “yersiz” adlandırıb və onu “işğalı qanuniləşdirmək”də ittiham edib. Xatırladaq ki, görüş 4-lü format çərçivəsində Rusiya tərəfinin təklifi ilə planlaşdırılmışdı. Əsədin müsahibəsinin regionda yeni situasiyaya yol açacağını indidən proqnozlaşdırmaq mümkündür - görünən budur ki, onu “danışdıran” qüvvələr yenidən Əsəd üzərindən bəşərə qarşı qanlı teraktlar axtarışındadırlar. Regional sülhün bərpasına yönəlik planlaşdırılan görüşü “özünəməxsus” şəkildə dəyərləndirən Əsədin fikrincə, bu təmasın “məqsədi” “Türkiyənin Suriyadakı işğalını qanuniləşdirməkdir”. B.Əsəd vurğulayıb ki, ən yüksək səviyyədə ikitərəfli danışıqların gündəliyi konkret olmalıdır: Suriya tərəfi Türkiyənin nizami qoşunlarının öz ərazisindən çıxarılmasında israrlıdır. “Həqiqət budur ki, Suriyadakı terror Türkiyənin törəməsidir”, - deyə Əsəd iddia edib.

Qeyd edək ki, Bəşər Əsədin bu sözlərinə cavab olaraq avqustun 10-da Türkiyə Müdafiə Nazirliyi keçirdiyi brifinqdə Suriyanın şimalını tərk etmək niyyətində olmadığını açıqlayıb.

Əsəd kimlərin planının tərkib hissəsidir?

Ümumiyyətlə, Yaxın Orta Şərq məsələsi artıq 30 ildir siyasi güclərin əsas “müzakirə predmeti” kimi çıxış etməkdədir. Məhz böyük güclərin maraqları ötən 30 ildən artıq müddətdə bu regionda terrorizmə qarşı effektiv mübarizənin aparılmasına mane olub. Son dövrlərdə isə Türkiyənin qlobal siyasi oyunçuya çevrilməsi Yaxın Orta Şərq regionunda da bu məsələnin həllinə ümid verirdi. Başqa sözlə, artıq şərtlər dəyişmişdi və regional və müstəqil inkişaf üçün əsas şərt sayılan sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxa bilərdi. Bunun təmin edilməsi isə bütövlükdə, Yaxın Orta Şərq üçün mühüm perspektiv vəd edirdi. Türkiyənin regionun təhlükəsizliyi ilə bağlı konsepsiyasında isə:

- Siyasi müstəqillik seqmentinin ən prioritet məsələ kimi önə çıxması;

- Siyasi sabitliyin əldə olunması;

- Hərbi qarşıdurmaların dayandırılması və dialoqun formalaşdırılması;

- İqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi kimi mühüm amillər yer alırdı.

Beləliklə, yeni siyasi gündəm yeni siyasi münasibətlər sisteminin formalaşmasını zəruri etmişdi. Xatırladaq ki, 4-lü formatda aprel ayında müdafiə nazirlərinin görüşünün ardından Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirmişdi ki, Türkiyə sərhədləri boyu terrorun varlığına qarşıdır. O qeyd etmişdi ki, Türkiyə Suriya və İraqın ərazi bütövlüyünə hörmət edir və daha çox miqrantın ölkəyə daxil olmasını istəmir. Bu isə Türkiyənin Suriyaya nəzərən mövqeyini və baxış bucağını ortaya qoymuşdu. İndiki halda Bəşər Əsədin anti-Türkiyə tezisləri ilə “silahlanması” anlaşılan deyil - yəqin ki, bu, bölgə ilə bağlı yeni planların varlığından xəbər verir. B.Əsəd isə bu planların sadəcə, tərkib hissəsi olmağa “qərarlıdır”...

Türkiyə bölgənin stabilləşdirici faktorudur

Türkiyənin Yaxın Orta Şərqdə sülhyaratma prosesində aktiv iştirakı isə mühüm üstünlüklər formalaşdırır və ya vəd edir. O baxımdan ki, Yaxın Orta Şərqdə stabilliyin formalaşdırılması üçün paralel olaraq münasibətlərin tənzimlənməsi prosesi getməlidir - yəni burada Ankaranın rəsmi Təl-Əvivlə də əlaqələrin inkişafına yeni kontekstdə baxmasını şərt kimi dəyərləndirmək mümkündür. Türkiyənin hazırda stabilləşdirici faktor kimi önə çıxması isə yeni siyasi situasiya formalaşdırır. Ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyması ilə bu siyasi situasiya aydınlığa qovuşmuşdu. İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən qurulması xüsusilə əhəmiyyətlidir. Nəzərə alsaq ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır bu dövlətlər arasında əməkdaşlığın formalaşması Yaxın Orta Şərqdə dialoq mühitinin formalaşmasına əsas yaradır. Bu iki ölkə arasındakı əlaqələrin müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi formalaşdırır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirir. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-hərbi konfiqurasiyanın əsasını qoyur, terrorizmə qarşı mübarizənin effektiv mərhələyə keçidini rəsmiləşdirir.

Amma bir sıra qüvvələr regionda yeni güc mərkəzinin formalaşmasından açıq narahatlıq keçirir. B.Əsədin bir sıra ölkələrlə yaxınlığı, hətta özünü onlara “borclu” hiss etməsi isə Yaxın Şərqin təhlükəsizlik arxitekturasına böyük ziyan və təhdid yaradır. Beləliklə, B.Əsədin yeni dövrdə əməkdaşlığa deyil, başqa istiqamətlərə istinad etməsi isə bölgədə yeni qarşıdurmaları körükləyə bilər. Burada həm də İŞİD-in, PKK-nın və digər terror təşkilatlarının aktiv fazada fəaliyyətindən söhbət gedir...

Yeni ordu niyə yaranırdı?

Maraqlıdır ki, aylar öncəsi də Orta Şərqlə bağlı müxtəlif iddialar və  informasiyalar irəli sürülürdü. Məsələn, bəzi informasiya resursları Suriyada yeni ordu yaradılması ilə bağlı xəbərlər yayırdı. Xəbərdə bəzi güclərin Suriyanın Rakka şəhərinin ətrafında yerli ərəb qəbilələrinin nümayəndələri, İŞİD və digər terrorçu təşkilatların döyüşçülərinin iştirakı ilə “Azad Suriya ordusu” yaratmağa başlaması yer alırdı. Ekspertlərin isə buradakı məqsədin aydın olduğunu bildirirdi - bu döyüşçülərdən ölkədə vəziyyəti qeyri-stabilləşdirməkdən ötrü istifadə etmək istəyəcəkdilər. Bu kimi faktlar isə regionun stabil inkişafı üçün təhdidlər yaradır - B.Əsəd anlamalıdır ki, Türkiyə ilə işbirliyi bölgəni həm stabil inkişafa, həm də təhlükəsiz gələcəyə aparacaq...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30