Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatı partiyanın Bakı şəhərində ilk təsis olunmuş təşkilatıdır

YAP Nərimanov rayon təşkilatı partiyanın Bakı şəhərində ilk təsis olunmuş təşkilatıdır

28.09.2012 [16:39]

Təmraz Tağıyev: Fəal vətəndaşlıq mövqeyi ortaya qoyan insanlar YAP-ın, həqiqətən, bu günün və gələcəyin partiyası olduğuna əmindirlər
Bu il Azərbaycanın hakim partiyası Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ili tamam olur. Bu müddət ərzində böyük inkişaf yolu keçən YAP ölkənin avanqard qüvvəsinə çevrilməklə yanaşı, beynəlxalq aləmin də aparıcı siyasi təşkilatı statusunu qazanıb. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası ölkədə vətəndaşların iradəsinin ifadəçisi olmaqla bərabər, Azərbaycanın bütün sahələrdə uğurlar qazanmasında da əhəmiyyətli rol oynayıb. Əlbəttə ki, YAP-ın bu ümumi uğurunda partiyanın rayon və şəhər təşkilatlarının da özünəməxsus payı var. Bu səbəbdən də, YAP-ın yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği məqsədilə reallaşdırılan layihə çərçivəsində növbəti təqdimat YAP Nərimanov rayon təşkilatı haqqındadır.
Sədr - Təmraz Tağıyev
Üzvlərin sayı - 17 871nəfər
Şura - 71 nəfər
İdarə Heyəti - 25 nəfər
Nəzarət- Təftiş qrupu - 7 nəfər
Qadınlar - 7667 nəfər
Gənclər - 6650 nəfər
Ali təhsillilər - 12 425 nəfər
Təsis olunduğu tarix- 28.01.1993
Təşkilatın ünvanı: F.X.Xoyski prospekti, 19/29
Əlaqə telefonları: 012-564-71-73, 564 -22- 01
YAP Nərimanov rayon təşkilatında təchizat yüksək səviyyədədir
Yeni Azərbaycan Partiyasının digər rayon və şəhər təşkilatlarında olduğu kimi, Nərimanov rayon təşkilatında da texniki-inventar təchizatı yüksək səviyyədədir. Qərargah ilə tanışlıq zamanı bir daha əmin olduq ki, YAP Nərimanov rayon təşkilatı qarşısına böyük hədəflər qoyub. Hazırda təşkilatın ştatlı olaraq, fəaliyyət göstərən 11 əməkdaşı var. Burada hər bir əməkdaş üçün ayrılmış, ayrı-ayrılıqda bütün lazımi texniki avadanlıqlarla təmin edilmiş otaqlar mövcuddur. Sədrin, aparat rəhbərinin, baş təlimatçıların, təlimatçıların, həmçinin, Qadınlar Şurasının və Gənclər Birliyinin səmərəli fəaliyətinin qurulması üçün kabinetlər istifadəyə verilib.
Bir sözlə, yüksək səviyyədə inşa edilərək istifadəyə verilmiş iki mərtəbəli binada YAP Nərimanov rayon təşkilatının operativ və effektiv fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Müstəqilliyimizin ilk illərində Ulu öndərin Nərimanov ictimaiyyətilə görüş keçirməsi rayon əhalisində böyük ruh yüksəkliyi yaratmışdı
Qeyd edək ki, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyevdir. Təmraz Tağıyev 2001-ci ildə keçirilmiş konfransda təşkilatın sədri seçilib və bu günə qədər də YAP Nərimanov rayon təşkilatına rəhbərlik edir. Rayon təşkilatının təsis olunması ilə bağlı tarixi hadisələri xatırlayan, Təmraz Tağıyev bizimlə söhbətində vurğulayır ki, YAP-ın Bakı şəhərində ilk təsis olunmuş təşkilatı məhz, Nərimanov rayon təşkilatıdır. “YAP-ın Nərimanov rayon təşkilatının təsis konfransı 1993-cü ilin yanvar ayının 28-də keçirilib. Həmin vaxt təşkilatın sədri hazırda partiyamızın İdarə Heyətinin üzvü olan Kərim Kərimov seçilib” - deyən Təmraz Tağıyev əlavə edir ki, bu tarixi fakt rayon təşkilatı üçün böyük əhəmiyyət kəsb edir.
Təmraz Tağıyev qürur hissilə söyləyir ki, müstəqilliyimizin ilk illərində Ümummilli lider Heydər Əliyevin 2 dəfə indiki Vergilər Nazirliyinin Bakı şəhər Departamentinin binasında Nərimanov ictimaiyyətilə görüş keçirməsi rayonun əhalisində böyük ruh yüksəkliyi yaratmış və Azərbaycan naminə səylərin artmasına səbəb olmuşdu: “Məhz, bu gün Ulu öndər Heydər Əliyevin əyləşdiyi otaqda xatirə güşəsi yaradılıb. Bu, əlbəttə ki, Nərimanov rayon ictimaiyyətinin Ümummilli lider Heydər Əliyevə olan dərin ehtiramının ifadəsidir”.
Bu mənada YAP Nərimanov rayon təşkilatının fəalları Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş qanvermə aksiyası da keçirirlər. Təmraz Tağıyevin sözlərinə görə, aksiya Səhiyyə Nazirliyinin və Mərkəzi Qan Bankının birgə iştirakı ilə təşkilatın qərargahında təşkil olunur. Sədr vurğulayır ki, bu yolla onlar həm Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edirlər, həm də müxtəlif xəstəlikdən əziyyət çəkən insanlara yardım göstərirlər.
Bu gün insanlar özləri hakim partiyanın üzvü olmaq üçün təşkilata müraciət edirlər
Məlumat üçün bildirək ki, YAP Nərimanov rayon təşkilatının 132 ərazi ilk partiya təşkilatında 17 871 nəfər üzv birləşib. Onların 7667 nəfərini qadınlar, 6650 nəfərini isə gənclər təşkil edir. Rayon təşkilatının İdarə Heyəti 25, Şura üzvləri 71, Nəzarət-Təftiş Komissiyası isə 7 nəfərdən ibarətdir.
İdarə Heyətində ölkənin tanınmış ictimai-siyasi və elmi xadimlərinin də yer aldığı YAP Nərimanov rayon təşkilatı üzvlərinin sayını daha da artırmaq niyyətindədir. Nərimanov rayonu ərazisində 8 universitet və institutun yer alması da təşkilatın qarşısına qoyduğu hədəfə doğru irəliləməsinə şərait yaradır.
Təmraz Tağıyev deyir ki, YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın sürətlə inkişaf etməsi, ölkənin yeni-yeni nailiyyətlər əldə etməsi və beynəlxalq münasibətlər sisteminin aparıcı faktoruna çevrilməsi vətəndaşlarda da yüksək əhval-ruhiyyə yaradır. Onun sözlərinə görə, artıq insanlar ciddi sosial-iqtisadi problemlərdən kənar bir dövlətin vətəndaşları kimi fəal siyasi mövqe ortaya qoyurlar: “Fəal vətəndaşlıq mövqeyi ortaya qoyan insanlar YAP-ın həqiqətən, bu günün və gələcəyin partiyası olduğuna əmindirlər”.
Təmraz Tağıyev, həmçinin, söyləyir ki, Nərimanov rayon təşkilatının səmərəli fəaliyyətində və sıralarının günü-gündən genişlənməsində daha bir mühüm faktor - Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun Nərimanov rayonundan Milli Məclisin üzvü seçilməsidir. “Əli Əhmədovun Nərimanov rayonundan Milli Məclisin üzvü seçilməsi həm partiyanın işinə keyfiyyət baxımından yeni çalar qatıb, həm də vətəndaşlarla ünsiyyətdə müsbət atmosfer formalaşdırıb. Əli Əhmədovun Milli Məclisin deputatı kimi rayon sakinləri ilə ünsiyyəti və rayondakı fəaliyyəti təşkilat qarşısında duran vəzifələrin yerinə yetirilməsində əlavə, həm də tutarlı dəstəkdir” - deyə təşkilatın sədri diqqətə çatdırır.
Rayon təşkilatının Qadınlar Şurasının və Gənclər Birliyinin fəaliyyətinin əsas hissəsinin də elə insanlarla birbaşa ünsiyyət olduğunu diqqətə çatdıran Təmraz Tağıyev onların fəaliyyətini də təqdir edir...
Qadınlar Şurası rayonun həyatında əhəmiyyətli rol oynayır
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası rayonun ictimai həyatında əhəmiyyətli rol oynayır. Nəzərə alsaq ki, rayon təşkilatının tərkibində cəmiyyətin əsas sahələrində fəaliyyət göstərən 7667 nəfər qadın birləşib, o zaman, Qadınlar Şurasının işinin böyük rol oynadığını söyləmək olar. Bu gün YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının üzvlərinin 3620 nəfərini gənclər təşkil edir. Ümumilikdə isə 1968 qadın səhiyyə, 2018 nəfər təhsil, 796 qadın isə digər müəssisələrdə çalışır, 1020 nəfər isə tələbədir.
2001-ci ildən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərən Məhəbbət İbrahimova qadınların fəaliyyətini yüksək qiymətdəndirir. Onun sözlərinə görə, həm seçkilərdə, həm də müxtəlif sosial-ictimai əhəmiyyətli tədbirlərdə və görüşlərdə qadınlar xüsusi fəallıq nümayiş etdirirlər. “Təşkilatın Qadınlar Şurasının illik planı tərtib olunur, eyni zamanda, mühüm ictimai-siyasi hadisələrlə əlaqədar olaraq, əlavə tədbirlər təşkil olunur” - deyən Məhəbbət xanım vurğulayır.
Gənclər təşkilatın aparıcı qüvvəsi olaraq qalır...
Xüsusi qeyd olunmalıdır ki, Nərimanov rayonu Bakı şəhərinin ictimai-siyasi baxımdan ən fəal rayonlarından biridir. Bu fəallığın olmasının isə müxtəlif səbəbləri var. Əlbəttə ki, burada sosial-iqtisadi məsələlər, YAP-ın nüfuzu və s. öz əksini tapır. Lakin həmin fəallığın hər zaman yüksələn xətlə inkişaf etməsinin özünəməxsusluğu da mövcuddur ki, bu rolda gənclər çıxış edir.
Nərimanov rayonunun ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm aktivlik nümayiş etdirən gənclərin böyük kəsimi məhz, YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinə məxsusdur.
Gənclər Birliyinin sədri Yusif Babanlı bizimlə söhbəti zamanı deyir ki, təşkilatdakı gənclərin sayı 6650 nəfərdən ibarətdir. Lakin son dövrdə gənclərin böyük axınının müşahidə olunduğunu söyləyən Y.Babanlı diqqətə çatdırır ki, bunun səbəbi də ətrafında intellektual gəncliyi birləşdirən YAP-ın hər bir gəncə öz potensialını reallaşdırmaq üçün şərait yaratmasıdır. “Təsadüfi deyil ki, xaricdə təhsil alan gənclərimiz də Yeni Azərbaycan Partiyasının üzvü olmaq üçün tez-tez təşkilatımızla əlaqə saxlayır, tədbirlərdə iştirak etmək üçün müraciətlər edirlər. Elə bir neçə həftə öncə təşkilatımızın qərargahında xaricdə təhsil alan gənclərlə görüşümüz oldu. Orada qarşılıqlı fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi. Bu isə bir daha göstərdi ki, YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyi həm də fərqli düşüncəli gənclərin diskussiya və ortaq məxrəcəgəlmə mərkəzidir” - deyə əlavə edən Yusif Babanlı əminliklə vurğulayır ki, sürətlə gəncləşən partiyamız daim qələbələrə imza atacaq və qaliblərin partiyası olaraq qalacaq.
Sosial şəbəkələrdə iş təşkilat gənclərinin ayrılmaz fəaliyyətidir
2007-ci ildən YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin sədri olan Yusif Babanlı həm də təşkilatın gənclərinin sosial şəbəkələrdəki fəaliyyətindən razılıq ifadə edir. Məhz, təşkilatın işilə yaxından tanış olduğumuz müddətdə bir qrup fəal gəncin sosial şəbəkədə dövlətçiliklə, YAP-ın fəaliyyətilə, Ulu öndərimiz Heydər Əliyev və Prezident İlham Əliyevin uğurlu siyasətilə bağlı məlumatlar paylaşdığının şahidi olduq.
Sosial şəbəkələrin təkcə ünsiyyət vasitəsi olmadığını deyən Yusif Babanlı söyləyir ki, burada, həmçinin, sosial-siyasi informasiyaların mübadiləsi prosesi gedir, gənclər daha çox və fəal şəkildə fikir mübadiləsi aparır. “Sosial şəbəkələr bu gün, eyni zamanda, şəhərlə bölgələr arasındakı inteqrasiyanı da gücləndirir. Bölgədəki gənclərimiz birbaşa olaraq, mühüm məsələlərlə bağlı diskussiyaya qoşulur, şəxsi fikrini söyləyir, hətta, opponentlərlə polemika da qururlar” - deyə vurğulayan GB-nin sədri əlavə edib ki, təşkilatın gəncləri sosial şəbəkələrdə daha da aktiv olmağı qarşısına məqsəd qoyub.
Yüksək səviyyəli təşkilati işlər uğurların əsasını təmin edir
Şübhəsiz, təşkilatın yüksək səviyyəli fəaliyyəti və nailiyyətləri onun təşkilati işlərindən də xeyli dərəcədə asılıdır. Çünki, ərazi ilk partiya təşkilatları ilə münasibətlərin qurulması, əlaqələrin saxlanılması, üzvlərin qəbul edilməsi, üzvlük haqlarının vaxtında yığılması, həmçinin, tədbirlərin və görüşlərin keçirilməsi birbaşa olaraq, aparatın işinin təşkili səviyyəsinin göstəricisidir. YAP Nərimanov rayon təşkilatının aparat rəhbəri İradə Hüseynova bizi iş prinsiplərilə tanış edərkən, bildirir ki, qurulmuş mexanizm saat kimi işləyir və problemlər də çox az olur: “Aparata daxil olmuş hər hansı sənəd əvvəlcə təlimatçılarımız tərəfindən yoxlanılır, dəqiqləşdirilir və sonda sədrə göstərilir. Üzvlərlə, ərazi ilk partiya təşkilatları ilə bağlı sənədlər, onların keçirdikləri tədbirlər haqqında protokollar rəsmiləşdirilir və arxivə vurulur. Həmçinin, Mərkəzi Aparatdan daxil olan təlimatlar aparat işçilərinin diqqətinə çatdırılır və fəaliyyətə başlanır”.
Aparatın işinin yüksək səviyyədə təşkilini dilə gətirən İradə Hüseynova bir daha diqqətə çatdırır ki, təşkilat hər zaman olduğu kimi, bundan sonra da yüksək aktivlik nümayiş etdirəcək, rayonun həyatında əhəmiyyətli rol oynayacaq.
YAP Nərimanov rayon təşkilatı partiyanın qələbələrinə özünəməxsus töhfələr verməkdə davam edəcək
Beləliklə, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının fəaliyyətilə yaxından tanışlıq zamanı bir daha YAP-ın müasir siyasi partiyaya məxsus əsas xüsusiyyətlərini anlamış olduq. Təşkilatın siyasi partiya funksiyalarını yerinə yetirməklə yanaşı, eyni zamanda, rayonun sosial həyatında da yaxından iştirak etməsi, insanların problemlərinin həlli prosesində fəallıq nümayiş etdirməsi YAP-ın elə xalqın partiyası olduğunu bir daha göstərir. Həmçinin, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının da qurduğu səmərəli iş sxemi və prinsiplərilə YAP-ın respublika üzrə ən aparıcı təşkilatlarından birinə çevrildiyini müşahidə etdik. Əminik ki, bu rayon təşkilatı da qarşıdan gələn ictimai-siyasi proseslərdə daha da aktiv olacaq və Yeni Azərbaycan Partiyasının yeni qələbələr qazanmasına özünəməxsus töhfələr verməkdə davam edəcək.
www.yap.org.az
Paylaş:
Baxılıb: 1403 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30