Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Abşeron rayon təşkilatı ideoloji-siyasi işlərin öhdəsindən layiqincə gəlməyə çalışır

YAP Abşeron rayon təşkilatı ideoloji-siyasi işlərin öhdəsindən layiqincə gəlməyə çalışır

09.11.2012 [02:03]

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği layihəsi çərçivəsində növbəti təqdimatımız Abşeron rayon təşkilatıdır
Təşkilat yaranıb - 22 fevral 1993-cü il
Təşkilatın sədri - Bilman Vəliyev
Üzvlərin ümumi sayı - 6150 nəfər
Qadınların sayı - 3328 nəfər
Gənclərin sayı - 2557 nəfər
Ərazi ilk partiya təşkilatları - 120
Şura üzvləri - 37 nəfər
İdarə Heyətinin üzvləri - 11 nəfər
Nəzarət-Təftiş Qrupu - 5 nəfər
Rayon təşkilatının ünvanı - Xırdalan şəhəri, H.Aslanov küçəsi-39
Əlaqə telefonları - 342 25 28, 349 39 10
YAP Abşeron rayon təşkilatı partiyanın digər yerli strukturları kimi fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Xatırladaq ki, rayon təşkilatının təsis yığıncağı indiki Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində (keçmiş Plan-Uçot Texnikumu) 22 fevral 1993-cü ildə keçirilib. Rayon təşkilatının sədri Bilman Vəliyevdir. O bu təşkilatın yaradılmasında fəal iştirak edib. Həmin dövrləri xatırlayarkən B.Vəliyev YAP üzvlərinin əsil fədakarlıq göstərdiyini deyir. Çünki AXC-Müsavat cütlüyünün hakimiyyətinin təzyiqləri, hədə-qorxuları qarşısında partiya quruculuğunu həyata keçirmək böyük mübarizlik tələb edirdi. “Yeni Azərbaycan Partiyası Naxçıvanda təsis olunandan sonra bölgələrdə partiyanın yerli strukturlarının yaradılması prosesi başladı. Biz də belə bir şəraitdə bu təşkilatı yaratdıq. Amma bu təsis konfransını keçirmək elə də asan olmayıb. Çünki o zaman AXC-Müsavat hakimiyyəti YAP-ın təşkilatlanmasına ciddi şəkildə mane olurdu. Məhz elə bir ağır və çətin dövrdə mübariz insanların sayəsində YAP Abşeron rayon təşkilatı yaradıldı. Mən 1993-cü ildə təşkilatın sədr müavini olmuşam, bir neçə il sədri əvəz etdikdən sonra 2007-ci ildən bu təşkilatın sədriyəm. Ötən proseslər göstərdi ki, partiya işi mübarizlik tələb edir” - deyə, B.Vəliyev bildirib.
Təşkilat böyük inkişaf yolu keçib
1993-cü ilin fevralından ötən dövr ərzində YAP Abşeron rayon təşkilatı böyük inkişaf yolu keçib. Həmin il üzvlər cəmi bir neçə yüz nəfərdən ibarət idisə, hazırda 120 ərazi ilk partiya təşkilatında 6 min 150 nəfər üzv birləşib. Təşkilatda qadınların sayı 3328 nəfər, gənclərin sayı isə 2527 nəfərdir. İlbə-il rayon təşkilatı kəmiyyət və keyfiyyət baxımından fəaliyyətini inkişaf etdirir. Bu inkişaf üçün partiya təşkilatı bütün imkanlara malikdir. Belə ki, rayon təşkilatının qərargahı hər bir cəhətdən təmin edilib və işçilər üçün bütün şərait yaradılıb. 1000 kvadratmetrdən çox ümumi sahəsi olan qərargahda konfrans və iclas zalları, 8 işçi, 4 xidmət otağı və s. fəaliyyət göstərir. Burada çalışan işçilərin üzərinə isə sadəcə, öz vəzifələrinin öhdəsindən lazımi səviyyədə gəlmək tələb olunur ki, onlar da fəaliyyətlərində bunu göstərirlər.
2007-ci i ildən YAP Abşeron rayon təşkilatına sədrlik edən B.Vəliyev qeyd edir ki, işimizi partiyanın nizamnaməsi əsasında qurmuşuq və bütün məsələləri layiqincə yerinə yetirməyə çalışırıq. 11 nəfərdən ibarət İdarə Heyətinin hər ay, 37 nəfərlik Şuranın isə üç aydan bir iclası keçirilir. Həmin iclaslarda təşkilatın gördüyü işlərə qiymət verilir, eləcə də, qarşıda duran vəzifələr müəyyən edilir.
Daha çox gənclərin partiya üzvlüyünə diqqət yetirilir
Rayon təşkilatında partiyaya qəbul məsələlərinə də ciddi fikir verilir. YAP sıralarına qəbul olmaq istəyən hər bir kəs öz ərizəsində bu partiyaya hansı səbəbdən qoşulmaq istəyini ifadə edir. Rayon təşkilatının sədri deyir ki, YAP gələcəyin partiyasıdır və onun sıralarında əqidəli insanlar toplaşmalıdır. Buna görə də, partiya sıralarına gənclərin daha çox qəbuluna önəm verilir. Partiyaya üzv qəbul olunmaq istəyən insanlar da öz ərizələrində YAP-ın proqram və nizamnaməsinə əməl edəcəklərini vurğulayırlar. Ümumiyyətlə, üzvlərin böyük əksəriyyətini ziyalılar təşkil edir.
YAP Abşeron rayon təşkilatı cəmiyyətin aparıcı qüvvəsi olan gənclərlə də işini güclü qurub. Bunun nəticəsi olaraq gənclərin partiyaya axını sürətlənib, onların ictimai-siyasi proseslərdə fəallığı daha da artıb. Gənclər Heydər Əliyev ideyalarını dərindən mənimsəməyə çalışır və eyni zamanda, Ulu öndərimizin ideyalarının fəal təbliğatçılarıdır. Bütün bunlarla yanaşı, gənclər sosial şəbəkələrdə də aktivdir və müxalifətin iddialarına qarşı ağıl və məntiqlə cavab verirlər.
Eyni zamanda, təşkilatın sıralarında idman sahəsində böyük nailiyyət qazanan gənclər də var. Onların birinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci YAP ərazi ilk təşkilatında partiya üzvü, güləş üzrə Dünya çempionu Tural Məhəmməd oğlu Əliyevin adını çəkmək olar.
Onu da qeyd edək ki, YAP Abşeron rayon təşkilatı tərəfindən partiyanın 20 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilib. Rayonun 15 qəsəbəsinin hamısında ilk partiya təşkilatları fəaliyyət göstərir və onlar da 20 illik yubileyi qeyd ediblər. Yekun olaraq təntənəli tədbir isə noyabrın 1-də keçirilib.
Təşkilatın ictimaiyyətlə əlaqələrinə gəlincə, burada da iş prinsipi şəffaflığa əsaslanır. B.Vəliyev deyir ki, qərargahda xüsusi rejim yoxdur və insanlar istənilən məsələ ilə bağlı rayon təşkilatına müraciət edir. Qərargahda təkcə partiya üzvlərinin deyil, bütün insanların müraciətlərinə diqqətlə yanaşılır. “Bir sözlə, qapılarımız həmişə insanların üzünə açıqdır” - B.Vəliyev bildirir.
Xatirə Şabanova: YAP cəmiyyətimizdə böyük nüfuza və dəstəyə malikdir
Təşkilatın sədr müavini Xatirə Şabanova qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza və dəstəyə malikdir. Bu nüfuz və dəstəyin əsas səbəblərindən biri də partiyamızın hər zaman ümumxalq partiyası kimi fəaliyyət göstərməsi, xalqın və dövlətin mənafeyini hər şeydən uca tutmasıdır. Müstəqillik tariximizdə YAP-ın müstəsna rolu olduğunu deyən X.Şabanova bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan YAP Azərbaycanın siyasi mühitinə bir çox yeniliklər gətirdi. Belə ki, YAP-ın yaranması ölkəmizdə sivil mübarizə, demokratiya kimi dəyərləri bərqərar etdi. Partiyanın yaranma zərurətindən geniş danışan sədr müavini YAP-ın qurucusu Heydər Əliyevin xilaskarlıq missiyasını yerinə yetirdiyini vurğulayıb. Onun sözlərinə görə, partiyanın Abşeron rayon təşkilatı da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.
Qadınlar Şurası təbliğat işini diqqət mərkəzində saxlayır
YAP Abşeron rayon təşkilatının Qadınlar Şurasının sədri Təyibə Hüseynova isə qadınların partiya fəaliyətindən söz açıb. O qeyd edir ki, ölkəmizdə qadınların ictimai-siyasi fəallığı xeyli artıb. Bu baxımdan, YAP sıralarında birləşən zərif cinsin nümayəndələrinin rolu xüsusi vurğulanmalıdır. Nəzərə alsaq ki, partiya sıralarında qadınların fəallığı artır, onda T.Hüseynovanın fikirləri ilə razılaşmamaq mümkün deyil. Son bələdiyyə seçkilərinin nəticəsi olaraq qadınların yerli özünüidarə orqanlarda təmsilçiliyinin artaraq 30 faizə yüksəlməsi bu faktın əyani təsdiqidir. T.Hüseynovanın sözlərinə görə, rayon təşkilatında birləşən qadınlar hər zaman ölkəmizdə həyata keçirilən siyasətin uğurlarını geniş ictimaiyyət arasında təbliğ edirlər. Bu təbliğat işləri isə insanlarla görüşlərdə, keçirilən tədbirlərdə və digər müstəvilərdə aparılır. Eyni zamanda, təşkilatın Qadınlar Şurası QHT-lərlə birgə gənclərin maarifləndirilməsi üzrə layihələr həyata keçirir. Təşkilatın fəalları üzərlərinə düşən digər vəzifələri lazımi səviyyədə yerinə yetirirlər.
Təşkilatın Gənclər Birliyi bir sıra uğurlara imza atıb
Gənclər də bu prosesdə öz sözlərini deməyi bacarır. YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov deyir ki, ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirilməsi bu təbəqənin hərtərəfli inkişafında xüsusi rol oynayır. “Gənclərimiz bu siyasətin bəhrəsini görür və müstəqil ölkəmizin inkişafına öz töhfələrini verməyə çalışırlar. Rayon təşkilatımızda birləşən gənclər də hər zaman dövlətçiliyə, Heydər Əliyev ideyalarına sadiqdirlər və Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Biz ictimaiyyətlə görüşlərdə, xüsusilə sosial şəbəkələrdə bu siyasəti təbliğ edirik”, - E.Hümbətov bildirir. Onun sözlərinə görə, təşkilat iş planına uyğun fəaliyyət göstərir, eləcə də YAP Gənclər Birliyinin layihələrində yaxından iştirak edir. Təşkilatın Gənclər Birliyi bir sıra uğurlara da imza atıb. Belə ki, 2008-ci ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibtilə YAP Gənclər Birliyinin respublika üzrə keçirdiyi mini-futbol turnirində YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin komandası 3-cü yeri qazanıb. Ümummilli liderimizin anadan olmasının 89-cu ildönümü ilə bağlı keçirilən anoloji turnirdə isə birliyin komandası ikinci yeri əldə edib.
Abşeron rayonu mədəniyyət və turizm idarəsi üzrə YAP ərazi ilk partiya təşkilatının sədri İlham Manafov isə bildirir ki, Ulu öndər Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası adlandırdığı YAP-ın sıralarında olmaqdan qürur duyuruq. Çünki bu partiya sıralarında ölkəmizin daha firavan olmasına, qüdrətli gəncliyimizin xoşbəxt gələcəyinə xidmət edirik. Onun fikrincə, YAP siyasi arenaya qədəm qoyduğu ilk illərdən Azərbaycanın siyasi həyatına bir aydınlıq və işıq gətirmiş oldu: “Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi bu siyasi təşkilat tez bir zamanda hakimiyyətə gəldi və bununla da Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin olundu. Ölkə əhalisinin Heydər Əliyev şəxsiyyətinə olan inamı o qədər güclü idi ki, YAP tezliklə ümumxalq partiyasına çevrildi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlar qazanır. Başçılıq etdiyim ilk təşkilat və onun fəalları da ölkəmizin qazandığı nailiyyətləri əhali arasında geniş təbliğ edirlər”.
Təşkilatın aparatında normal iş mühiti mövcuddur
Qeyd edək ki, YAP Abşeron rayon təşkilatında 8 ştatlı işçi çalışır. Aparat rəhbəri Abbas Əliyev bildirir ki, təlimatçılar fəaliyyətdə olan 120 ərazi ilk partiya təşkilatı ilə sıx təmasdadırlar: “Təlimatçılar aparatla ilk təşkilatlar arasında körpü rolunu oynayırlar. Onlar ilk təşkilatların tədbirlərində, iclaslarında iştirak edirlər. Ən gərgin fəaliyyət dövrümüz isə seçki kampaniyaları zamanı olur. Çalışırıq ki, bütün seçkilərdə partiyamızın bu ərazi üzrə qələbəsini təmin edək. Onu da deyim ki, hər ay rayon təşkilatının İdarə Heyətinin iclası keçirilir, 3 aydan bir isə şura iclası olur. Üzvlük haqlarının toplanması da bank köçürmələri vasitəsilə edilir. Biz bütün işimizi partiyanın mərkəzi aparatının tövsiyə və tapşırıqları əsasında qururuq”.
Təlimatçılar işlərində bir-birilərinə dəstək olurlar
Rayon təşkilatı aparatının təlimatçıları Elgün İskəndərov və Yaqub Əzimov isə işlərində həmişə bir-birilərinə kömək edirlər. Onlar deyirlər ki, gündəlik işləri ilk partiya təşkilatları ilə əlaqə saxlamaq, partiyaya üzv qəbul olunmaq istəyənlərin müraciətlərinə baxmaq, üzvlük haqlarının toplanması ilə məşğul olmaqdan və s. ibarətdir. İlk təşkilatlarda aparılan ideoloji işlər nəticəsində partiyaya yeni-yeni üzvlər qəbul olunur.
Samirə Əliyeva isə kompüter mütəxəssisidir. Rayon təşkilatına aid olan sənədləri hazırlayan S.Əliyeva bu işdə öz həmkarlarına dəstəyini həmişə verir.
Nəticə etibarilə demək olar ki, YAP Abşeron rayon təşkilatı öz fəaliyyətini sistemli şəkildə qurub. Bunun nəticəsində də partiya işləri lazımi səviyyədə həyata keçirilir.
www.yap.org.az

Paylaş:
Baxılıb: 1293 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30