Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Salyan rayon təşkilatı mübariz bir siyasi quruma çevrilib

YAP Salyan rayon təşkilatı mübariz bir siyasi quruma çevrilib

14.11.2012 [01:43]

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində partiyanın yerli strukturlarının fəaliyyətinin daha geniş işıqlandırılması və təbliği məqsədilə reallaşdırılan layihə çərçivəsində növbəti təqdimatımız Salyan rayon təşkilatıdır
Təsis olunma tarixi - 17 iyul 1993-cü il
Rayon təşkilatının sədri - Rəşad Cəbrayılov
Təşkilat üzvlərinin sayı - 6420 nəfər
Qadınların sayı - 2619 nəfər
Gənclərin sayı - 2659 nəfər
Ali təhsillilər - 2197 nəfər
İdarə Heyətinin üzvləri - 17 nəfər
Şura üzvləri - 45 nəfər
Bələdiyyə üzvləri - 133 nəfər
Nəzarət-Təftiş Qrupu - 7 nəfər
İlk təşkilatların sayı - 92
YAP Salyan rayon təşkilatı öz fəaliyyətində müasir siyasi texnologiyalardan səmərəli istifadə etməyə çalışır. Bunun üçün ilk növbədə iş sistemini bu prinsiplər əsasında qurub. Qeyd edək ki, iki mərtəbəli binada yerləşən təşkilatın qərargahının ümumi sahəsi 265 kv.metrdir. Rayon təşkilatının binasında səmərəli fəaliyyət üçün müvafiq otaqlar və zəruri texniki avadanlıqlar mövcuddur. Burada Gənclər Birliyi və Qadınlar Şurasının, rayon təşkilat sədrinin, aparat rəhbərinin, təlimatçıların ayrı-ayrılıqda iş otaqları var. Bununla yanaşı, bütün otaqlarda kompüter və yüksək keyfiyyətli internetin olması rayon təşkilatının işinin səmərəli qurulmasına kömək edir. Təbii ki, uğurların qazanılmasında peşəkar işçi kadrların mühüm rolu vardır. Təşkilatda aparat rəhbərilə yanaşı, 1 baş təlimatçı, 3 təlimatçı, 1 kompüter mütəxəssisi, 1 mühasib fəaliyyət göstərir.
Təşkilatın yaranması çətin dövrə təsadüf edib
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının yaranması Azərbaycanın ən ağır dövrlərinə təsadüf edib. 1993-cü ilin yayında böhran içində olan Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirildi. 1993-cü ilin iyunun 15-də xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtdı.
Yeni Azərbaycan Partiyası yarandıqdan sonra getdikcə ölkəmizin bütün bölgələrində bu partiyanın tərəfdarlarının sayı artmışdı. YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov deyir ki, belə bir şəraitdə çox keçmədən, Salyanda Yeni Azərbaycan Partiyasının tərəfdarları 31 mart 1993-cü ildə 15 nəfərdən ibarət təşkilat komitəsi yaratdılar. Partiyanın fəalları heç bir təzyiqlərdən, çətinliklərdən qorxmayaraq partiyanın fəaliyyət göstərməsi üçün var qüvvə ilə mübarizə aparırdılar. “1993-cü ilin iyul ayının 17-də konfrans keçirilərək YAP Salyan rayon təşkilatı təsis edildi. Mərhum atam Yasər Cəbrayılov o zaman rayon təşkilatının ilk sədri seçildi. İndi mən həmin günləri fəxrlə xatırlayıram” - deyə, Rəşad Cəbrayılov bildirir.
Təşkilatda üzvlərin sayı artımla müşahidə olunur
Qeyd edək ki, hazırda YAP Salyan rayon təşkilatının 92 ərazi ilk partiya təşkilatında 6420 nəfər partiya üzvü birləşib. Onlardan 2659 nəfəri gənclər, 2619 nəfəri qadınlardır, 2197 nəfəri isə ali təhsillidir. YAP üzvlərindən 62 nəfər gənc və 60 nəfər qadın olmaqla 133 nəfər bələdiyyələrdə təmsil olunur. Rayon təşkilatının İdarə Heyəti 17 nəfər, Şurası 45 nəfərdən ibarətdir. Təşkilatın Nəzarət-Təftiş Qrupu isə 7 nəfərdən ibarətdir.
Rəşad Cəbrayılovun sözlərinə görə, təşkilatın əsas məqsədi partiya prinsiplərinə sadiq qalaraq, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti təbliğ etməkdir. Təşkilat keçən müddət ərzində siyasi və təşkilatı cəhətdən daha da möhkəmlənib, daha mübariz və yetkin bir siyasi quruma çevrilib. Bu baxımdan da, YAP Mərkəzi Aparatından daxil olan təlimatlar, göstərişlər və tövsiyələr işimizin əsas istinad nöqtəsidir.
“Rayon təşkilatının əsas vəzifələrindən biri yerlərdə ideoloji təbliğat aparmaq, vətandaşlarla daim ünsiyyətdə olmaq, həmçinin, YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə dəstək vermək və seçkilər zamanı partiyamızın qələbəsini təmin etməkdir”, deyən Rəşad Cəbrayılov vurğulayıb ki, bu işdə təşkilatın aparatı ilə yanaşı, Qadınlar Şurası və Gənclər Birliyi aktiv rol oynayır. Sədr onu da bildirir ki, rayon təşkilatı bundan sonra da öz fəaliyyətini YAP Nizamnaməsi və Proqramının tələbləri səviyyəsində quracaq, Ümummilli lider Heydər Əliyevin siyasi kursu və ideyalarına sadiq qalmaqla Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı çoxşaxəli, möhtəşəm quruculuq işlərində ön cərgələrdə olmaqla müstəqil ölkəmizin daha da çiçəklənməsi işinə öz töhfələrini verəcək.
Mirzə Mirzəyev: Ümumi uğur aparatın işinin düzgün təşkilindən asılıdır
Əlbəttə ki, hər bir rayon təşkilatının fəaliyyətinin uğurlu olmasının başlıca səbəblərindən biri aparatın işinin mükəmməl təşkili ilə bağlıdır. Məhz Salyan rayon təşkilatında iş prosesilə tanışlıq zamanı bir daha aydın oldu ki, bu rayon təşkilatının aparatının işi nümunəvi səviyyədə təşkil olunub.
2001-ci ildən YAP Salyan rayon təşkilatının aparat rəhbəri işləyən Mirzə Mirzəyev bildirir ki, burada çox dəqiq və prinsipal iş rejimi qurulub. Onun sözlərinə görə, partiyanın Mərkəzi Aparatından daxil olan bütün tapşırıqlar həmin gün sənədləşdirilir və onun əsasında fəaliyyətə başlanır. Daxil olan və göndərilən sənədlərin, uçota gələn və uçotdan çıxanların, üzvlüyə gələnlərin, təşkilatların protokollarının saxlanması, eyni zamanda, kartotekada bütün ərazi təşkilatlarına aid məlumatların yerləşdirilməsi birbaşa aparat rəhbərinin işinə aiddir.
YAP Salyan rayon təşkilatına daxil olan və göndərilən məktubların qeydiyyat jurnalı, rayon təşkilatının sədri Rəşad Cəbrayılova ünvanlanmış ərizə və məktubların qeydiyyat jurnalı yaradılıb. Aparat rəhbəri, həmçinin, vurğulayır ki, Gənclər Birliyinin və Qadınlar Şurasının fəaliyyəti də koordinasiya edilir.
Qadınlar Şurası rayon qadınlarının ictimai-siyasi fəallığını artırır
Rayon təşkilatının Qadınlar Şurası da Salyandakı ictimai-siyasi proseslərdə yaxından iştirak edir və ümumi işə öz töhfəsini verir. Qadınlar Şurasının əsas fəaliyyəti rayon qadınlarının ictimai-siyasi aktivliyinin artırılması olduğundan kənd və qəsəbələrdə tez-tez görüşlər keçirilir, qadınların problemlərinin həllinə lazımi köməklik göstərirlər.
2009-cu ildən YAP Salyan rayon təşkilatının Qadınlar Şurasının sədri olan Fatma Səmədzadə deyir ki, onların iş planı ilin əvvəlindən tutulur və həyata keçirilməyə başlanır. Şuranın üzvləri şəhid ailələrinə, müharibə veteranlarına, kimsəsizlərə baş çəkir, onların sosial problemlərinin həllinə öz köməkliklərini göstərirlər. Qadınlar bütün seçkilərdə də öz fəallıqları ilə seçilirlər.
F.Səmədzadə söyləyir ki, onların əsas məqsədi rayon ərazisində yaşayan hər bir qadınla ünsiyyət qurmaq, onların problemlərilə maraqlanmaq və həllinə dəstək olmaqdır.
Gənclər YAP Salyan rayon təşkilatının aparıcı qüvvəsidir
Əlbəttə ki, gənclər də rayonun həyatında vacib rol oynayırlar. Faktdır ki, hazırda YAP-ın aparıcı qüvvəsi gənclərdir. Bu, onunla bağlıdır ki, YAP-ın bütün şəhər və rayon təşkilatlarında gənclərin enerjisindən daha çox istifadə olunur. Çünki gənclər daha enerjili, işgüzar və təşəbbüskardır. YAP Salyan rayon təşkilatının işində də gənclərin böyük rolu var. Daha doğrusunu desək, gənclər bu təşkilatın aparıcı qüvvəsidir. Gənclər Birliyinin üzvləri hər bir tədbirdən və görüşdən öncə toplanır və təşkilat rəhbərliyindən lazımi tövsiyələri alırlar: rayonun həyatında cərəyan edən bütün proseslərdə gənclər fəal iştirak edirlər.
YAP Salyan rayon təşkilatı gənclərlə işə xüsusi diqqət göstərir. Gənclərin iştirakı ilə bir sıra tədbirlər keçirilib. “Narkomaniyaya yox deyək” kütləvi tədbiri “Gənclərin müasir həyatda rolu” dəyirmi masasını, Ulu öndərin anadan olmasının ildönümünə və dövlət müstəqilliyinin bərpasının ildönümünə həsr olunmuş gənclər arasında yazı müsabiqələrinin keçirilməsini, bilik yarışlarını və s. tədbirləri göstərmək olar.
Ali məktəblərə yüksək balla daxil olan rayon gənclərinin qiymətləndirilməsi də rayon təşkilatının diqqətindən yayınmamışdır. Ali məktəblərə yüksək balla daxil olan 2 nəfər tələbəyə hər ay 50 manat təqaüd ayrılıb. Cari ilin yay mövsümündə rayon təşkilatı tərəfindən məktəblər arasında pulsuz ingilis dili kursları təşkil edilib.
Müharibə veteranının tələbə övladlarına qayğı göstərilir
YAP Salyan rayon təşkilatının gəncləri “8 mart Qadınlar bayramı” “Müəllimlər günü”, “Gənclər günü” münasibətilə bayram tədbirləri təşkil edib, təqaüdə çıxmış qocaman müəllimlərin evlərinə gedib onların bayramını təbrik edib, onlara maddi və mənəvi dəstək göstəriblər. Bir qrup gənc Salyan rayonlararası əsəb-nevroloji xəstəxanasında olub, xəstələrə lazımi maddi köməklik göstərib, I qrup əlilə isə əlil arabası verilib. Salyan rayonundan olan Cəmallədin Əliyev adlı şəxs Qarabağ uğrunda döyüşlərdə iştirak edib, döyüşlərdə ağır yaralanaraq kontuziya almışdı. Onun arzusu evində böyüyən iki qız övladının ali təhsil almaları idi. Övladları Kəmalə və Şövkət bu il ali məktəbə imtahan verərək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına və Bakı Slavyan Universitetinə qəbul oldular. Lakin atası Cəmaləddin Əliyev o günü görməyərək vəfat etdi. YAP Salyan rayon təşkilatı C.Əliyevin ailəsinə mənəvi dəstək göstərərək hər iki tələbəyə aylıq təqaüd ayırdı və onların problemlərinin həllində yaxından iştirak etməyi özünə borc bildi. C.Əliyevin həyat yoldaşı Gültəkin Əliyeva bu diqqətə və qayğıya görə Yeni Azərbaycan Partiyasına minnətdarlıq edib. G.Əliyeva ailələrinin hər zaman dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət göstərən YAP-a bağlı olduqlarını söyləyib və qeyd edib ki, həm Kəmalə, həm də Şövkət YAP Salyan rayon təşkilatının üzvləridir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi adını qazanmış Kəmalə Əliyeva da ölkəmizdə gənclərin inkişafına göstərilən dövlət qayğısının yüksək səviyyədə olduğunu qeyd edib. K.Əliyeva YAP-ın xalqın partiyası olduğunu hər zaman sübut etdiyini söyləyib: “Mən Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın üzvü olduğum üçün fəxr edirəm”.
Bakı Slavyan Universitetinin tələbəsi Şövkət Əliyeva da bildirib ki, YAP-ın gənclərimizin vətənpərvər ruhda yetişməsi və inkişafı istiqamətində xidmətləri böyükdür. O, qeyd edib ki, bu gün hər bir gənc YAP-ın Sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu dəstəkləyir.
Onu da qeyd edək ki, YAP Salyan rayon təşkilatının gənclərdən ibarət futbol komandası partiyanın yaradılmasının 20 illiyinə həsr olumuş Sabirabadda keçirilən zona yarışında qalib gələrək kuboka və I yerə layiq görülüb.
Rayonda ilk təşkilatların yaradılmasında əməyi olanlara böyük qayğı var
YAP Salyan rayon təşkilatının qərargahında olduğumuz müddətdə gənclərin və işçilərin ilk təşkilatların yaradılmasında əməyi olmuş, təcrübəli partiya veteranlarına müraciət etdiyini və onlarla məsləhətləşdiyini müşahidə etdik. YAP-ın Salyan rayon ilk təşkilatının yaradılmasında fəal iştirak etmiş həmsöhbətimiz Hacı Hafis Əsgərov ömrünün uzun illərini xalqa xidmətə həsr edib. Hal-hazırda təqaüddə olsa da, həmişə Heydər Əliyev ideyalarına sadiq insandır. Uzun illər Salyan Plastik Kütlə Emalı Zavodu ərazi ilk partiya təşkilatının sədri, rayon təşkilatının Şura və İdarə Heyətinin üzvü olub. Hal-hazırda rayon təşkilatının ağsaqqallar şurasının sədridir. 420 nəfərdən çox üzvü olan ağsaqqallar şurasının ayrı-ayrı ərazi ilk partiya təşkilatında özək təşkilatları vardır.
Hacı Hafis Əsgərov YAP-ın rayonda 1993-cü ildə ilk təşkilatının yaradılmasında yaxından iştirak edib və bu gün də təşkilata maddi və mənəvi köməyini əsirgəmir. O, xidmətlərinə görə dəfələrlə hökumət tərəfindən mükafatlandırılıb. Salyan Plastik Kütlə Emalı Zavodunda müxtəlif məsul vəzifələrdə çalışıb. Hacı Hafis Heydər Əliyev şəxsiyyətinin daim Azərbaycanın inkişafı naminə çalışdığını vurğulayıb: “Ulu öndərimiz 1972-ci ildə çalışdığım müəssisə işə düşərkən onun buraxılışında şəxsən iştirak etdi. Dəzgah arxasında ikimiz şəkil çəkdirdik. O şəkli mən artıq 40 ildir ki, ən əziz xatirə yadigarı kimi saxlayıram. 1992-ci ildə YAP-ın Salyan təşkilatının yaranması barədə biz 11 nəfər olmaqla Naxçıvana, Ulu öndər Heydər Əliyevə məktub göndərdik. Xahiş etdik ki, ilk təşkilatın yaranması üçün bizə kömək etsin və müsbət cavab aldıq. O vaxt YAP-ın Salyan rayon təşkilatının işini günün tələbləri səviyyəsində qaldırmaq üçün əlimizdən gələni edirdik. Mən əvvəllər də iki dəfə Heydər Əliyevlə Azərbaycan KP MK-nın bürosunda görüşmüşəm. Ən nəhayət, 1998-ci ildə prezident seçkiləri ərəfəsində görüşmək şərəfinə nail oldum. Bu gün biz YAP-a xidmət edirik və bundan sonra da belə olacaq”.
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı qurduğu səmərəli iş prinsiplərilə partiyanın respublika üzrə fəal təşkilatlarından birinə çevrilib. Bu da deməyə əsas verir ki, Salyan rayon təşkilatı qarşıdakı ictimai-siyasi proseslərdə də aktiv olacaq və Yeni Azərbaycan Partiyasının uğurlar qazanmasında öz üzərinə düşən vəzifələri yerinə yetirəcək.
www.yap.org.az

Paylaş:
Baxılıb: 1215 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30