Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan xalqı işğal faktını və özünə qarşı törədilmiş bu cinayətləri cəzasız qoymayacaq

Azərbaycan xalqı işğal faktını və özünə qarşı törədilmiş bu cinayətləri cəzasız qoymayacaq

26.02.2013 [03:01]

YAP Gənclər Birliyinin ofisində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
Dünən YAP Gənclər Birliyinin ofisində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə, Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov Xocalı soyqırımının xalqımızın tarixində ən qanlı faciələrdən biri olduğunu bildirib.
S.Orucov bu faciə haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclərin həyata keçirdiyi layihələr barədə məlumat verib: “Azərbaycan gəncliyi olaraq Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq. Gənclərimiz sosial şəbəkələr vasitəsilə soyqırımı haqda məlumatları yayır. Eyni zamanda, e-mail aksiyası keçirərək bir sıra beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin müvafiq strukturlarına Xocalı həqiqətlərini çatdırırıq”.
S.Orucov bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində uğurlu siyasət həyata keçirir. Onun sözlərinə görə, Heydər Əliyev Fondu müxtəlif layihələr vasitəsilə Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırır. S.Orucov deyib ki, bir neçə ildir “Xocalıya ədalət” kampaniyası nəinki ölkəmizdə, beynəlxalq müstəvidə də geniş əks-səda doğurub. “İnanırıq ki, səmərəli fəaliyyət göstərsək, biz nəticədə öz məqsədimizə nail olacağıq. Görülən işlər bunu deməyə əsas verir. Artıq dünyanın bir neçə dövləti Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Bu prosesin davamlı olacağına əminik” - deyə, YAP GB-nin sədri vurğulayıb.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev Xocalı soyqırımının bəşəriyyətə və bütün insanlığa qarşı cinayət olduğunu vurğulayıb. Bu faciənin səbəblərindən danışan B.Əliyev qeyd edib ki, ermənilər tarix boyu azərbaycanlılara qarşı qətliamlar törədiblər. Onun sözlərinə görə, XX əsrin sonunda sovet hakimiyyətinə arxalanan ermənilər 366-cı motoatıcı rus alayının köməyi ilə Xocalı qətliamı kimi dinc insanlara qarşı dəhşətli qırğın törədiblər. Millət vəkili bu soyqırımın dünyada tanıdılması istiqamətində Azərbaycan dövlətinin fəal siyasət həyata keçirdiyini vurğulayıb. “Bu yöndə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməliyik. Eyni zamanda, diaspor təşkilatlarımız bir çox ölkələrdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirirlər. Bu tədbirlərlə biz beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən obyektiv olmağı, erməni vəhşiliyinə münasibət bildirməyi tələb edirik. İstər Xocalı soyqırımının dünyada tanınması, istər Azərbaycanın torpaqlarının işğaldan azad olunması, istərsə də qaçqın-köçkünlərimizin hüquqlarının bərpası məsələsi dövlətimiz tərəfindən başlıca məsələ kimi diqqətdə saxlanılır və bu problemlərin həlli yönündə siyasət davam etdirilir. Təbii ki, bu prosesdə diaspor təşkilatlarımız da son illər fəallaşıblar. Xüsusilə qeyd etmək istəyirəm ki, “Xocalıya ədalət” kampaniyasının dünyada geniş əks-sədası var. Bu hərəkat beynəlxalq miqyasda geniş vüsət alıb. Bu kampaniya vasitəsilə beynəlxalq təşkilatlarda, dövlətlərdə keçirilən tədbirə qatılan insanlar Xocalı faciəsi haqqında əsl həqiqətləri öyrənə biliblər” - deyə, B.Əliyev vurğulayıb.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Xocalı faciəsinin soyqırımı aktı olduğunu bildirib. M.Qurbanlı deyib ki, Azərbaycan dövləti bu məsələyə qiymət verib və Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə bu barədə xüsusi qərar qəbul edilib. Azərbaycan dövlətinin Xocalı faciəsinin dünyada soyqırımı kimi tanınması istiqamətində uğurlu siyasət həyata keçirdiyini deyən YAP İcra katibinin müavini artıq bir sıra dövlətlərin parlamentləri tərəfindən bu barədə müvafiq sənədlərin qəbul olunduğunu xatırladıb. M.Qurbanlı, xüsusilə, “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bir çox dövlətlərin ikili standartlardan yanaşdığını deyən M.Qurbanlının sözlərinə görə, Xocalı soyqırımına münasibətdə də bir sıra dövlətlər və beynəlxalq təşkilatlar laqeydlik nümayiş etdirirlər. “Buna baxmayaraq, biz mübarizəmizi davam etdirməliyik. Azərbaycan dövləti daha da güclənir və biz öz gücümüzə arxalanmalıyıq. Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasında gənclər daha da fəal olmalıdır” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı bildirib ki, bu fəaliyyətin davam etməsi Ermənistan üzərində bizim üstünlüyümüzün daha da güclənməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, apardığımız mübarizə istənilən nəticəni verməkdədir. ABŞ-ın 6 ştatı Xocalı qətliamı haqqında qərar qəbul edib. Pakistan, Kolumbiya, Meksika və başqa ölkələr bu hadisəni soyqırımı kimi tanıyıb. “Bu cinayəti törədənlər nə vaxtsa ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Məndə təəssüf doğuran məqam odur ki, öz daxilimizdə kimlərsə iddia edir ki, Azərbaycanın özü hələ Xocalı faciəsini soyqırımı kimi tanımayıb. Amma mən yuxarıda qeyd etdim ki, 1994-cü ildə parlamentdə bu haqda xüsusi qərar qəbul edilib. Ona görə də, bu məsələlərdə diqqətli olmaq lazımdır. Mən inanıram ki, getdikcə daha çox dövlətlər bu soyqırımını tanıyacaqlar və bu qətliamı törədənlər layiqli cəzasını alacaqlar. Çünki Azərbaycan xalqı bu işğal faktını və özünə qarşı törədilmiş bu cinayətləri cəzasız qoymayacaq” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Dünən, həmçinin, YAP Gənclər Birliyinin üzvləri “Sahil” bağında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı fləşmob da keçiriblər. Gənclər “Sahil” bağında toplaşaraq 613 rəqəmini formalaşdırıblar. Bununla da, gənclər Xocalı soyqırımında 613 nəfər dinc insanın bir gecədə ermənilər tərəfindən qətlə yetirildiyini rəmzi olaraq ifadə ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1200 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30