Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Heydər Əliyev: müasir Azərbaycanın strateji yol xəritəsinin müəllifi

Heydər Əliyev: müasir Azərbaycanın strateji yol xəritəsinin müəllifi

09.05.2026 [12:55]

Müdrik dövlət xadimi, uzaqgörən siyasi lider, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü xalqımızın tərəfindən dərin hörmət və ehtiramla qeyd olunur. Onun zəngin siyasi irsi, həyata keçirdiyi genişmiqyaslı islahatlar və müəyyən etdiyi strateji inkişaf xətti bu gün də dövlətçiliyin möhkəmlənməsinə və davamlı tərəqqiyə xidmət edir.

Ulu Öndərin siyasi fəaliyyəti hələ Sovet dövründə geniş miqyas almışdır. 1969-cu ildən başlayaraq respublikanın rəhbərliyində təmsil olunan Heydər Əliyev qısa müddətdə iqtisadiyyatın müxtəlif sahələrində ciddi dönüş yaratmış, sənaye və kənd təsərrüfatının misilsiz inkişafına nail olmuşdur. Onun təşəbbüsü ilə yeni sənaye müəssisələri yaradılmış, mövcud istehsal sahələri modernləşdirilmiş və ümumi iqtisadi potensial əhəmiyyətli dərəcədə artırılmışdır. Bu siyasət nəticəsində Azərbaycan ittifaq miqyasında qabaqcıl mövqelərdən birini tutmuşdur.

Eyni zamanda, milli kadrların hazırlanması və irəli çəkilməsi istiqamətində həyata keçirilən siyasət xüsusi əhəmiyyət daşıyırdı. Gənclərin nüfuzlu ali məktəblərdə təhsil alması üçün geniş imkanlar yaradılmış, onların yüksək ixtisaslı mütəxəssis kimi formalaşmasına şərait təmin edilmişdir. Bu siyasət gələcəkdə dövlət idarəçiliyində və iqtisadiyyatın müxtəlif sahələrində peşəkar kadrların yetişməsinə mühüm zəmin yaratmışdır. Sosial sahədə aparılan işlər, şəhər və rayonlarda infrastrukturun inkişafı, mədəniyyət və təhsil sahələrinə göstərilən diqqət isə cəmiyyətin ümumi rifahının yüksəlməsinə mühüm təsir göstərmişdir.

1990-cı illərin əvvəllərində yaranmış ağır ictimai-siyasi vəziyyət dövlətçiliyi ciddi təhlükə qarşısında qoymuş, ölkədə xaos və idarəetmədə böhran vəziyyəti formalaşmışdır. Məhz belə mürəkkəb bir şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı tarixi dönüş nöqtəsinə çevrildi. Onun zəngin dövlətçilik təcrübəsi və qətiyyətli siyasəti nəticəsində ölkədaxili qarşıdurmaların qarşısı alındı, ictimai-siyasi sabitlik bərpa olundu və dövlət qurumlarının fəaliyyəti təmin edildi. Bu mərhələ dövlətin gələcək inkişafı üçün möhkəm təməl rolunu oynadı.

1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması müharibənin genişlənməsinin qarşısını almaqla yanaşı, ölkədə sabitliyin möhkəmləndirilməsinə və sosial-iqtisadi dirçəlişə töhfə verdi. Həmin il sentyabrın 20-də imzalanan və “Əsrin müqaviləsi” kimi tarixə düşən neft sazişi isə dövlətin iqtisadi inkişaf strategiyasında mühüm mərhələnin başlanğıcı oldu. Dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq genişləndirildi, böyük həcmdə xarici investisiyalar cəlb olundu və enerji sektorunda yeni inkişaf mərhələsi başladı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər dövlətin təhlükəsizlik sisteminin möhkəmləndirilməsi və müdafiə qabiliyyətinin artırılması baxımından həlledici əhəmiyyət kəsb etmişdir. Bu sahədə mövcud olan pərakəndəlik aradan qaldırılmış, nizami və mərkəzləşdirilmiş silahlı qüvvələrin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Vahid komandanlıq sisteminin yaradılması, idarəetmədə intizamın gücləndirilməsi və hərbi hissələr arasında koordinasiyanın təmin olunması ordunun çevik və effektiv fəaliyyət göstərməsinə imkan yaratmışdır. Eyni zamanda, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, silah və texnika ilə təminatın yaxşılaşdırılması, hərbi qulluqçuların sosial vəziyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılmışdır.

İqtisadi sahədə həyata keçirilən islahatlar bazar iqtisadiyyatına keçidin təmin olunmasına yönəlmiş kompleks tədbirlərlə müşayiət olunurdu. Sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradıldı, hüquqi baza formalaşdırıldı və özəlləşdirmə proqramları vasitəsilə iqtisadiyyatın müxtəlif sahələrində struktur dəyişiklikləri həyata keçirildi. Regionların inkişafı, infrastrukturun yenilənməsi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun artırılması iqtisadiyyatın dayanıqlı inkişafına mühüm töhfə verdi.

Ümummilli Lider Heydər Əliyevin sosial siyasəti dövlət idarəçiliyinin ən mühüm istiqamətlərindən biri kimi formalaşmış və əhalinin rifah halının yüksəldilməsinə yönəlmiş kompleks, sistemli və uzunmüddətli tədbirləri özündə birləşdirmişdir. Bu siyasətin əsas mahiyyəti sosial ədalətin təmin olunması, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və cəmiyyətin bütün təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi idi. Heydər Əliyev sosial siyasəti yalnız iqtisadi inkişafın nəticəsi kimi deyil, həm də dövlətin birbaşa prioritet vəzifəsi kimi qiymətləndirir və bu istiqamətdə həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi.

Heydər Əliyevin sosial siyasətində məşğulluğun təmin olunması və əhalinin gəlirlərinin artırılması əsas prioritetlərdən biri idi. Yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafının təşviqi və iqtisadi fəallığın artırılması əhalinin sosial rifahına birbaşa təsir göstərirdi. Dövlət tərəfindən həyata keçirilən proqramlar vasitəsilə işsizliyin azaldılması istiqamətində mühüm nəticələr əldə olundu. Bununla yanaşı, əmək bazarının tənzimlənməsi və sosial müdafiə tədbirlərinin genişləndirilməsi sosial sabitliyin qorunmasına xidmət edirdi.

Təhsil sahəsi Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Bu sahədə həyata keçirilən siyasət uzunmüddətli inkişaf məqsədlərinə xidmət etmişdir. Onun təşəbbüsü ilə təhsil sistemində köklü islahatlar aparılmış, məktəblərin maddi-texniki bazası gücləndirilmiş və müasir tədris metodlarının tətbiqi genişləndirilmişdir. Yeni təhsil müəssisələrinin tikilməsi, mövcud məktəblərin yenidən qurulması və tədris proqramlarının müasirləşdirilməsi təhsilin keyfiyyətinin yüksəlməsinə şərait yaratmışdır.

Heydər Əliyevin rəhbərliyi dövründə səhiyyə sahəsində həyata keçirilən siyasət əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərin hər kəs üçün əlçatanlığının təmin olunması baxımından mühüm nəticələr vermişdir. Bu istiqamətdə mütərəqqi islahatlar həyata keçirilmiş, səhiyyə sisteminin təşkilati və maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. Yeni xəstəxanaların, poliklinikaların və digər tibb müəssisələrinin tikilməsi ilə yanaşı, mövcud səhiyyə obyektləri əsaslı şəkildə yenidən qurulmuş, müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Bu amillər regionlarda da tibbi xidmətlərin səviyyəsinin yüksəlməsinə və əhali üçün daha əlçatan olmasına şərait yaratmışdır. Eyni zamanda, profilaktik səhiyyənin inkişafına xüsusi diqqət yetirilmiş, xəstəliklərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri gücləndirilmişdir. Müasir diaqnostika və müalicə üsullarının tətbiqi, tibb sahəsində çalışan kadrların peşəkarlığının artırılması və onların ixtisasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər səhiyyə xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərmişdir.

Ümummilli Lider Heydər Əliyevin xarici siyasəti dövlətin beynəlxalq münasibətlər sistemində etibarlı mövqe qazanmasına zəmin yaratmışdır. Onun rəhbərliyi dövründə müxtəlif siyasi və iqtisadi sistemlərə malik dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurulmuş, beynəlxalq təşkilatlarla əlaqələr genişləndirilmiş, diplomatik fəaliyyət isə keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə etibarlı tərəfdaş kimi tanınmış, regionda sabitlik və əməkdaşlığın təşviqində fəal iştirak edən mühüm aktora çevrilmişdir.

Ulu Öndərin strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısının reallaşdırdığı uğurlu siyasət nəticəsində dövlətin siyasi-iqtisadi və hərbi gücü əhəmiyyətli dərəcədə artmış, xüsusilə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər müdafiə qabiliyyətini yeni mərhələyə yüksəltmişdir. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmış, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici addımlar atılmışdır. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyi bərpa olunmuşdur. Bu mühüm uğurlar strateji kursun unikallığını təsdiqləməklə yanaşı, dövlətin beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirmişdir. Şanlı zəfərlər dövlətin gücünü, düzgün strateji kursun uğurunu və milli birliyin əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış Proqramı uğurla icra olunur, genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni şəhər və kəndlər salınır. Həmin proses sosial-iqtisadi potensialın daha da artmasına, regionların yenidən canlanmasına və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir.

Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi və ideoloji irsi bu gün də dövlətçilik yolunda əsas istiqamətverici amil kimi çıxış edir. Onun müəyyən etdiyi strateji inkişaf kursu müasir dövrdə də yeni nailiyyətlərin əldə olunmasına zəmin yaradır və gələcək inkişafın möhkəm təminatı kimi öz aktuallığını qoruyur.

Ramil Mirzəyev

YAP Xətai rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31