Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

13.05.2014 [09:23]

Aksiya çərçivəsində 500-dən çox şam ağacı əkilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə mayın 9-da Yeni Azərbaycan Partiyası (YAP) və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə aksiyası keçirilib.
Aksiyada Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları, Nərimanov rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası hər il Azərbaycan xalqının Ümummilli lideri, partiyanın yaradıcısı Heydər Əliyevin anadan olmasının ildönümləri ərəfəsində müxtəlif aksiyalar keçirir. Onun sözlərinə görə, bu aksiyalar içərisində Bakı şəhərində yaşıllaşdırma, ağacəkmə kampaniyalarının keçirilməsi mühüm yer tutur: “Partiyanın bu ənənəsinin artıq böyük bir tarixi vardır. Biz ayrı-ayrı vaxtlarda Bakının müxtəlif guşələrində çoxlu sayda ağaclar əkmişik. Nərimanovda bir neçə il bundan əvvəl əkdiyimiz ağaclar artıq böyüyüb və Bakı şəhərinin, eləcə də Nərimanov rayonunun ekologiyasına müsbət təsirini göstərir. Bu gün də Ulu öndərin anadan olmasının 91-ci ildönümü ərəfəsində YAP-ın fəallarının bir qismi bu ərazidə ağacəkmə kampaniyasını həyata keçirir”.
YAP Sədrinin müavini qeyd edib ki, Ümummilli lider Heydər Əliyev ətraf mühitin qorunmasına, yaşıllıqların salınmasına xüsusi diqqət yetirirdi. “Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə böyük önəm verir. Çünki təmiz ekologiya, təbiət hər bir insanın sağlamlığı üçün çox vacibdir və bu işə mühüm töhfə verən kampaniyalardan biri də ağacların əkilməsidir” - deyə, Əli Əhmədov vurğulayıb. Aksiya çərçivəsində 500-dən çox şam ağaclarının əkildiyini deyən YAP Sədrinin müavini əlavə edib ki, bu ağaclar da bir neçə ildən sonra böyüyəcək və Azərbaycanın, Bakının ekologiyasının təmizlənməsinə kömək göstərəcək. “Azərbaycan Prezidenti İlham Əliyev yaşıllıqlara, ağaclara qayğı göstərilməsini dəfələrlə vurğulayıb. Bu barədə dövlət başçısının həm mövqeyi, həm də tapşırıqları hər birinizə bəllidir. YAP Ulu öndərin doğum günü ərəfəsində bu aksiyanı keçirməklə bir tərəfdən vaxtilə Heydər Əliyevin yaşıllığa, ekologiyaya verdiyi önəmli qiyməti, ənənəni davam etdirir. Digər tərəfdən isə, Prezident İlham Əliyevin tapşırıqlarının icrası istiqamətində partiyamız öz töhfələrini verməkdədir. Hesab edirik ki, təmiz ekologiya, təbiət, hava hər bir insanın sağlamlığı üçün böyük önəm daşıyır və bu işə də mühüm töhfə verən kampaniyalardan biri də ağacların əkilməsidir” - deyə, Əli Əhmədov vurğulayıb.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, bu ərazi YAP tərəfindən salınmış yaşıllıqdır: “Hesab edirik ki, biz burada çox gözəl bir meşə massivi yaradacağıq. Çünki biz bundan öncə də Bayılda çox gözəl bir meşə zolağı salmışdıq. Demək olar ki, orada on illərlə belə aksiyalar keçirilib. Hazırda isə biz Nərimanov rayonunda bu aksiyanı həyata keçiririk”.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə deyib ki, Ulu öndər Heydər Əliyev ətraf mühitin qorunması, yaşıllıq zolaqlarının salınması istiqamətində çox böyük işlər həyata keçirib: “Dahi şəxsiyyətin hakimiyyəti illərində paytaxt Bakıda böyük yaşıllıq zolaqları salınıb. Prezident İlham Əliyev də Ümummilli lider Heydər Əliyevin bu siyasətini davam etdirərək, yaşıllaşdırma, ətraf mühitin və ekoloji tarazlığın qorunması siyasətini çox ciddi şəkildə həyata keçirir. Heydər Əliyev Fondu da bu istiqamətdə çox böyük işlər görməkdədir. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda yaşıllıq zolaqlarının salınması istiqamətində işlər görülür və ekologiyamızın qorunması üçün tədbirlər həyata keçirilir. Təbii ki, YAP da ildə bir neçə dəfə bu cür tədbirləri həyata keçirməkdədir. Bu, Ulu öndərimizin müəyyənləşdirdiyi siyasətə bir töhfədir”.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə bildirib ki, bu kimi tədbirlərin təşkili yüksək qiymətləndirilməlidir: “Ağac əkmək, ətrafın gözəlləşməsində, abadlaşmasında iştirak etmək YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Partiyamız həmişə, o cümlədən əlamətdar günlər ərəfəsində belə təşəbbüslərlə çıxış edir, yaşıllaşmaya öz töhfəsini verir və bu yöndəki mövqeyini göstərir. Bu, hər kəsə bir çağırış və mesajdır. Ətraf mühitin qorunması insanların müqəddəs işlərindən biri olmalıdır. Nəzərə alsaq ki, bu tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub, elə burada əkilən ağaclar dahi şəxsiyyətin ideyalarının bundan sonra da daha yaxşı qol-budaq atmasının rəmzi mənası kimi qəbul edilə bilər”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov qeyd edib ki, partiyamız daim mütərəqqi addımlar atır. Onun sözlərinə görə, yaşıllaşdırma kampaniyasının keçirilməsi də YAP-ın ideyalarından irəli gələn məsələdir: “Əlbəttə ki, bu cür tədbirlər yalnız alqışa layiqdir. Gələcəkdə də belə tədbirlərin davamlı olacağı şübhəsizdir”.
BDU-nun rektoru, YAP İdarə Heyətinin üzvü, millət vəkili Abel Məhərrəmov da bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən ilboyu çox müxtəlif tədbirlər həyata keçirilir. Təbii ki, bu tədbirlərin hər birinin özünəməxsus dəyəri var. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan tədbirlər xüsusi olaraq yaddaqalan və əhəmiyyətlidir: “Bu tədbirlərin həm tərbiyəvi, həm də mənəvi əhəmiyyəti böyükdür. Bu gün hər bir ölkənin üzərinə böyük məsuliyyət düşür ki, dünyada oksigen təminatını ortaya qoya bilsin. Bu ağacəkmə aksiyası tək iməcilik deyil, eləcə də, paytaxt Bakının yaşıllaşdırılmasına olan böyük ehtiyacı ödəyir. Bu gün Beynəlxalq Hava Limanına gedərkən yolun sağında və solunda ağacları gördüyümüz zaman sevinirik. Bu məsələyə diqqətin nəticəsidir ki, Prezident İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan etmişdi”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sözlərinə görə, Ulu öndər Heydər Əliyev yaradan, quran, yeni həyat bəxş edən insan kimi xalqımızın yaddaşında yaşayır: “Ona görə də, bu tədbirin rəmzi mənası var. Biz bu ağacları əkməli, becərməli və qorumalıyıq. Bunlar bizə Ümummilli liderimizdən qalan mirasdır. Bu mənada hesab edirəm ki, bu tədbir yalnız ağacəkmə aksiyası deyil, həmçinin, hamıya göstərməkdir ki, torpağı becərirsənsə bəhrəsini verir, öz torpağına hörmət edirsənsə başqaları da hörmət edir”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə hesab edir ki, belə tədbirlərlə partiyamız digər siyasi təşkilatlara nümunə göstərir: “Bu kampaniya bir daha göstərir ki, YAP yaradıcılıqla, quruculuqla məşğul olaraq cəmiyyətə xidmət edir”.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev yaşıllaşdırma kampaniyasının əhəmiyyətli olduğunu vurğulayıb: “Partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi olmasını belə tədbirlərlə də sübuta yetirir. Hesab edirəm ki, digər partiyalar da YAP-ın təcrübəsindən yararlanmalıdır”.
Qeyd edək ki, yüksək fəallıqla keçən aksiyada ətraf ərazi tullantılardan və alaq otlarından təmizlənib, 500-dən çox Leylandra növlü şam ağacları əkilib.
Nardar BAYRAMLI,
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 857 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30