Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır

Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır

21.11.2018 [08:42]

1992-ci il oktyabrın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. Ziyalıların müraciətinə Ümummilli liderin “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı həmin dövrün çətinliklərindən xilas yolunu göstərməklə yanaşı, bugünkü uğurlarımızın başlanğıcı kimi dəyərləndirildi. “Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir”, - söyləyən Ulu öndər Heydər Əliyev “Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərin həllində biganə qalmağa heç kəsin haqqı yoxdur” bildirərək bu inamı da ifadə etmişdir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində obyektiv zərurətdən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə qeyd edib: “Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri 26 illik zaman ayırır. Təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün xalqın partiyasına çevrilərək, Ulu öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi davamlı uğurları ilə diqqət mərkəzindədir. Ən əsası bu günümüzün reallıqları Ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Bu gün 750 minə yaxın insanı sıralarında birləşdirən partiya, dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atıb ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, 26 illik tarixini qələbələr və uğurlarla zənginləşdirir”.
“Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 750 minə yaxın insanı birləşdirir, onların 40 faizi gənclərdir. Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”. Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının II qurultayında “Birincisi, gənclər bizim partiyanın sıralarında xüsusi qayğıya malik olmalıdırlar. Onlara qayğı göstərmək lazımdır. İkincisi də, gənclər arasında geniş iş apararaq, partiyanın nizamnaməsini, məramnaməsini və partiyanın gördüyü işləri onlara anlatmaq lazımdır” tapşırığının reallıqda öz əksini tapan davamıdır. Dahi şəxsiyyət Heydər Əliyev partiyanın sıralarında qadınların və gənclərin böyük çoxluq təşkil etməsinin vacibliyini bildirirdi. Yeni Azərbaycan Partiyasının tərkibində Gənclər Birliyinin və Qadınlar Şurasının yaradılması, həmçinin partiyanın rayon təşkilatlarında onların fəaliyyətinin genişləndirilməsi də bu tələbdən irəli gəlirdi. 750 minə yaxın üzv böyük qüvvədir. Bu, yalnız rəqəm deyil, eyni zamanda, həyata keçirilən siyasətə dəstək, partiyanın bu gününə və gələcəyinə inamın göstəricisidir. Məhz bu inam partiyanın ölkədə keçirilən hər bir seçki prosesindən böyük qələbə ilə çıxmasını şərtləndirir.
2018-ci il ölkəmizdə prezident seçkiləri ili kimi xarakterizə olunur. Hər bir seçki prosesinə böyük ruh yüksəkliyi ilə qatılan Yeni Azərbaycan Partiyasının seçdiyi şüarlara diqqət yetirdikdə partiyanın məqsəd və məramı özünü qabarıq şəkildə büruzə verir. “Davamlı inkişaf, yüksək rifah”, “Yeni hədəflərə doğru” deyib, fəaliyyətinin əsasında dövlətə, xalqa xidmətin dayandığını bir daha təsdiqləyən Yeni Azərbaycan Partiyası 2018-ci il prezident seçkilərində uğurlarımızın davamlılığının təmin edilməsi üçün “İlhamla irəli” söylədi. Növbəti 7 ilin hədəfləri müəyyənləşdirilərək, onlara yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olmağın mümkünlüyü verilən səslərlə təsdiqləndi. Dövlətimizin başçısı İlham Əliyev bu dəstəyi andiçmə mərasimində belə dəyərləndirmişdir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir”.
V.Rəhimzadənin sözlərinə görə, Yeni Azərbaycan Partiyasını xalqın partiyasına çevirən, qələbələr partiyası kimi tanıdan - tutduğu yola sadiqliyi, populizmdən uzaq olması, hər addımında dövlətin maraqlarını üstün tutmasıdır. Qeyd etdiyimiz kimi, Azərbaycanın 27 illik müstəqillik tarixinin bələdçisi olan partiya müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunan uğurlar sayəsində də özünəinamı və etimadı gücləndirir.
26 illik zəngin tarixin səhifələrini bir Azərbaycan vətəndaşı, cəmiyyətin güzgüsü olan mətbuatın nümayəndəsi, “91-lər”dən biri kimi vərəqləməyi özünə borc bildiyini deyən V.Rəhimzadə açıqlamasında YAP-ın yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrilməsindən, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının həm Azərbaycanın, həm də YAP-ın həyatında yeni mərhələnin əsasını qoymasından, bundan sonra ölkəmizdə bütün sahələrdə həyata keçirilən işlərdən, reallaşdırılan islahatlardan, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində istər siyasi, istərsə iqtisadi, istərsə də beynəlxalq əməkdaşlıq sahəsində əldə edilən uğurlardan ətraflı bəhs edib.
“Təbii ki, bu uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini şərtləndirir. Diplomatik uğurlarımızla yanaşı, iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordumuzun gücünün və qüdrətinin artması da Dağlıq Qarabağ probleminin həllinə geniş yol açır. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi, Bakının azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən paradlar Azərbaycan Ordusunun malik olduğu imkanların təqdimatıdır. Eyni zamanda, 2016-cı ilin Aprel döyüşləri, cari ilin Naxçıvan qələbələri bu əminliyə əsas verir ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündədir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq təşkilatların tribunalarından Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, torpaqlarımızın bir qarışının belə düşmənə verilməyəcəyini bəyan edir”, - deyə V.Rəhimzadə bildirib.
V.Rəhimzadə deyib ki, islahatların zamanın tələbinə uyğun təkmilləşməsi, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsi yenilikçi ölkə kimi nüfuzunu daha da artırır. Qeyd edilib ki, uğurlarımıza yol açan mühüm amillərdən biri idarəçilik sistemində təkmilləşmə və yeniləşmədir: “Məlumdur ki, 2016-cı ildə keçirilən referendumda səsverməyə çıxarılan əlavə və dəyişikliklərin bir hissəsi məhz idarəçilik sistemində təkmilləşməyə xidmət edir. Prezidentlik müddətinin 7 ilə qədər uzadılması, vitse-prezidentlik institutunun yaradılması, yaş məhdudiyyətinin aradan götürülməsi və s. kimi mühüm məsələlər bu günümüzün reallıqları sırasındadır.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi uğurlarımızın davamlılığında mühüm amillərdəndir. Sosial problemlərin həllini daha çox öndə saxlayan Mehriban xanım Əliyevanın öz doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımları təqdir olunur. Mehriban xanım Əliyeva daim bu inamı ifadə edir ki, tezliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar”.
“Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti hər zaman ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir” deyən Vüqar Rəhimzadə bildirib ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin növbəti 43-cü sessiyasının gələn il Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində təbii ki, Mehriban xanım Əliyevanın bu xidmətlərinin rolu böyükdür. UNESCO ilə Azərbaycan arasındakı əlaqələr Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-cü ildə qurumun xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başladı: “Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Bir sözlə, bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində körpü rolunu oynayır”.
Qeyd edilib ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı əsasında keçirilən birinci Avropa Oyunları, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın müstəqillik tarixinin uğurlarının, həmçinin İslam həmrəyliyinə, multikultural dəyərlərin inkişafına töhfələrinin təqdimatında, dünyaya sülh, əməkdaşlıq, birlik mesajlarının ünvanlanmasında əhəmiyyətli rol oynadı.
Azərbaycanın Ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəlilədiyini deyən V.Rəhimzadənin sözlərinə görə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan Ümummilli liderin görmək istədiyi Azərbaycandır. Azərbaycana hansı tərəfdən diqqət yetirsək, yalnız və yalnız inkişafın şahidi olarıq. Həyata keçirilən siyasətin alternativsizliyi davamlı uğurların müşayiətçisidir.
V.Rəhimzadə sonda “açıqlamama müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin partiyanın 25 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə səsləndirdiyi bu fikirlərlə yekun vurmaq istərdim: “Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.
Prezident İlham Əliyevin bu fikirləri Ümummilli lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin davamıdır. Partiyanın 26 illik yoluna bələdçilik edən bu inam qarşıdakı uğurların aydın mənzərəsini yaradır.
Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə monolit, dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur, dünənimizin, bu günümüzün və sabahımızın əsası olan Heydər Əliyev ideyalarının əsas təbliğatçısıdırlar”, - deyə əlavə edib.

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30