Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Qarabağ Azərbaycandır!”

“Qarabağ Azərbaycandır!”

15.10.2019 [09:56]

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində bu mövzuda konfrans keçirilib

 

Əli Əhmədov: Qarabağ Azərbaycan üçün “olum, ya ölüm” fəlsəfəsini ifadə edir

 

Oktyabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib. Konfransda YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın yerli təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi. Bununla da, bu məsələlər gündəmin əsas mövzusuna çevrilib. Onun sözlərinə görə, dövlətimizin başçısının hər iki çıxışı Ermənistanın həyata keçirdiyi siyasətin əsl mahiyyətini üzə çıxarır: “Prezidentimizin Aşqabaddakı çıxışı Ermənistan dövlətinin apardığı təhlükəli siyasətin ifşası oldu. Dövlətimizin başçısı İlham Əliyev bütün dünya birmənalı şəkildə faşist ideologiyasına qarşı olduğu halda, Ermənistan hökumətinin açıq şəkildə bu ideologiyaya əsaslanan siyasi kursu həyata keçirdiyini sübut etdi. Beləliklə də, Ermənistanın həm dünya birliyinə, həm qonşularına, həm də vaxtilə tərkibində olduğu ittifaqa və ondan ayrılaraq müstəqil dövlətə çevrilmiş ölkələrə, onların xalqlarına qarşı xəyanət mövqeyini sübuta yetirmiş oldu. Faşist ideologiyası dünyada on milyonlarla insanın həlak olmasına, bu müharibədə iştirak edən xalqların böyük itkilərinə gətirib çıxarıb. Dövlətimizin başçısı İlham Əliyev bunu faktlarla sübut etməklə Ermənistan hökumətinin faşist ideologiyasına xidmət etdiyini dünyaya bir daha çatdırdı. Bu bəyanatın digər vacib məqamlarından biri ondan ibarət idi ki, Prezident İlham Əliyev Ermənistanın faşistcəsinə Azərbaycana qarşı torpaq iddialarını ortaya qoydu və Azərbaycanın torpaqlarını işğal etməsi faktını və səbəblərini diqqətə çatdırdı. Güman edirəm ki, MDB-nin rəhbərləri kimi, bu ölkələrin hər birinin xalqları Ermənistanın dövlət ideologiyasının nəyə istinad etdiyini və bunun məhz qonşulara qarşı təcavüz siyasətinin kökündə dayandığını aydın dərk edəcək, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı suallara düzgün cavab tapacaqlar”.
Əli Əhmədov deyib ki, Prezident İlham Əliyev Soçidə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirməklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni baxışı ortaya qoydu: “Əlbəttə, münaqişənin davam etdiyi bütün illərdə Qarabağın Azərbaycanın əzəli torpağı olması fikri dəfələrlə bəyan edilib. Dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda, “Qarabağ Azərbaycandır” fikri yeni yanaşmadan xəbər verir. Qarabağın Azərbaycanın torpaqlarının bir hissəsi olması ilə “Qarabağ Azərbaycandır!” kəlmələri arasında böyük fərq var. Bu fərq ondan ibarətdir ki, əgər Qarabağı Azərbaycanın bir tərkib hissəsi, ərazi vahidi kimi qəbul ediriksə, buna yanaşma bir cür ola bilər. Eyni zamanda, bunun mənsubiyyətinin dəyişməsi xəyallarına düşənlər də ola bilər. Necə ki ermənilər bu xəyala düşüblər. Amma “Qarabağ Azərbaycandır!” fikrinin ifadə edilməsi Qarabağla bağlı hansısa bir fərqli düşüncənin ortaya qoyulması üçün heç bir əsaslara yer qoymamış olur. Yeni yanaşma ondan ibarətdir ki, Qarabağ Azərbaycan üçün “olum, ya ölüm” fəlsəfəsini ifadə edir. Bu yanaşmanın əsas mahiyyəti məhz bundan ibarətdir. Beləliklə də, dövlətimizin başçısı İlham Əliyev Qarabağ məsələsində yeni yanaşma ortaya qoymaqla və davamı olaraq nida işarəsi deməklə Azərbaycan xalqının, dövlətinin, Prezidentinin qətiyyətini ifadə edib. Bir yandan “Qarabağ Azərbaycandır!”, “Qarabağsız Azərbaycan yoxdur”, “Qarabağ Azərbaycan üçün olum, ya ölüm məsələsidir”, digər bir yandan isə bu məsələdə bütün Azərbaycan xalqının geriyə bir addım da olsun belə atmaq fikri olmadığı bəyan edilir. Bu da nida işarəsi ilə ifadə olunur”.
Əli Əhmədovun fikrincə, bu bəyanat üç ünvana göndərilmiş mesaj kimi dəyərləndirilir: “Birincisi, Ermənistan cəmiyyəti, rəhbərliyidir. Onlar öz xülyalarından əl çəkməlidirlər. İkincisi, beynəlxalq təşkilatlar və bu münaqişənin həlli ilə məşğul olan vasitəçilərdir. Bir yandan dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın mövqeyinin nə qədər qətiyyətli, Azərbaycan üçün olum, ya ölüm məsələsi olduğunu ifadə edirsə, digər bir yandan bu məsələyə beynəlxalq təşkilatların daha həssas yanaşmasının vacibliyini diqqətə çatdırır. Bütövlükdə, münaqişələrin nizama salınması ilə əlaqədar iki prinsipial yanaşma mövcuddur: birincisi, ərazi bütövlüyü prinsipinin qorunması, ikincisi, xalqların öz müqəddəratını təyin etməsi. Bir halda ki, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi qəbul olunub, belə olan təqdirdə etnik qrupların öz müqəddəratını təyin etməsi prinsipi toxunulması mümkün olmayan ərazilər, yəni dövlətin dəyişdirilməyən əraziləri çərçivəsində həyata keçirilməlidir. Dünya birliyi ölkələrdəki sabitliyin fundamental əsaslarından biri kimi bu amili qeyd edir. Qarabağın erməni əhalisi Azərbaycan əhalisinin sayının 1 faizinə bərabərdir. Belə olan halda, bu kiçik etnik qrupun xalqların öz müqəddəratını təyin etməsi prinsipindən faydalanmaq istəyi mahiyyət etibarilə öz mənasını itirmiş olur”.
YAP Sədrinin müavini söyləyib ki, Prezident İlham Əliyevin mesajının üçüncü ünvanı Azərbaycan cəmiyyətidir. Onun sözlərinə görə, hər bir cəmiyyətin birliyini, vətəndaş həmrəyliyini təyin edən və onu möhkəmləndirən fundamental əsaslar, ideyalar mövcuddur. Azərbaycanın müstəqillik ideyası cəmiyyətin birliyini, həmrəyliyini təmin edən ideyalardır. Bu ideyalar içərisində ən vaciblərindən biri məhz “Qarabağ Azərbaycandır!” ideyasıdır. “Dağlıq Qarabağ münaqişəsi nizama salınana qədər, işğal altında olan torpaqlarımız işğaldan azad edilənə qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır!” olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bu ideya ətrafında birləşməlidir. Güman edirəm ki, bu ideyalar Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar qətiyyətini, döyüş gücünü, torpaqlarımızı işğaldan azad etmək əzmini daha da gücləndirəcək. Bu yanaşmalar “Qarabağ Azərbaycandır!” məfkurəsinin əsasında dayanan əsas ideyalardır. Azərbaycan vətəndaşlarının dövlətimizin başçısı İlham Əliyevin məlum bəyanatını dəstəkləməsi, səsini ucaltması ondan xəbər verir ki, ölkə Prezidentinin ifadə etdiyi bu məfkurəni qəbul edirlər, dövrümüzün milli ideyalarının tərkibinə bu məfkurənin əlavə olunmasının tərəfdarı olduqlarını bildirirlər. Bütün bölgələrdən olan vətəndaşlarımız “Qarabağ Azərbaycandır!” deyib səslərini ucaldırlar. Güman edirəm ki, ucalan səslər daha da artacaq”, - deyən Əli Əhmədov qeyd edib ki, bütün Azərbaycan vətəndaşları dövlətimizin başçısı İlham Əliyevin məlum bəyanatını dəstəklədikləri halda, çox az sayda olan müxalifətçilər tamamilə qeyri-adekvat mövqe nümayiş etdirərək az qala Ermənistanın mövqeyini müdafiə edən bir yanaşma ortaya qoyurlar: “Onların Ermənistan rəhbərliyini az qala ideallaşdırmaları, hardasa rəsm çəkdirməsindən ruhlanmaları tamamilə milli sifətlərini itirmələrindən xəbər verir. Bütövlükdə bu, çoxdan itirilmiş müxalifət sifətinin ən xoşagəlməyən cizgilərini xatırladır. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının hər biri “Qarabağ Azərbaycandır!” bəyanatını dəstəkləməklə əslində Azərbaycan müxalifətinin çirkin niyyətlərini ifadə edən hissəsinə də cavab vermiş olur”.
“Qarabağın azadlığı uğrunda mübarizənin yeni mərhələsindəyik. Bu mərhələnin əsas fəlsəfəsi, başlıca ideyası “Ya Qarabağ, ya ölüm”, “Qarabağ Azərbaycan üçün olum, ya ölüm məsələsidir” məfkurəsinin birmənalı şəkildə qəbul edilməsindən ibarətdir. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün əsas vəzifəsi ondan ibarətdir ki, bu məfkurənin milli ideyaya çevrilməsinə, bu ideyanın hər bir insanın düşüncəsinə yol tapmasına və milli şüurun daha da möhkəmlənməsinə xidmət etməkdir. “Qarabağ Azərbaycandır!” deyən gənclərimiz bu işdə öz fəallıqlarını daha da artıracaqlar. Bütün xalqımız dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşərək Qarabağın Azərbaycan olduğunu bütün dünyaya, ilk növbədə buna şübhə edən ermənilərə sübut edəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Konfransda çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda MDB dövlət başçılarının zirvə toplantısında etdiyi çıxışlar beynəlxalq münasibətlər tarixində milli maraqları qorumaq mövqeyi baxımından qızıl hərflərlə yazılacaq bir çıxışdır. Onun sözlərinə görə, bu gün dünyada çox çətin, mürəkkəb, ədalətsiz beynəlxalq mühit mövcuddur: “Xalqları xaosa sürükləmək niyyətində olan qüvvələr çox güclüdür. Heç də hər bir xalq bu qüvvələrə qarşı mübariz olub, sinə gərmək iqtidarında olmur. Biz də bu mübarizənin içindəyik. Böhtana, yalana, torpaqlarımızı işğal edən işğalçı qüvvələrə qarşı mübarizədəyik. Bu mübarizəni dövlət başçısı hər iki toplantıda həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi. Hesab edirəm ki, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri məhz Prezidentimizin şəxsi keyfiyyətləridir. Digər məsələ isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair erməni təbliğatını ifşa etmək və onu darmadağın etməkdir”.
Komitə sədri deyib ki, Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanın qoymaq istədiyi nöqtə əslində ləkədir və bu ləkə də Qarabağdan silinməlidir. S.Seyidov söyləyib ki, dövlətimizin başçısının həyata keçirdiyi qətiyyətli siyasətin əsas məqsədi də Ermənistanın işğalçılıq siyasətinə son qoymaqdır.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov isə çıxışında bildirib ki, Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir. Onun sözlərinə görə, münaqişənin həlli dövlətimizin siyasətində başlıca yer tutur. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirdi. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Millət vəkili deyib ki, dövlətimizin başçısı bütün mötəbər tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdırır. “Dövlətimizin başçısı bütün tribunalardan bəyan edir ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək”, - deyən B.Sadıqovun sözlərinə görə, artıq işğalçı tərəf çıxılmaz durumdadır. “İşğalçı tərəfə birinci güclü zərbə aprel döyüşləri ilə vuruldu. İkinci zərbə isə Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda Prezident İlham Əliyevin çıxışı oldu. Eyni zamanda, dövlətimizin başçısı Aşqabadda çıxışı ilə faşizmin Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu dünyaya bəyan etdi”, - deyən B.Sadıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminliyini ifadə edib. Millət vəkili söyləyib ki, xarici ölkələrdə yaşayan soydaşlarımız da “Qarabağ Azərbaycandır!” hərəkatında fəal iştirak etməlidirlər. Beləliklə də, “Qarabağ Azərbaycandır!” hərəkatı beynəlxalq hərəkata çevrilməlidir.
“Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda qətiyyətli bəyanatı bizi - Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdi və ruhlandırdı”. Bu fikirləri isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, dövlət başçısının çıxışı Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına bir mesaj idi: “Bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracağımız gün uzaqda deyil. Biz ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bunu gündəlik həyatımızla bağlamalıyıq. Sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda bu fəaliyyəti davam etdirməliyik”.
T.Gəncəliyev qeyd edib ki, ermənilərə ikinci böyük zərbə Aşqabadda - MDB-nin zirvə toplantısında vuruldu: “Bütün bunların sayəsində Azərbaycanın haqq səsi bütün dünyanın diqqətinə çatdırıldı. Cinayətkar ünsürlər bu qətiyyətli bəyanatlardan dərs götürməli, tezliklə qüvvələrini işğalda olan torpaqlarımızdan çıxarmalıdırlar. Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul edib, bayrağımız altında yaşamağa razılıq verməkdir. Ölkə başçısının bəyanatı erməni icmasına da ünvanlanır ki, onlar yuxudan ayılsınlar, işğalçı, cinayətkar rejimdən qurtularaq, Azərbaycan ərazilərinin suverenliyi çərçivəsində bizimlə bir yerdə yaşamağın vacibliyini anlasınlar. Əks halda hər keçən gün onları daha da uçuruma aparır”.
Tədbirdə həmçinin YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə və YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Mirzəyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasəti nəticəsində Azərbaycanın diplomatik cəbhədə işğalçı Ermənistanı dalana dirədiyi vurğulanıb. Qeyd olunub ki, dövlətimizin başçısının siyasəti torpaqlarımızın işğaldan azad olunacağı günü daha da yaxınlaşdırır.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30