Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyasını qələbəyə aparan yollar

Yeni Azərbaycan Partiyasını qələbəyə aparan yollar

26.10.2010 [00:49]

YAP Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Əli Əhmədovun seçki qərargahından reportaj
Noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq seçki kampaniyasının təşviqat mərhələsinin müəyyən dövrü arxada qalıb. Bu mənada ölkəmizdə siyasi fəallıq olduqca yüksək səviyyədədir. Dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyi qeydə alınmış  şəxslər təbliğat-təşviqat kampaniyaları ilə məşğuldurlar.
Onu da vurğulamaq yerinə düşər ki, təbliğat-təşviqat prosesi seçki kampaniyasının əsas mərhələlərindən biridir. Seçicilərlə canlı ünsiyyət, opponentlərlə müzakirələr, polemikalar və digər üsullar təbliğatın ayrı-ayrı komponentləridir. Yəni, hər bir namizəd Seçki Məcəlləsinə uyğun olaraq öz təbliğat kampaniyasını qurmaqda azaddır. Bunu aparıcı dünya sosioloqları da təsdiq edirlər ki, seçki prosesində qalib gəlmək üçün, ilk növbədə, məram və məqsəd seçiciyə çatdırılmalı və elə bir ünsiyyət forması qurulmalıdır ki, ictimai rəy əhəmiyyətli dərəcədə onun xeyrinə olsun.
Azərbaycan müstəqillik qazandıqdan sonra bir neçə dəfə seçkilər keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan iştirak etdiyi seçkilərdə daim qələbə qazanıb. Bu qələbələrin əldə edilməsinin kökündə dayanan amillər partiya funksionerləri tərəfindən dəfələrlə vurğulanıb. Bunlardan biri də partiyanın müasir seçki texnologiyalarından səmərəli istifadə etməsidir. Keçirilən bütün seçkilərdə öncədən hazırlanmış konsepsiya, müəyyən edilmiş proqram üzrə hərəkət edən Yeni Azərbaycan Partiyası seçki təbliğatı dövründə müxtəlif orijinal təbliğat üsulları tətbiq edir.
YAP  noyabrın 7-də keçiriləcək parlament seçkilərinə də ciddi şəkildə hazırlaşıb və 111 namizədlə bu seçkilərdə iştirak edir. Bütün namizədlərin seçki qərargahları fəaliyyət göstərir və qərargahlar lazımi maddi-texniki avadanlıqlarla təmin olunub, eləcə də, mobil qruplar fəaliyyət göstərməkdədir.
Seçki kampaniyasının ən fəal bir dövrü olduğunu nəzərə alaraq partiyamızın namizədlərinin seçki qərargahlarından reportajlar hazırlamağı qərara aldıq. İlk olaraq, YAP Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Əli Əhmədovun seçki qərargahına yollandıq, qərargahın iş rejimi ilə tanış olduq.
Seçicilər telefon vasitəsilə məlumatlandırılır...
Seçki qərargahına daxil olarkən hamının qızğın və ciddi şəkildə işlə məşğul olduğunu gördük. Diqqətimizi ilk cəlb edən bir qrup YAP fəalının telefonlar vasitəsilə namizəd haqqında seçicilərə məlumatlar verməsi oldu. Hər zaman seçki təbliğatı kampaniyalarında  yenikliklərə imza atan YAP bu dəfə də yeni texnologiyalardan istifadə etməkdədir.
Qeyd edək ki,  19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Əli Əhmədovun seçki qərargahında bir neçə mobil qrup yaradılıb. İlk tanış olduğumuz qrup YAP-ın 15 nəfər gənc üzvünün daxil olduğu mobil qrupdur. Belə ki, partiyanın fəallarının dairə ərazisində apardığı iş nəticəsində seçicilərin əksəriyyətinin ünvanları və telefon nömrələri müəyyən edilərək siyahılaşdırılıb. Mobil qrupa daxil olan xanım YAP-çılar isə həmin telefon nömrələrinə zəng edərək seçiciləri qarşıdan gələn parlament seçkiləri və YAP-ın bu dairədəki namizədi haqqında məlumatlandırırlar, onları partiyamızın namizədinə səs verməyə dəvət edirlər. Qrupun üzvü çinarə Camalova deyir ki, hər gün onlarla seçinin nömrəsinə zəng edərək 19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əli Əhmədov haqqında məlumat verirlər: “Məlumatlarımız əsasən informativ xarakter daşıyır. İlkin olaraq seçiciyə seçki günü ilə bağlı məlumat veririk. Daha sonra isə namizədimizin təbliğatı ilə bağlı dolğun informasiya veririk. Yeni Azərbaycan Partiyasının və partiyamızın namizədinin seçki platforması ilə bağlı da seçicilərimizi məlumatlandırır, onları noyabrın 7-də YAP-ın namizədinə səs verməyə çağırırıq”.
Qrupun digər üzvü Aynur Zaidova da seçicilərin bu təbliğat üsulunu çox maraqla qarşıladığını bildirib: “Bəzən seçicilər evdə olmur və telefona cavab vermirlər, amma belələri çox deyil. Biz həmin nömrələri qeyd edirik və sonradan o nömrələrlə bir daha əlaqə saxlayırıq. Şəxsən mən seçicilərlə danışdıqca həm fərəhlənirəm, həm də Yeni Azərbaycan Partiyasının qələbəsinin səbəbləri mənə aydın olur. İnsanlarımız YAP-a inanır, partiyamızı dəstəkləyirlər. Digər tərəfdən, namizədimiz Əli Əhmədovun millət vəkili kimi fəaliyyətindən seçicilərin mütləq əksəriyyəti razıdır. Əksər seçicilərimiz heç biz informasiya verməmiş Əli Əhmədovu dəstəkləyəcəklərini bildirirlər. Təbii ki, gənc YAP-çı olaraq bu məni də çox sevindirir”.
Seçki qərargahı seçicilərin ad günlərini təbrik edir...
YAP-ın digər gənc fəalı Mədinə Məmmədova da seçicilərlə telefonla əlaqə saxlayır. Amma onun missiyası fərqlidir. Partiyanın fəallarının apardığı iş nəticəsində təşviqat prosesi ərzində seçki gününə qədər ad günləri qeyd olunacaq seçicilərin adları və telefon nömrələri siyahılaşdırılıb. Mədinə xanım həmin seçicinin ad gününü təbrik edir və təbliğat işini bu istiqamətdə qurur: “Ad günü qeyd olunan seçicilərə zəng vururam və namizədimiz Əli Əhmədovun adından onları bu münasibətlə təbrik edirəm. Ad günlərini təbrik etdiyim  seçicilərimiz də bizə öz təşəkkürlərini bildirirlər. Onlar birmənalı şəkildə Əli müəllimin namizədliyini dəstəkləyəcəklərini deyirlər. Xalqımız Yeni Azərbaycan Partiyasını sevir. 19 saylı dairənin seçicilərinin Əli Əhmədova rəğbəti xüsusidir”.
Təbliğatla bağlı əyani materiallar seçicilərə çatdırılır
Növbəti mobil qrup isə seçki təbliğatı əks olunan əyani materialları qablaşdırmaqla məşğuldur. Bu qrupun fəallarından olan Şəhla Əliyevanın sözlərinə görə, seçki təbliğatı materiallarını paket halına salırlar. Daha sonra isə təbliğat qrupunun üzvləri bunları ünvanlara aparıb seçicilərə paylayırlar: “Seçicilərə təqdim etdiyimiz paketdə YAP-ın seçki proqramı, deputatlığa namizəd Əli Əhmədovun seçicilərinə müraciəti, Əli Əhmədovun platforması əks olunan bukletlər və üzərində namizədimizin şəkli olan təqvimlər var. Bütün bunları paketlərə qablaşdırırıq və təbliğat qrupunun üzvləri bu materialları ünvanlara-seçicilərə çatdırırlar”.
Qrupun digər üzvü Olqa Abidova da seçicilərin YAP-ın namizədi Əli Əhmədovu dəstəkləyəcəyinə əmindir: “Seçicilərlə fərdi söhbətlər zamanı da bu bəlli olur. İnsanlar Yeni Azərbaycan Partiyasının gördüyü işləri qiymətləndirir. Bununla yanaşı, Əli müəllim hər zaman 19 saylı dairənin seçiciləri ilə sıx ünsiyyətdədir, onların problemlərinin həlli istiqamətində işlər görüb. Bunun nəticəsidir ki, vətəndaşlarımız bir nəfər kimi YAP-ın namizədinə səs verəcəklərini deyirlər”.
Qeyd olunduğu kimi, deputatlığa namizəd Əli Əhmədovun bukleti ilə yanaşı, seçicilərə müraciəti də paylanır. Müraciətdə bildirilir: “Hörmətli seçici. Sizi Milli Məclisdə təmsil etməyimdən böyük şərəf duyuram. Hər zaman etimadınıza layiq olmağa, problemlərinizə diqqətlə yanaşmağa çalışdım. İmkanım daxilində qaldırdığınız məsələləri həll etdim. İndi məni Nərimanov rayonu, onun dəyərli sakinləri ilə səmimi tellər bağlayır. Ona görə yenə də 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd oldum. İnanıram ki, noyabr ayının 7-də seçki məntəqələrinə gəlib mənə səs verəcəksiniz. Hər birinizə can sağlığı, ailənizə mehribançılıq və xeyir-bərəkət arzulayıram”.
Seçki qərargahının üzvləri hər gün toplantı keçirirlər
Seçki qərargahından bildirdilər ki, hər gün deputatlığa namizəd Əli Əhmədovun seçicilərlə görüşü nəzərdə tutulub. Hər görüşdən öncə 25 nəfərdən ibarət seçki qərargahının üzvləri iclas keçirirlər. Hər bir qərargah üzvü gördüyü işlərlə bağlı məlumatlar verir, eləcə də, görüşlərə hazırlıq, qarşıya çıxa biləcək problemlərlə bağlı ətraflı müzakirələr aparırlar. Deputatlığa namizəd Əli Əhmədovun əhali arasında nüfuzu, həm də qərargahın həyata keçirdiyi bu sistemli işlər nəticəsində də seçicilərlə görüşlər yüksək səviyyədə baş tutur.
Göründüyü kimi, YAP-ın deputatlığa namizədlərinin seçki qərargahlarında təbliğatla bağlı çevik, operativ, ciddi işlər gedir. Təbii ki, bu prosesin nəticəsinin möhtəşəm qələbə ilə başa çatacağı şübhə doğurmur.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1175 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30