Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xocalıdan dünyaya ədalət dərsi

Xocalıdan dünyaya ədalət dərsi

29.02.2024 [12:43]

Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. Ötən ilin sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Vətən müharibəsindəki tarixi Qələbəmizdən və Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövləti humanizm göstərərək, ölkəmizin erməni əhalisi ilə reinteqrasiya prosesinə start verdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan Ordusu bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirərək, Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi. Nəticə olaraq separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb. 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan ərazilərimiz hər kəsə qürur yaşatdi.

Düz 32 il bundan əvvəl dünyanın gözü qarşısında ermənilərin bəşəriyyət tarixində törətdikləri ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 32-ci ildönümünü Xocalıda qeyd etdik. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə-yeksan edildi. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindəki keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının, bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analoqu olmayan soyqırımı aktı həyata keçirdi. Ermənilərin həyata keçirdikləri soyqırımı zamanı Xocalı şəhəri tamamilə dağıdılıb, 63 uşaq, 106 qadın və 70 qocanı xüsusi amansızlıqla, işgəncələrlə qətlə yetirib, 8 ailəni tamamilə məhv ediblər. 114 nəfər itkin düşüb, 487 nəfər isə əlil olub.

Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir. Xocalı soyqırımı tarixdən bizə məlum olan Babiyar, Xatın, Liditse, Srebrinitsa soyqırmı faciələri ilə eyni səviyyədə durur.

Xocalının qisası alındı. İndi Xocalı yeni dövrünə qədəm qoyub. Otuz iki ildən sonra Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün prezidentimiz tərəfindən fevralın 26-da memorial kompleksin təməli qoyuldu. Prezident İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq.

Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Dünya insanı Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımını rəsmən tanıması barədə qərar qəbul edilib.

Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının xüsusi əhəmiyyəti vardır. Kampaniya ilk gündən Xocalı soyqırımının, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasını qarşısına məqsəd qoyub. "Əfsuslar olsun ki, "Xocalıya ədalət!" çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır."

Dövlət başçımız onu da bildirib ki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır:"Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. "

Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir. Genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Xocalıda törədilən əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir. Ermənilərin azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Hadisələri ardıcılıqla izləsək, görərik ki, Azərbaycanın başına gətirilən olaylar tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edib.

Xocalı soyqırımı təkcə bizlərin deyil, bütün bəşəriyyətin faciəsidir. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır.

"Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir."- deyə Prezident bildirib.

"Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər", - deyən dövlət başçımız bildirib ki, yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir". 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək, tariximizə Qələbə yazdı. Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi.

Əlbəttə ki, rəşadətli ordumuzun bölmələrinin işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırması bizlərə fəxarət hissini yaşatdı. Qazandığımız uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsinin təzahürüdür. Dövlət başçımız 20 il bundan əvvəl Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib.

AZƏR SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 418 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31