Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Serbiya Respublikasının xarici işlər naziri Vuk Yeremiçi qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Serbiya Respublikasına səfərini xatırlayan Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin inkişafında əhəmiyyətli mərhələ olduğunu deyib. Qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.
Xarici işlər naziri Vuk Yeremiç Serbiya Prezidenti Boris Tadiçin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfərini tarixi səfər adlandıraraq bunun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında yeni səhifə açdığını qeyd edib. ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan nazir Serbiya Prezidentinin tapşırığı ilə ölkəmizə səfər etdiyini, əlaqələrimizin digər sahələrdə də inkişaf etdirilməsi ilə bağlı Azərbaycanın müvafiq strukturları ilə müzakirələr aparacağını deyib.
Dövlətimizin başçısı Prezident Boris Tadiçin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş edib.