Azərbaycanın qabaqcıl milli dövlət idarəçiliyi təcrübəsi...

Azərbaycanın qabaqcıl milli dövlət idarəçiliyi təcrübəsi...

Beynəlxalq səviyyədə də təqdir olunur

İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Azərbaycan qısa müstəqillik tarixində digər istiqamətlərdə olduğu kimi, dövlət idarəçiliyi sahəsində də mühüm uğurlar əldə edib. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dövlət idarəçiliyinin optimal, çevik i?stitusional strukturunun formalaşdırılması, innovativ yanaşmaların tətbiqi yolu  ilə bu sahədə şəffaflığın təmin olunması və inklüzivliyin artırılması məqsədilə davamlı islahatlar həyata keçirilir.

Qürurverici haldır ki, respublikamızın dövlət idarəçiliyi sahəsində qazandığı uğurlar beynəlxalq səviyyədə də təqdir olunur. Bakıda noyabrın 5-6-da “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilməsi də bunun əyani təsdiqidir. Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciət ünvanlayaraq Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində aparılan ardıcıl islahatlara diqqət çəkib. “Dövlət xidmətlərinin əlçatanlığı, şəffaflıq və rəqəmsallaşma dayanıqlı inkişafın mühüm şərtlərindəndir”, - deyə ölkə Prezidenti vurğulayıb.

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidi - “ASAN xidmət” modeli unikal nümunə kimi

Dövlət xidmətlərində əsas keyfiyyət göstəricisi vətəndaş məmnunluğudur. Ölkəmizdə Prezident İlham Əliyevin imzaladığı ?ərman və sərəncamlar əsasında dövlət idarəçiliyi sahəsində aparılan davamlı islahatlar da məhz bunu hədəfləyir. Prezident İlham Əliyev müraciətində Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq 2012-ci ildə yaradılmış “ASAN xidmət” modelinə istinad edib. “ASAN xidmət” dövlət xidmətlərinin keyfiyyətli, innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsini təmin edən unikal bir modeldir. Ölkə Prezidenti onu dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan qabaqcıl milli idarəçilik təcrübəsi kimi səciyyələndirib.

Hazırda Azərbaycanda 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Vətəndaşlar paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və digər ünvanlarda da “ASAN xidmət” mərkəzlərinin  fəaliyyətindən bəhrələnirlər.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.  Paytaxtda və regionlarda hər gün “ASAN xidmət” mərkəzlərinə təxminən 40 min vətəndaş müraciət edir və onların məmmunluq səviyyəsi 99 faizin üzərində olur. Eyni zamanda, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. Əsas məqam ondan ibarətdir ki, vətəndaşlarımız “ASAN xidmət”ə inanırlar. Bu inamın əsasında isə yüksəksəviyyəli xidmət, şəffaflıq, müxtəlif xidmətlərə eyni bir məkanda əlçatanlıq və əlbəttə ki, heyətin peşəkarlığı dayanır.

Azərbaycanın beynəlxalq maraq doğuran brendi

Hazırda Azərbaycanın inkişafı elə yüksək səviyyəyə çatıb ki, ölkəmiz həmçinin intellektual məhsul ixracının coğrafiyasını genişləndirir. O cümlədən artıq “ASAN xidmət”in şöhrəti ölkə hüdudlarını aşıb. Prezident İlham Əliyev qürur hissi ilə vurğulayıb ki, “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir. “Bu təcrübəmizin 50-dən çox ölkə ilə paylaşılması və artıq müxtəlif ölkələrdə uğurlu tətbiqi “ASAN xidmət”in dövlət xidmətlərinin təşkilində səmərəli institusional model olduğunu sübut edir”, - deyə dövlətimizin başçısı bildirib  

Azərbaycanın intellektual brendi sayılan “ASAN xidmət”ə dünyada da marağın getdikcə artması ölkəmizin böyük uğurudur. İndiyədək əlçatanlığı ilə yüksək vətəndaş məmnunluğu yaradan bu struktur bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunub. Artıq ayrı-ayrı ölkələrdə də bu modelin tətbiqinə başlanıb. Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Cari il yanvarın 14-də  “ASAN xidmət”in sorağı daha bir uzaq ünvandan - dost Pakistandan gəlib. Bu ölkənin ?slamabad şəhəri dünyada “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığı növbəti ünvan olub. İslamabadda baş tutan açılış mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub.

Perspektivdə isə “ASAN xidmət” brendinin dünyada əhatə edəcəyi coğrafiyaların daha da genişlənəcəyi gözlənilir. Bunu son vaxtlarda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrı-ayrı ölkələrdən əməkdaşlıqla bağlı artan müraciətlər də təsdiqləyir. Beynəlxalq əməkdaşlığa dair son nümunələrdən biri kimi İndoneziya və Azərbaycan arasında ötən ilin dekabr ayında onlayn formatda baş tutan dövlət xidmətləri üzrə ?impoziumu göstərmək mümkündür. İmzalanmış sənədlərə uyğun olaraq  hazırda İndoneziya Respublikasında “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış 300-dən çox Dövlət Xidmət Mərkəzi fəaliyyət göstərir.

Artıq Avropa İttifaqının üzv dövləti olan Rumıniya da “ASAN xidmət” modelinə böyük maraq göstərir. Ötən ilin dekabr ayında Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniya Hökumətinin Baş Katibliyinin dəvəti əsasında bu ölkəyə səfəri baş tutub. Səfər çərçivəsində “ASAN xidmət”in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparılıb. Eyni zamanda, Rumıniya Hökumətinin Baş Katibliyinin təşkilatçılığı ilə keçirilən “Dövlət Sektorunda İnnovasiya Forumu”nda “ASAN xidmət”ə dair mükafat ilk dəfə olaraq Avropa İttifaqına üzv ölkənin nümayəndələrinə təqdim olunub. Xatırladaq ki, bundan öncəki dövrdə müvafiq mükafat Afrika qitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldə etmiş dövlətlərin nümayəndələrinə təqdim edilib.

Həmçinin bir qədər bundan əvvəl Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalidin rəhbərlik etdiyi nümayəndə heyəti  “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.  Nazir müavini “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öz ölkəsində tətbiqində maraqlı olduqlarını ifadə edib.

Mübariz ABDULLAYEV