Y. BAYRAMOVA
Şəhərin mərkəzində idarə və təşkilatlarda işləyənlər üçün parklanma yerlərində güzəştlər tətbiq edilməlidir.
Bu barədə “Yeni Azərbaycan”a Avtosfer.az saytının baş redaktoru nəqliyyat eksperti Elməddin Muradlı nəqliyyat vasitələrinin parklanması ilə bağlı yeni təsdiq edilən qaydaları şərh edərkən bildirib.
“Qeyd edim ki, Bakı, Sumqayıt və Gəncədən başqa digər yerlərdə parklanma ödənişsiz olacaq. Ümumiyyətlə, paytaxtımızda parkinq məsələsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Beynəlxalq təcrübəni həm yerli qurumların əməkdaşları gedib öyrənə bilər, həm də müxtəlif ölkələrdən peşəkar şəxslər Azərbaycana dəvət oluna bilər ki, onların bilik və bacarıqlarından istifadə edək. Təbii ki, bu məsələlər həllini taparkən yerli xüsusiyyətlər də nəzərə alınmalıdır. Əcnəbilərin düşüncə tərzi ilə bizim düşüncə tərzində fərq var. Ona görə yekun qərarları bizim qurumların rəhbərləri qəbul etməlidir. Düşünürəm ki, beynəlxalq tərcübənin öyrənilməsi, beynəlxalq ekspertlərlə əməkdaşlıq qəbahət bir iş deyil və nə qədər xərc aparsa da, biz bu addımları atmalı, beynəlxalq təcrübəni öyrənməli, köklü və illər sonraya hesablanan dəyişikliklər üçün təhlillər aparılmalıyıq. Bunun nəticəsində də ortaya çox faydalı bir iş qoya bilərik”.