“İlk dəfədir ki, Milli Məclisdə ərazi bütövlüyünə qovuşmuş xalqın iradəsi ilə peşəkarlardan ibarət heyət formalaşacaq. Bu heyət yeni çağırışlara cavab verən, qanunvericilik aktları hazırlayan, xaricdə məğrur, qürurlu, alnıaçaıq formada bizi təmsil edəcək deputatlardan ibarət olacaq”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Psixoloji İnkişaf və Marifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov deyib.
O qeyd edib ki, ərazi bütövlüyümüzün bərpası ilə Azərbaycan yalnız işğala son qoymayıb, həm də xalqın birliyini və milli iradəsini gücləndirib. “Qələbə əldə etmiş xalqın birliyi seçkilərdə də özünü göstərəcək. Ölkənin siyasi, iqtisadi və sosial həyatda daha möhkəm təməllərə sahib olması üçün bu seçkilər münbit şərait yaradır. Milli Məclisə seçkilər müstəqil Azərbaycanın demokratik inkişafı üçün yeni imkanlar açır. Bu tarixi mərhələ Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirəcək, ölkənin müstəqilliyinin və suverenliyinin qarantı olan yeni parlamentin formalaşmasına və davamlı inkişafın təmin edilməsinə zəmin yaradacaq. Azərbaycanın suverenliyi hər bir vətəndaş üçün qürur mənbəyi olmalıdır və bu seçkilər bu qüruru daha da artıracaq”.
Kamil Həmidov onu da vurğulayıb ki, seçkilər pozitiv perspektivlər vəd edir: “Seçkidən seçkiyə Azərbaycan parlamenti yenilənir. Milli Məclisdə ilk dəfədir ki, ərazi bütövlüyünə qovuşmuş xalqın iradəsi ilə peşəkarlardan ibarət qanunvericilik aktları hazırlayan, xaircdə məğrur, qürurlu, alnıaçaıq formada bizi təmsil edəcək deputatlar seçiləcək”.