"Döldə baş verən qüsurların qarşısını almaq üçün qohum evliliklərin ləğv olunması önəmli məsələ idi. Döldə hər hansı bir qüsur aşkarlanıbsa, onun hansı səviyyədə olduğunu müəyyən etmək lazımdır. Bəzi qüsurlar var ki, genetik olsa belə müalicə etmək mümkündür".
Bu fikirləri "Yeni Azərbaycan" - a açıqlamasında ginekoloq Nigar Həsənova deyib.
Onun sözlərinə görə döldə qüsur yaranmasının müxtəlif səbəbləri var: "İlk yerdə duran genetik faktorlardır. Genetik faktorlar qohum evlilikləri nəticəsində, digər hallarda isə müxtəlif səbəblərdən baş verir. Genetik qüsurların səbəbləri hər iki fərdin orqanizmində daşınan qüsurlu genlərin birləşməsi nəticəsində yaranır. Digər səbəblərə gəldikdə hamilə qadınlar hamiləlik vaxtı güclü infeksion xəstəliklər keçirə bilərlər, bunlara uşaq infeksion - məxməri, su çiçəyi, qızılca, grip virusları kimi xəstəliklərə yoluxa bilər. Həmçinin, yanlış qəbul olunan hər hansı bir dərmanlar döldə qüsurlar yarada bilərlər".
Mütəxəssislər bildirir ki, hamiləlik vaxtı analar həkim məsləhəti olmadan heç bir dərman qəbul etməməli, qidalanmaya diqqət etməli və təbii məhsullardan istifadə etməlidirlər.
Havar Şəfiyeva