Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və etimada əsaslanır. İki xalqı birləşdirən bu əlaqələr müxtəlif tarixi mərhələlərdən keçərək bu gün yeni məzmun və istiqamətlər qazanmışdır. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də məhz bu münasibətlərin tarixi əsaslarını, mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əhatə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısı müsahibəsində Azərbaycan–Vyetnam münasibətlərinin təxminən 70 illik tarixə malik olduğunu xüsusi vurğulayaraq, bu dostluğun başlanğıc nöqtəsi kimi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfərini qeyd etmişdir. Həmin səfər iki xalq arasında qarşılıqlı rəğbətin və əməkdaşlığın formalaşmasında mühüm rol oynamışdır. Bu tarixi hadisə Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin təməlini qoyan əlamətdar səhifələrdən biri kimi yadda qalmışdır.
İkitərəfli münasibətlərin inkişafında 1983-cü il də xüsusi yer tutur. Həmin ildə Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri əlaqələrin genişlənməsinə ciddi təkan vermişdir. Səfərin səkkiz gün davam etməsi və Vyetnamın əsas bölgələrini əhatə etməsi ölkəyə göstərilən diqqətin və əməkdaşlığa verilən önəmin göstəricisi idi. Həmin dövrdə əldə olunmuş razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, uzunmüddətli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Müasir dövrdə bu tarixi ənənələr Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Dövlət başçısının 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Truong Tan Sangın Azərbaycana səfəri münasibətlərin inkişafında mühüm mərhələlər olmuşdur. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli əlaqələrdə yeni səhifə açmışdır. Səfər çərçivəsində qəbul edilən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına xidmət etmişdir.
Bu gün Azərbaycan və Vyetnam arasında əməkdaşlıq siyasi dialoqla məhdudlaşmır. Energetika, investisiya, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində geniş imkanlar mövcuddur. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi iqtisadi əlaqələrin inkişaf dinamikasını göstərir. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də alternativ enerji layihələrinə maraq qarşılıqlı iqtisadi münasibətlərin yeni istiqamətlərini formalaşdırır.
Azərbaycanın beynəlxalq nəqliyyat imkanları da Vyetnamla əməkdaşlıq üçün mühüm perspektivlər yaradır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması üçün əlverişli imkanlar mövcuddur.
Prezident İlham Əliyevin müsahibəsində humanitar, elmi, təhsil və mədəniyyət əlaqələrinə də xüsusi diqqət yetirilməsi münasibətlərin yalnız iqtisadi maraqlarla məhdudlaşmadığını göstərir. Çünki xalqlar arasında həqiqi dostluğun möhkəmlənməsi qarşılıqlı anlaşmanın, mədəni yaxınlığın və humanitar əməkdaşlığın inkişafından birbaşa asılıdır.
Azərbaycan–Vyetnam münasibətləri bu gün tarixi dostluğun müasir tərəfdaşlıq imkanları ilə birləşdiyi mühüm mərhələdədir. Əsası ötən əsrdə qoyulmuş dostluq ənənələrinin yeni layihələr və təşəbbüslərlə zənginləşdirilməsi hər iki ölkənin xalqları üçün yeni imkanlar yaradır. Bu münasibətlərin gələcəkdə daha da genişlənməsi üçün mövcud siyasi iradə və qarşılıqlı maraq mühüm zəmin təşkil edir.
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini