Azərbaycan–Vyetnam münasibətlərində tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

Azərbaycan–Vyetnam münasibətlərində tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə Azərbaycan ilə Vyetnam arasında münasibətlərin tarixi köklərini, mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə edib. Dövlət başçısı müsahibəsində iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinə, siyasi dialoqun inkişafına, iqtisadi, humanitar, elmi və mədəni əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirib. Müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirib.

Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər qədim dostluq ənənələrinə və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, iki ölkə arasındakı dostluğun başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri olub. Bu səfər xalqlarımız arasında əlaqələrin təməlini qoyan mühüm tarixi hadisə kimi yadda qalıb. 1983-cü ildə isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açıb. Ulu Öndərin təşəbbüsü ilə səfərin səkkiz gün davam etməsi və Vyetnamın əsas regionlarını əhatə etməsi ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib.

Sonrakı illərdə də bu dostluq münasibətləri ardıcıl şəkildə inkişaf etdirilib. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat münasibətlərin yeni inkişaf mərhələsinə keçməsini təmin edib. Hazırda iki ölkə arasında siyasi dialoq müxtəlif səviyyələrdə, o cümlədən hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları və siyasi partiyalar arasında əlaqələr vasitəsilə davam etdirilir.

Müsahibədə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub. Prezident İlham Əliyev bildirib ki, 2025-ci ildə Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla yanaşı, mövcud iqtisadi potensialın daha geniş olduğunu vurğulayan dövlət başçısı enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın inkişafı, eləcə də Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarından istifadə etməklə Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması perspektivləri xüsusi əhəmiyyət daşıyır.

Humanitar əlaqələr iki xalq arasında dostluğun möhkəmləndirilməsində mühüm yer tutur. Bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun Vyetnamda həyata keçirdiyi xeyriyyəçilik və təhsil layihələri, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisi xalqlarımız arasında humanitar əlaqələrin inkişafına xidmət edir. 2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri, müxtəlif görüşlərin keçirilməsi və Hanoi Ticarət və Turizm Kollecinə maliyyə yardımının göstərilməsi də bu əməkdaşlığın konkret nümunələrindəndir.

Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. İki ölkənin aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sazişləri və anlaşma memorandumları imzalanıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəldiblər. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması da bu tarixi əlaqələrin rəmzi ifadəsidir. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulan təhsil qrantları Vyetnam gənclərinə də Azərbaycan universitetlərində təhsil almaq imkanları yaradır.

Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Azərbaycanda mütəmadi olaraq Vyetnam günlərinin keçirilməsi, 2026-cı ildə bu tədbirin ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi mədəni mübadilənin genişlənməsinin göstəricisidir. Vyetnam şairi May Van Fanın şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi də ədəbi əlaqələrin inkişafına töhfə verib. Azərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti və ölkənin milli kino məktəbinin formalaşmasına verdiyi töhfələr isə mədəni əməkdaşlığın tarixi əsaslarını təşkil edir.

Beləliklə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin çoxşaxəli xarakterini və gələcək inkişaf imkanlarını əks etdirir. Tarixi dostluq, qarşılıqlı etimad və hörmət üzərində qurulan əlaqələr bu gün siyasi, iqtisadi, humanitar, elmi və mədəni sahələrdə yeni məzmun qazanır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Vyetnamın birgə səyləri yeni bazarlara çıxış, ortaq layihələrin reallaşdırılması və hər iki xalqın rifahına xidmət edən əlavə imkanlar yaradacaq.

 

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı