21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində toplanan təsis konfransı müstəqil Azərbaycanın siyasi həyatında yeni səhifə açdı. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Bu, təkcə yeni siyasi qurumun yaranması demək deyildi. Dövlətin ən ağır məqamlarında xalqın dövlətçilik ideyası ətrafında birləşmək iradəsi də həmin gün öz ifadəsini tapdı. Bu gün Yeni Azərbaycan Partiyası 34 illik yol keçmiş, Azərbaycanın dövlətçilik salnaməsində silinməz iz qoymuş siyasi qüvvədir.
1992-ci il Azərbaycan üçün ağır sınaqlar dövrü idi. Ölkədə siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər, cəmiyyətdə etimadsızlıq və Dağlıq Qarabağ münaqişəsindən doğan faciəvi vəziyyət xalqın gələcəyə inamını zəiflədirdi. Məhz belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda YAP-ın əsası qoyuldu. Bu hadisə Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu.
Müstəqillik əldə olunduqdan sonrakı ilk illər Azərbaycan üçün həm azadlıq sevinci, həm də ciddi məsuliyyət dövrü idi. Gənc dövlət idarəçilik təcrübəsi, iqtisadi resurslar, siyasi sabitlik və vahid milli ideya baxımından çətinliklərlə üz-üzə qalmışdı. Ölkədə siyasi qruplar arasında ziddiyyətlər dərinləşir, cəmiyyət parçalanma təhlükəsi ilə üzləşirdi. Bu şəraitdə xalq özünə güclü lider, dövlətçiliyə söykənən siyasi xətt və milli maraqları üstün tutan təşkilat axtarırdı.
1992-ci ilin payızında Azərbaycanın tanınmış ziyalıları, ictimai xadimləri və vətənpərvər insanları Ulu Öndər Heydər Əliyevə müraciət edərək onun rəhbərliyi ilə yeni siyasi partiya yaratmağı təklif etdilər. Tarixə “91-lər” adı ilə düşən bu təşəbbüs qrupu xalqın siyasi iradəsini və ölkənin gələcəyinə olan məsuliyyəti ifadə edirdi. Heydər Əliyev həmin müraciətə cavab olaraq bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən və zamanın tələbindən doğur, belə bir partiya yaranarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazırdır.
Beləliklə, noyabrın 21-də Naxçıvan şəhərində partiyanın təsis konfransı işə başladı. Ölkənin müxtəlif regionlarını təmsil edən 550-dən çox nümayəndə həmin gün toplantıda iştirak etdi. Nümayəndələr partiyanın yaradılması haqqında qərar qəbul etdilər, onun Proqramını və Nizamnaməsini təsdiq etdilər. Konfransın ən mühüm hadisəsi isə Ulu Öndər Heydər Əliyevin yekdilliklə partiya sədri seçilməsi oldu. Bu, təkcə partiya daxilində rəhbərliyin müəyyənləşməsi deyil, Azərbaycan xalqının öz tarixi liderinə olan inamının və etimadının təzahürü idi. Dekabrın 18-də partiya Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alındı və bu, onun hüquqi statusunu möhkəmləndirərək ölkənin siyasi sistemində yerini müəyyənləşdirdi.
Partiyaya verilən “Yeni Azərbaycan” adı təsadüfi deyildi. Bu ad müstəqil dövlətçiliyin, milli birliyin, güclü idarəçiliyin, iqtisadi inkişafın və cəmiyyətin ədalətli qurulmasının ideyasını özündə birləşdirirdi. YAP keçmişin təcrübəsinə söykənir, bugünkü vəzifələri həll edir, gələcək nəsillərin rifahı üçün strateji xətt müəyyən edirdi. Partiyanın əsas məqsədi Azərbaycanın müstəqilliyini qorumaq, dövlətçiliyi möhkəmləndirmək, ictimai-siyasi sabitliyi bərpa etmək və xalqın həyat səviyyəsini yüksəltmək idi.
Yeni Azərbaycan Partiyasının yaranmasında Ulu Öndər Heydər Əliyevin rolu misilsizdir. O, yalnız partiyanın banisi deyil, həm də onun ideoloji əsasını, siyasi xəttini və xalqla bağlılıq prinsiplərini müəyyən edən lider idi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi nüfuzu və xalq arasındakı böyük etibarı partiyanın qısa müddətdə güclü təşkilata çevrilməsinə şərait yaratdı. Ulu Öndərin rəhbərliyi ilə partiya qısa zamanda respublikanın bütün ərazisində təşkilatlar və özəklər yaratdı, regionlarda, rayonlarda və kəndlərdə xalqın geniş dəstəyini qazandı.
1993-cü ilin yayında Heydər Əliyev xalqın təkidli tələbi əsasında paytaxta döndü və ölkənin idarəçiliyini öz üzərinə götürdü. Həmin ilin oktyabrında ümumxalq səsverməsi ilə dövlət başçısı seçildi. Bu, Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Qısa müddətdə siyasi sabitlik təmin edildi, 1994-cü ilin mayında atəşkəsə nail olundu, neft strategiyasının əsası qoyuldu, 1995-ci ildə referendumla qəbul edilən Əsas Qanun isə hüquqi dövlətin təməlinə çevrildi. Bütün bunlar dövlət idarəçiliyinin gücləndirilməsinə, iqtisadi inkişafa və xalqın gələcəyə inamının yenidən formalaşmasına xidmət edirdi.
Mən Yeni Azərbaycan Partiyasının üzvü kimi bu tarixi yolu 25 ildir ki, fəxrlə yaşayıram. Yəni YAP-ın 34 illik tarixinin 25 ilini partiya üzvü olaraq keçirmişəm. Bu, mənim üçün yalnız partiya üzvlüyü deyil, həm də dövlətçiliyə, xalqa və Ulu Öndərin ideyalarına sadiq olmağın təzahürüdür. Bu illər ərzində YAP-ın xalq arasında nüfuzunun, təşkilati gücünün və ictimai dəstəyinin necə artdığını öz gözümlə görmüşəm. Partiyanın fəaliyyətində iştirak etmək mənə xalqın problemlərinə yaxından baxmaq, vətəndaşlarla dialoq qurmaq və ölkənin inkişafına töhfə vermək imkanı yaradıb. Partiya üzvü olmaq mənə yalnız siyasi mənsubiyyət deyil, həm də vətəndaşlıq məsuliyyəti bəxş edib.
Yeni Azərbaycan Partiyası yarandığı andan ölkədə sabitliyin əsas dayaqlarından birinə çevrildi. Siyasi sabitlik isə yalnız hakimiyyətin davamlılığı demək deyildi. Bu, cəmiyyətdə qanunun aliliyini, dövlət institutlarının fəaliyyətini, iqtisadi inkişafı və vətəndaşların gələcəyə inamını təmin etmək demək idi. Partiya müxtəlif sosial təbəqələrin, peşə qruplarının, gənclərin, ziyalıların və region sakinlərinin maraqlarını bir araya gətirən ümumxalq siyasi qüvvəsinə çevrildi. Bu gün YAP Azərbaycanın ən böyük və aparıcı siyasi təşkilatlarından biridir, onun sıralarında yüz minlərlə insan birləşir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi məktəb onun vəfatından sonra da uğurla davam etdirildi. Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev 2003-cü ildə xalqın etimadı ilə dövlət başçısı seçildi, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının sədridir. Onun başçılığı ilə partiya fəaliyyətini müasir tələblərə uyğunlaşdırdı, genişləndirdi və dövlətin inkişaf strategiyası ilə həmahəng qurdu. YAP-ın 20 illik yubileyinə həsr olunmuş tədbirdə cənab İlham Əliyev vurğulamışdı ki, Ulu Öndərin sədrliyi ilə Naxçıvanda keçirilən təsis konfransı ölkədə əsl siyasi sistemin əsasını qoymuşdu.
Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər, reallaşdırılan iri layihələr, güclənən iqtisadi potensial və artan beynəlxalq nüfuz Ulu Öndərin qoyduğu təməlin cənab İlham Əliyevin başçılığı altında inkişafıdır. 2020-ci ilin payız aylarında qırx dörd gün çəkən Vətən müharibəsində ölkə başçısı və Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. 2023-cü ilin sentyabrında görülən antiterror tədbirləri isə ölkənin suverenliyini bütün ərazidə tam bərpa etdi. Bu uğurların kökündə milli birlik, dövlətçilik ideyası və xalqın gücünə olan inam dayanır.
Hər partiyanın gələcəyi onun gənclərə olan münasibətindən asılıdır. Yeni Azərbaycan Partiyası yarandığı gündən gəncləri siyasi həyata cəlb etməyə, onların bilik, bacarıq və vətənpərvərlik ruhunu formalaşdırmağa çalışıb. Gənclər üçün Ulu Öndər yolu yalnız tarixi keçmiş deyil, həm də gələcəyə aparan yol xəritəsidir. Bu yol vətənə sadiq olmağı, dövlətçiliyi qorumağı, bilik əldə etməyi, peşəkarlıq göstərməyi və xalqın maraqlarını şəxsi maraqlardan üstün tutmağı öyrədir. Müasir dövrdə Azərbaycan gəncləri rəqəmsal texnologiyalar, elm, təhsil, iqtisadiyyat, idman və mədəniyyət sahələrində yeni imkanlardan istifadə edirlər və onların fəaliyyəti YAP-ın gələcək inkişafı üçün mühüm ehtiyatdır.
YAP-ın 34 illik tarixi göstərir ki, güclü dövlət yaratmaq üçün yalnız resurslar deyil, həm də doğru siyasi xətt, xalqa inam, milli birlik və liderlik lazımdır. Azərbaycanın gələcəyi yalnız sabitlik, dövlətçilik və milli birlik əsasında təmin oluna bilər. Bu prinsiplər bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil edir.
21 noyabr – Yeni Azərbaycan Partiyasının yaranması günü Azərbaycan xalqının tarixində xüsusi yer tutur. Bu tarix yalnız bir siyasi təşkilatın doğulduğu gün deyil, xalqın öz gələcəyinə olan inamının, dövlətçilik ideyasının və milli birliyin təntənə günüdür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, bu gün isə cənab İlham Əliyevin sədrliyi ilə fəaliyyətini uğurla davam etdirən Yeni Azərbaycan Partiyası ölkəmizin ən çətin dövrlərində xalqın ümidinə çevrildi, sabitliyin bərpasında, dövlətçiliyin möhkəmlənməsində və Azərbaycanın inkişafında xüsusi töhfə verdi. Bu gün Ulu Öndər yolunu davam etdirmək onun ideyalarını yaşatmaq, xalqa xidmət etmək, dövlətçiliyi qorumaq hər zaman gələcək nəsillərə güclü Azərbaycan təhvil vermək deməkdir.
Samirə Mustafayeva
YAP Naxçıvan şəhər təşkilatı “Həsən Əliyev küçəsi 4” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,
NDU nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi