Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam dostluğunun və strateji tərəfdaşlığının yeni mərhələsini müəyyən edir

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam dostluğunun və strateji tərəfdaşlığının yeni mərhələsini müəyyən edir

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Vyetnam arasında mövcud olan dostluq münasibətlərinin tarixi, bugünkü vəziyyəti və gələcək inkişaf perspektivlərinin geniş təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə iki dövlət arasında formalaşmış əlaqələrin müxtəlif istiqamətləri ətraflı şəkildə işıqlandırılıb.

Azərbaycan-Vyetnam münasibətlərinin tarixi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə sıx bağlıdır. Həmin səfər iki xalq arasında dostluq münasibətlərinin formalaşmasında mühüm başlanğıc nöqtəsi olub və sonrakı illərdə əməkdaşlığın inkişafına zəmin yaradıb.

Bu münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin də xüsusi xidmətləri vardır. Onun 1983-cü ildə Vyetnama rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı həyata keçirilən görüşlər və əldə olunan razılaşmalar ölkələr arasında iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm təsir göstərib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Vyetnamla münasibətlər yeni siyasi və iqtisadi şəraitdə inkişaf etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından əlamətdar hadisələr olub.

2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Səfər zamanı aparılan danışıqlar nəticəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi dövlətlərarası əlaqələrin daha yüksək səviyyəyə çatdırılması istiqamətində mühüm addım olub.

Müsahibədə Azərbaycan ilə Vyetnam arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötərək müəyyən inkişaf dinamikası nümayiş etdirməsi gələcək əməkdaşlıq üçün mövcud imkanları göstərir.

Energetika sahəsi Azərbaycan-Vyetnam tərəfdaşlığının əsas istiqamətlərindən biri kimi diqqət çəkir. SOCAR ilə PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi, 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrası neft-qaz sektorunda yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün imkanlar yaradır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturu Vyetnamla logistika sahəsində əməkdaşlığın genişləndirilməsinə də şərait yaradır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etməklə iki ölkə arasında yükdaşımaların artırılması, yeni bazarlara çıxışın təmin edilməsi və iqtisadi əlaqələrin şaxələndirilməsi mümkündür.

Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Humanitar, mədəni, elmi və təhsil əlaqələrinin inkişafı xalqlarımız arasında qarşılıqlı anlaşmanı gücləndirir. Tarixi dostluğa əsaslanan bu əməkdaşlığın gələcəkdə daha geniş miqyas alması üçün hər iki ölkənin böyük potensialı mövcuddur.

Rövşən Qasımov,

YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi