Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir

Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis olunan Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan, milli dövlətçilik ideyalarının, siyasi sabitliyin və ölkənin davamlı inkişaf strategiyasının formalaşmasında əhəmiyyətli rol oynayan siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyasının yaranması XX əsrin 90-cı illərinin əvvəllərində ölkənin mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitdə olduğu bir dövrə təsadüf edirdi. Müstəqilliyin ilk illərində Azərbaycanda siyasi qeyri-sabitlik, idarəetmədə ciddi problemlər, iqtisadi tənəzzül, torpaqlarımızın işğalı və dövlətçilik təhlükələri xalqın gələcəyə inamını sarsıdan əsas amillər idi. Belə bir şəraitdə Azərbaycanın milli maraqlarını qorumağa qadir, güclü siyasi iradəyə, idarəçilik təcrübəsinə və xalqın etimadına malik liderə ehtiyac duyulurdu. Məhz həmin tarixi zərurətdən irəli gələrək Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü meydana gəldi. Partiyanın təsisçiləri və tərəfdarları ölkənin gələcəyini düşünərək, Azərbaycanın müstəqilliyinin qorunması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi, milli birlik və siyasi sabitliyin təmin olunması məqsədilə bir araya gəldilər. Bu təşəbbüs xalqın böyük dəstəyi ilə siyasi təşkilatlanma prosesinə çevrildi və müasir Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu.
Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı bilavasitə Heydər Əliyevin adı, siyasi fəaliyyəti və dövlətçilik fəlsəfəsi ilə bağlıdır. Onun zəngin dövlət idarəçiliyi təcrübəsi, milli maraqlara sadiqliyi, xalqla bağlılığı və Azərbaycanın gələcəyinə dair strateji baxışları partiyanın ideoloji əsaslarını müəyyənləşdirdi.
Heydər Əliyev Azərbaycan xalqının qarşısında duran çətinlikləri dərindən təhlil edir, dövlətin möhkəmləndirilməsinin, milli birliyin qorunmasının və siyasi sabitliyin təmin edilməsinin vacibliyini xüsusi vurğulayırdı. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu möhkəmləndirmək, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və iqtisadi inkişaf üçün əlverişli şərait yaratmaq istiqamətində mühüm nəticələr verdi.
1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu. Ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması və milli təhlükəsizliyin qorunması istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycan dövlətinin gələcək inkişafının hüquqi, siyasi və iqtisadi əsasları formalaşdırıldı.
Yeni Azərbaycan Partiyası 34 illik fəaliyyəti ərzində ölkənin siyasi həyatında mühüm rol oynayaraq, müxtəlif dövrlərin çağırışlarına uyğun fəaliyyət göstərmiş, dövlətçilik maraqlarını və milli prioritetləri əsas götürmüşdür. Partiyanın siyasi platforması Azərbaycanın müstəqil inkişafı, güclü dövlət quruculuğu və xalqın rifahının yüksəldilməsi məqsədlərinə xidmət etmişdir. 2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti Azərbaycanın inkişaf strategiyası yeni mərhələyə qədəm qoydu..
Ölkəmiz müstəqil xarici siyasət yürüdərək, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurdu, regional və qlobal layihələrdə fəal iştirak etdi. Azərbaycanın enerji təhlükəsizliyinə, nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə və beynəlxalq iqtisadi əlaqələrin inkişafına verdiyi töhfələr ölkənin strateji əhəmiyyətini artırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ən böyük tarixi nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın onilliklər ərzində yaşadığı torpaq həsrətinə son qoydu. Bu qələbə dövlətimizin gücünü, xalqımızın birliyini, ordumuzun qüdrətini və Ali Baş Komandanın qətiyyətli rəhbərliyini bütün dünyaya nümayiş etdirdi.
Yeni Azərbaycan Partiyasının gücü onun xalqla birliyində, cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirmək bacarığında və ölkənin inkişafına xidmət edən siyasi fəaliyyətindədir. Partiya yarandığı gündən etibarən dövlətçilik maraqlarını üstün tutaraq, Azərbaycanın gələcəyinə məsuliyyətlə yanaşan insanların siyasi platformasına çevrilmişdir.
Partiyanın VIII Qurultayında müəyyənləşdirilən strateji istiqamətlər, Prezident İlham Əliyevin proqram xarakterli çıxışlarında irəli sürülən ideyalar və qarşıya qoyulan vəzifələr Azərbaycanın gələcək inkişafının əsas prioritetlərini müəyyənləşdirir. Bu prioritetlər sırasında güclü dövlətin daha da möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, milli təhlükəsizliyin təmin edilməsi və ideoloji təhlükəsizliyin qorunması mühüm yer tutur.
Yeni Azərbaycan Partiyası dövlətçilik, milli birlik, vətənpərvərlik və inkişaf ideyalarına sadiqliyini nümayiş etdirib. Bu gün partiyanın qarşısında duran əsas vəzifə əldə olunmuş nailiyyətləri qorumaq, yeni hədəflərə doğru inamla irəliləmək, xalqın etimadını doğrultmaq və Azərbaycanın gələcək inkişafına layiqli töhfə verməkdir.


Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini