Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Böyük Qayıdış” davam edir

“Böyük Qayıdış” davam edir

21.07.2023 [10:40]

Laçın şəhərində 111 ailənin - 424 nəfərin daimi məskunlaşması təmin edilib

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra dövlətimizin qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.

İqtisadi potensialdan səmərəli istifadə...

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış”ın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından  gedir. Azərbaycan dövləti bu kimi amilləri nəzərə alaraq, işğaldan azad edilmiş ərazilərin ölkənin digər bölgələri kimi yüksək inkişaf yolun qədəm qoyması üçün güclü siyasi iradə sərgiləyir. Prezident İlham

Əliyevin imzaladığı müvafiq sənədə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması həm bu ərazilərin iqtisadi potensialından səmərəli şəkildə istifadə edilməsi, həm də reinteqrasiya proseslərinin sürətləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Proqramın əsas hədəfi ilk beşillikdə 34 min 500 ailəni azad edilmiş ərazilərə köçürməkdir. Bu istiqamətdə sistemli tədbirlər həyata keçirilməkdədir.

Laçın şəhərinə daha 18 ailə - 73 nəfər köçürülüb

Ötən ilin bu günlərində  Zəngilanın Ağalı kəndi “Böyük Qayıdış”ın ilk müjdəsini yaşadı. Qeyd edək ki, Ağalıya artıq 86 ailə köçürülüb. Kəndə əhalinin yaşayışı və məşğulluğu üçün bütün tədbirlər görülüb. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Tərtərin Talış kəndinə  bir qrup əhali köçürüldü. 28 May - Müstəqillik Günündə isə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etdi. Ümumilikdə, Laçının bərpası istiqamətində ötən dövr ərzində böyük həcmdə işlər görülüb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə, bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Mayın sonunda ilk 20 ailə Laçında yerləşdirilib.

Qeyd edək ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan yaşayacaq.  Laçın şəhərinə qayıdan əhali ilə görüşündə Prezident İlham Əliyev bildirmişdi ki, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Mərhələli şəkildə insanların Laçın şəhərinə qayıdışı təmin edilir. Laçın rayonuna növbəti qayıdış isə iyulun 18-də reallaşıb. Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 73 nəfər köçürülüb. Beləliklə artıq, Laçın şəhərində 111 ailə, yəni, 424 nəfərin daimi məskunlaşması təmin edilib.

Hər cür şərait yaradılır

Laçına köçürülən əhalinin rahat şəraiti üçün bütün infrastrukturlar qurulmaqdadır. Məsələn, TƏBİB-in tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib. Ümumi sahəsi 299.50 kvadratmetr olan mərkəz biri 5 çarpayılı stasionar olmaqla, ümumilikdə, 15 otaqdan ibarətdir. Laçın Ailə Sağlamlıq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzurun inkişafına təkan verən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı”na uyğun olaraq yaradılıb. Paralel olaraq hazırlanan orta məktəb binası isə yeni dərs ili üçün hazır olacaq. Bundan başqa, rayonun ərazisində onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır. Burada 1100-dən çox iş yeri açılacaq. Bir sözlə, Laçında həm yaşamaq, həm işləmək üçün hər cür şərait yaradılır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31