Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sülhün və təhlükəsizliyin təmini üçün...

Sülhün və təhlükəsizliyin təmini üçün...

15.08.2023 [12:05]

Sadiq

Son illərdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini üçün bir sıra birgə addımları ilə seçilən, yeni siyasi situasiyanın formalaşdırılmasında əhəmiyyətli rola malik olan Türkiyə-Azərbaycan birliyi region üçün yeni perspektivlər formalaşdırır. Xüsusi vurğulamaq lazımdır ki, bu kimi birgə layihələrin siyasi və hərbi əhəmiyyəti olduqca böyükdür. Məsələ ilə bağlı hətta beynəlxalq ekspertlərin belə rəyi yekdildir - hər kəs Azərbaycan ilə Türkiyə arasındakı hərbi müttəfiqliyin bölgədə hər iki dövlətə hərbi-strateji üstünlüklər qazandıracağını proqnozlaşdırır. Bu kimi addımlar iki dövlətlə yanaşı, digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir.

44 günlük müharibədə qələbə qazanaraq ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edən Azərbaycan bölgədə yeni işbirliyi və təhlükəsizlik mühiti formalaşdırıb. Buradakı ən mühüm məqam isə postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə hədəflənmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji əməkdaşlığın rəsmiləşdirilməsi - Şuşa Bəyannaməsinin imzalanması oldu. Xüsusi qeyd edilməlidir ki, bu gün hava məkanının birgə müdafiəsi ilə bağlı sistemin formalaşdırılması, Su-25-in modernləşdirmə layihəsi müqaviləsinin imzalanması da məhz Şuşa Bəyannaməsinə əsaslanır. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsi sayılır. Bu kimi müqavilələr iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratması formuluna çevrilir. Eyni zamanda, Bəyannamə bütün sferalarda geosiyasi təhlükəsizliyi təmin edir - hərbi təhdidlərə qarşı birgə mübarizə platforması formalaşdırır. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın sürətlənməsində vacib rol oynayır. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Beləliklə, 2021-ci ilin və son 100 ilin ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin icrası regionun geostrateji arxitekturasının yenidən dizayn olunmasına yol açır.

Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Sənəddə qeyd edilir:  “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb. Türkiyə ilə Azərbaycan dünya miqyasında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstərir. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın, strateji tərəfdaşlığın və qardaşlığın hüquqi əsasına çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev bir müddət öncə İstanbulda baş tutan “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşmüşdü. Aparılan işgüzar danışıqlar, eyni zamanda, yeni layihələrin icrası ideyaları uğurlu əməkdaşlığa çevrilir. Məsələn, “KAAN” döyüş təyyarəsi ilə bağlı Azərbaycanla razılıq əldə edilməsi faktı buna bariz sübutdur. Türkiyənin hərbi müdafiə sənayesinin inkişafı regionda təhlükəsizlik çevrəsi yaratmaqla yanaşı, Azərbaycanın hərbi gücünün artmasında da əsaslı rol oynayır.

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31