Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanı vətəni bilən dünya şöhrətli alim

Azərbaycanı vətəni bilən dünya şöhrətli alim

08.09.2023 [11:53]

Nobel mükafatı laureatı Əziz Səncər 77 yaşında

Əziz Səncəri bütün dünya tanıyır, onun adını hər kəs, hər yerdə ehtiramla çəkir. Nobel mükafatı almış kimyaçılar arasında onun adının yer alması bizim üçün də qürur mənbəyidir. Çünki o, təkcə Türkiyənin deyil, bütün Türk dünyasının fəxridir. Etiraf edək ki, Nobel mükafatı alana qədər çoxumuz Əziz Səncər adını heç eşitməmişdik, amma o, açıqlamalarında həmişə Azərbaycanı çox sevdiyini, bu ölkəni özünə doğma bildiyini deyir. Bizim böyük zəfərimizə qədər də və bu zəfərdən sonra da Əziz Səncər hər yerdə Azərbaycanın haqq səsini dünyaya çatdırdı, iştirak etdiyi məclislərdə, tədbirlərdə ermənilərin tarixi Azərbaycan torpaqlarını işğal etdiklərini dedi.

Onun kimi mötəbər elm adamının sözləri, əlbəttə ki, öz təsirini göstərdi. Torpaqlarımızın düşmən işğalından azad olunmasına ən çox sevinənlərdən biri də elə o oldu. Azərbaycana gəldi, azad olunmuş torpaqlarımıza getdi, “Əhdim var” dedi və Şuşada namaz qıldı. Bəli, o, dünya şöhrətli alim, akademik, biokimyaçı, molekulyar bioloq, Nobel mükafatı laureatı Əziz Səncərdir, özü də bizim qardaşımız, soydaşımız, Əzizimizdir...

Dünya şöhrətli alimin bioqrafiyası

Əziz Səncər 1946-cı ildə Türkiyənin Mardin vilayətinin Savur rayonunda çoxuşaqlı bir ailədə dünyaya gəlib. Mardində daha çox ərəblər və kürdlər yaşadığı üçün kimisi onun ərəb, kimisi isə kürd əsilli olduğunu deyir. Amma Əzizin qardaşı Tahir Səncər ailəsinin Oğuz türklərinin Xasi qolundan olduğunu və Mardinə Xorasandan gəldiyini bildirir. Əziz Səncər ibtidai və orta təhsilini Mardində aldı. Orta məktəb illərində futbolla maraqlandı, hətta onu yeniyetmələr üzrə milli komandaya da dəvət etdilər. Amma məktəbi bitirənə yaxın Əziz Səncər futbolçu olmaqdan imtina etdi və ali təhsilini davam etdirmək üçün İstanbula üz tutdu.

Daha sonra Texas Universitetində məşhur alim Klod Rupertin laboratoriyasında molekulyar biologiya proqramı üzrə doktorantura təhsili aldı. Bu laboratoriyada Səncər məsləhətçisi Klod Rupertlə birlikdə fotoliaz adlı geni klonladı və bakteriyalarda çox yüksək nisbətdə çoxalmasına nail oldu. Nəticədə, bu gen tərəfindən şifrələnmiş ferment ultrabənövşəyi şüalar tərəfindən zədələnmiş DNT-ni bərpa etdi. Səncər 1977-1982-ci illər arasında Yel Universitetinin tibb fakültəsində dərs deyir və bu dövrdə DNT təmiri sahəsində dosentlik dissertasiyasını tamamlayır. 1997- ci ildən etibarən ABŞ-ın Şimali Karolina ştatındakı Çapel-Hill Şimali Karolina Universitetində biokimya və biofizika bölməsində araşdırmalarını davam etdirir. DNT bərpası, hüceyrə massivi, xərçəng müalicəsi və bioloji saatla bağlı tədqiqatlarını davam etdirən Səncər bu günə qədər yüzlərlə elmi məqalənin və 33 kitabın müəllifidir. Səncərin əldə etdiyi elmi nailiyyətlər xərçəngin müalicəsində uğurla tətbiq edilir.

Belə ki, Səncər öz tədqiqatlarında hüceyrələrin zədələnmiş DNT-ni necə bərpa etdiyini və genetik məlumatları necə qoruduğunu kəşf etdi və o bu kəşfinə görə İsveç Kral Elmlər Akademiyası tərəfindən Alfred Nobelin ölüm ildönümündə - 10 dekabr tarixində təşkil edilən bir mərasimdə kimya üzrə Nobel mükafatına layiq görüldü. Mükafat Səncərə İsveç Kralı XVI Karl Qustav tərəfindən təqdim edildi. Sancar bu mərasimdəki çıxışında: “Məni mükafatlara aparan Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki inqilabıdır. Beləliklə, bu mükafatın sahibi Türkiyə Cümhuriyyətini təmsil edən Atatürkün Anıtqəbir mavzoleyidir”, - dedi və Nobel mükafatını, medalını və sertifikatını Atatürkün Anıtqəbir mavzoleyinə bağışladı.

Hazırda, bu mükafat Atatürkün Anıtqəbir mavzoleyində, Atatürk və Qurtuluş müharibəsi muzeyində, onun üçün ayrılmış xüsusi yerdə nümayiş olunur. 2018-ci ildə Əziz Səncərin adı Türkiyə Təhsil Nazirliyi tərəfindən İstanbulda yeni məktəb layihəsi kimi açılan Anadolu liseyinə verildi.

Əziz Səncərin Azərbaycan səfərləri...

2017-ci ildə Azərbaycanda qonaq olan Əziz Səncər tələbələrlə görüş keçirir. Görüşdə “Türk dünyasının birliyini görmək istəyirəm. Bu, uşaqlığımdan bəri mənim arzumdur” fikirlərini səsləndirir. 2020-ci ildə isə Əziz Səncər Azərbaycanda gedən Vətən müharibəsini yaxından izləyir. Ermənilərin Gəncəyə atdığı raket nəticəsində hər iki valideynini itirən körpə Xədicəyə yardım edir. Onun gələcək təhsili üçün bank hesabına böyük miqdarda pul köçürür.

“Mənim üçün Qarabağ müharibəsi və Azərbaycanın əldə etdiyi zəfər Türkiyənin Qurtuluş müharibəsindən sonra Türk dünyasının əldə etdiyi ən böyük zəfərdir”. Bu sözlər də Əziz Səncərə aiddir. Səncər bu sözləri keçirdiyi mətbuat konfransında dedi. Bu mövzu ilə bağlı sözlərinə isə o belə davam etdi: “Bu qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsidir. Mən Qarabağ müharibəsini yaxından izləmişəm. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Hesab edirəm ki, bundan sonra Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olacaq. Mən niyyət etmişdim ki, Şuşaya gedib namaz qılacağam. Çox şükür ki, bu arzum da yerinə yetdi”.

Əziz Səncər son dərəcə zəhmətkeş, fədakar alimdir. O deyir ki, zəhmət yoxdursa, istedad arzu olunan nəticəyə qovuşmaq üçün kifayət deyil. Bakıda keçirdiyi görüşlərdə o, gəncləri elmlə ciddi məşğul olmağa çağırdı və dedi ki, hər bir xalqın inkişafı onun elmindən asılıdır, elmli xalqlar həmişə inkişafdadır. Səncər öz laboratoriyasının bütün imkanlarını Azərbaycan gənclərinə açdığını və istəyən hər bir soydaşımızın orada işləyə və elm öyrənə biləcəyini elan etdi. Azərbaycanı öz vətəni bilən Səncər “Azərbaycandan təhsil almaq üçün kim mənə müraciət etsə, kömək etməyə hazıram”, - dedi. O, Bakıda jurnalistlərə verdiyi müsahibədə isə bunları bildirdi: “Azərbaycana və azərbaycanlılara xüsusi sevgim var. Məhz buna görə Azərbaycan elminə töhfə vermək istəyirəm. Azərbaycan türk yurdudur. Ona görə bu torpağı görməyə gəlmişəm”.

2021-ci ilin 10 sentyabr tarixində isə Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi.

Əziz Səncər kimi alimlər gənclərimiz üçün çox böyük nümunədir. Onun keçdiyi həyat yolunu öyrənən hər bir gənc əmin olur ki, əzmkarlıq, zəhmət və istedad insanı öz arzusuna qovuşdurur.

Günel ABBAS

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31