Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kiber cinayətkarlara qarşı mübarizə mexanizmləri güclənir

Kiber cinayətkarlara qarşı mübarizə mexanizmləri güclənir

27.01.2024 [10:50]

28 yanvar Məlumatların Mühafizəsi Günüdür

Günel ABBAS

İnsan özü haqqında məlumatları yaymaqla bir növ kiber cinayətkarların qurbanına çevrilə bilər. Nə qədər çox şəxsi məlumat təcavüzkarın əlinə keçərsə, fırıldaqçı ilə söhbət bir o qədər etibarlı görünə bilər. Belə ki, əgər sosial şəbəkələrdə tətilinizdən fotolar yerləşdirmisinizsə, sizə bank dəstəyi xidmətindən olduğunu bildirən bir nəfər zəng edərək “tətildə olduğunuz zaman kimsə bank hesabınızı sındırmağa cəhd edib” və ya “şübhəli xərclər qeydə alınıb” deyə və hesabınızın bağlanması üçün hesab məlumatlarını təqdim etməli olduğunuzu deyə bilər.

Şəxsi məlumatlar qohumları aldatmaq üçün də istifadə edilə bilər. Məsələn, qurbanın avtomobili haqqında məlumat bilən təcavüzkarlar, şəxsin yaxınlarından birinin qəzaya düşdüyünü iddia edərək onun adından zəng edə bilərlər. Eyni zamanda tibbi məlumatlarınızı ələ keçirən fırıldaqçılar israrla sizə zəng edə və “sərfəli qiymətlərlə” dərman təklif edə bilərlər. Buna görə də şəxsi məlumatları mühafizə etmək əsas şərtlərdən biridir.

Yeri gəlmişkən, yanvarın 28-i dünyada Şəxsi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Şəxsi məlumatlar fiziki şəxsi müəyyən etmək üçün istifadə olunan məlumatlardır, yəni ad, soyad, ata adı, cinsiyyət, doğum yeri, ünvanı və ailə vəziyyəti. Buraya tibbi və ya əmlak məlumatları da daxil edilə bilər.

Şəxsi məlumatları qorumaq üçün tövsiyə

Əvvəla məlumatları kimə ötürdüyünüzə, harada saxladığınıza diqqət yetirin. Təcavüzkarın məlumatlarınızı əldə etmək imkanı nə qədər az olarsa, onların bədxah əllərə düşmə ehtimalı bir o qədər az olar. Skan edilmiş sənədləri və ya telefon nömrələrini sosial mediada və ya bulud yaddaşında yerləşdirməyin. Məlumatlarınızı şifrələnmiş şəkildə paylaşın. Şəxsi məlumatların emalı ilə bağlı sənədləri imzalayarkən, operatordan onları niyə topladığını, üçüncü tərəflərə ötürmək və ya şəbəkəyə yükləmək niyyətində olub-olmadığını soruşun.

Sosial mediada məxfilik parametrlərinizi dəyişdirin. Bu, paylaşımlarınızı kənar baxışlardan gizlətməyə kömək edəcək. İstifadə edilməmiş sosial media hesablarınızı silməkdə fayda var - bu, həm də məlumatların sızması ehtimalını azaldır.

Hesab şifrələri yaratmaq üçün şəxsi məlumatlardan istifadə etməyin. Onu ələ keçirən təcavüzkarlar hesablarınıza daxil ola bilər. Hər bir hesab üçün güclü və müxtəlif şifrələrdən istifadə edin və ya şifrələrin seçilməsi ilə bağlı qayğılarınızı şifrə menecerinə - kompüter və mobil qurğular üçün həllə həvalə edin ki, vebsaytlarda və proqramlarda login və şifrələri təhlükəsiz saxlamağa və daxil etmək imkanı əldə edəsiniz.

Qanunvericilik nə deyir?

Müxtəlif təyinatlı informasiya sistemlərində böyük həcmdə fərdi məlumatların toplanması və işlənməsi şəxslərin fərdi məlumatlarının mühafizəsi üçün hüquqi, texniki və təşkilati tədbirlərin görülməsini labüd edir. Fərdi məlumatların işlənilməsi zamanı meydana gələ biləcək hər hansı sui-istifadə hallarından müdafiə olunmaq məqsədilə Avropada 1981-ci  il 28 yanvar  tarixində  “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada  işlənilməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiya (108 saylı konvensiya) qəbul edilib.

Azərbaycan “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiyanı 2009-cu ildə müvafiq bəyanatlarla ratifikasiya edib. 2010-cu ildə isə milli səviyyədə fərdi məlumatların tənzimlənməsi haqqında ayrıca qanun - “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa, eləcə də fərdi məlumatların mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarına uyğun olaraq, fərdi məlumatlar toplanıldığı andan mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə bu qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

Azərbaycanda da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq Məlumatların Mühafizəsi Günü ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı ilə maarifləndirici tədbirlər keçirilməkdədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Aİ və Avropa Şurasının birgə icra etdiyi “CyberEast” (Şərq Tərəfdaşlığı regionunda kiberdayanıqlığın artırılması üzrə kibertəhlükəsizliyə dair fəaliyyət) layihəsi çərçivəsində Azərbaycanda “Fərdi məlumatların mühafizəsi” seminarı virtual şəkildə keçirilir. Seminarda fərdi məlumatların mühafizəsi üzrə aidiyyəti qurumların nümayəndələrinin, internet xidməti provayderlərinin, beynəlxalq ekspertlərin və digər maraqlı tərəflərin iştirakı ilə birgə məlumat mübadiləsinin aparılması, icra mexanizmlərinin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin www.cert.az rəsmi saytında fərdi məlumatlarla bağlı hüququ pozulan subyektlərin müraciətlərinin operativ qəbulu üçün “Fərdi məlumatlarla bağlı insidenti bildir” elektron müraciət forması fəaliyyət göstərir.  

Paylaş:
Baxılıb: 572 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31