Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Fransa təklənir

Fransa təklənir

05.09.2023 [11:50]

Prezident Emmanuel Makronun sələfləri dönəmində də afrikalıların Fransaya münasibətləri müsbət deyildi. Lakin Fransanın indiki prezidentinin  dönəmindən fərqli olaraq, əvvəllər afrikalılar Parisdən müəyyən qədər də olsa məsafə saxlayır, narazılıqlarını açıq şəkildə ifadə etmirdilər. E.Makron isə həyata keçirdiyi səriştəsiz siyasəti ilə beynəlxalq miqyasda təmsil etdiyi ölkənin imicini kəskin şəkildə aşağı salıb. Artıq getdikcə daha böyük coğrafiyalarda Fransanın sərgilədiyi ambisiyalı davranışlar ciddiyə alınmır, əksinə bu ölkəyə qarşı baş qaldıran keçmiş müstəmləkə ölkələrinin sayı durmadan artır. Açıq şəkildə hələ müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın təkləndiyinin şahidi oluruq.

Neokolonializm siyasətinin əks-effekti

Özünü “demokratiyanın beşiyi” adlandıran Fransa, əslində, ən qatı müstəmləkəçilik siyasəti aparan ölkələrdən biri kimi tanınır. Fransa ənənəvi müstəmləkəçilik siyasətini yeni dövrdə, necə deyərlər, müasir çalarlarla rəngləməyə çalışır. Belə ki, son onilliklərdə bu ölkənin müstəmləkəçilik siyasəti formaca neokolonializmlə əvəzlənib. Mahiyyət və məzmun isə dəyişməz olaraq qalmaqdadır. Hələ uzaq 1961-ci ildə həmin dövrdə Fransa prezidenti olmuş Şarl de Qoll ilə Saxara və Saxeldəki ölkələrin (Burkina-Faso, Qambiya, Qana, Qvineya, Qvineya-Bisau, Kot-d-İvuar, Kabo-Verde, Liberiya, Mali, Niger, Nigeriya, Seneqal, Syerra-Leone və Toqo) dövlət başçıları arasında imzalanmış maraqlı sənəd aşkarlanıb. Afrikada “Qərbi Afrika dövlətlərinin Regional İttifaqı” (Communaute Economique des Etats de l’Afrique de l’Ouest, CEDEAO) adlı siyasi struktur məhz bu razılaşma əsasında formalaşıb. Mənzil-qərargahı Nigeriyanın paytaxtı Abucada yerləşən həmin strukturun ECOMOG adlı “kollektiv silahlı qüvvələr kontingenti” də var.

CEDEAO-ya daxil olan Afrika ölkələri de-yure müstəqil və suveren dövlətlər sayılsalar da, 16 səhifədən ibarət sənədin qüvvədə saxladığı şərtlər onları Fransanın de-fakto müstəmləkələri olduğunu göstərir. Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə və yaxud neomüstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə, ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb. İndiki mərhələdə Fransa Afrika ölkələrini özünün iqtisadi-maliyyə asılılığında saxlayır. Asan verilən bahalı kreditlər Afrika ölkələrini praktiki olaraq Fransadan asılı vəziyyətdə saxlayır. Borclar artdıqca bu asılılıq dərinləşir və siyasi-hərbi müstəvilərdə də genişlənir.

Daha iki ölkədən sürpriz qərarlar

Şərtlər nə qədər ağır olsa da, Afrikanın ayrı-ayrı ölkələri bir-birlərinin ardınca Fransanın orbitindən çıxmağa özlərində cəsarət tapırlar. Afrika ölkələri Fransanın yeni formada apardığı müstəmləkəçilik siyasətinin ağır şərtlərindən qurtulmaq və real müstəqilliyə qovuşmaq istəyirlər. Təxminən bir ay bundan əvvəl Fransa Nigerdən zərbə aldı. Burada hakimiyyəti ələ alan qüvvələr Fransanın ölkədə mövcudluğuna son qoymağa qərar veriblər. Ölkə boyunca Fransa əleyhinə aksiyalar keçirilir.

Nigerin ardınca Qabonda da oxşar vəziyyət yaranıb. Burada da bir neçə gün bundan əvvəl dövlət çevrilişi baş verdi. Qabonda da Niger ssenarisi təkrarlanır. Müşahidə edilən proseslərdən ən çox əndişələnən ölkə yenə də Fransadır. Qabondakı bu ölkəyə məxsus şirkətlər təşviş içindədirlər. Yayılan məlumatlarda bildirilir ki, Fransaya məxsus “Eramet” şirkəti artıq bütün əməliyyatlarını dayandırıb.

Eyni zamanda, Fransanın müdafiə naziri Sebastyan Lekornu ölkəsinin hakimiyyət çevrilişinin baş verdiyi Qabonla hərbi əməkdaşlığı dayandırdığını açıqlayıb. Nazir Fransa ilə hərbi əməkdaşlığı dayandıran Nigerdə də vəziyyətin onlar üçün ürəkaçan olmadığını deyib. Niger və Qabonda durumun dəyişdiyini söyləyən Lekornu hərbçilərin legitim hakimiyyətləri devirdiklərini xatırladıb.

Nazir Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumla əlaqə saxladıqlarını da bildirib. Eyni zamanda, Lekornu çevriliş edən qüvvələrin Nigerdəki 1500 fransız hərbçisinin ölkədən çıxması tələbini rədd etdiklərini açıqlayıb. Artıq Qabon və Niger Fransa ilə bütün hərbi əməkdaşlığı dayandırıblar və hərbi müqavilələr ləğv olunub.

Fransanın tarixi cinayətinin izi ilə...

Fransanın tarixi cinayətləri ilə bağlı növbəti ağır ittihamlar İtaliyanın sabiq baş naziri, qocaman siyasətçi Culiano Amatodan gəlib. Onun səsləndirdiyi ittihamlardan biri 1980-ci ildə İtaliya səmasında içərisində 81 nəfərin olduğu sərnişin təyyarəsini? Fransa qırıcısı tərəfindən vurulması ilə bağlıdır. Amato Fransanın təyyarədəki 81 günahsız insanın qətlində birbaşa günahkar olduğunu söyləyib. Sabiq baş nazir iddia edib ki, Fransa həmin vaxt Liviya lideri Müəmmər Qəddafini qətlə yetirmək istəyib və elə bilib ki, Qəddafi sözügedən təyyarədədir. Nəticədə Fransa hərbi aviasiyası səhvən 27 iyun 1980-ci il tarixində Siciliya üzərində göyərtəsində 77 sərnişin və 4 ekipaj üzvü olan “İtavia”ya aid “McDonnell Douglas DC-9” sərnişin təyyarəsini vurub. Həmin təyyarə Boloniyadan Palermoya uçurmuş. Amato əmindir ki, Fransa tərəfi həmin sərnişin təyyarəsini Qəddafinin təyyarəsi ilə səhv salaraq, bu ağır cinayəti törədib.

Amato Fransa Prezidenti Emmanuel Makronu bu cinayəti etiraf etməyə və “bu ləkəni öz üzərindən silməyə” çağırıb. Amato qeyd edib ki, sözügedən cinayəti Fransanın törətdiyini İtaliyaya 1983-1987-ci illərdə rəhbərlik etmiş Baş nazir Bettino Kraksi də bilib və bu barədə sonradan Qəddafini məlumatlandırıb. Amatonun dediyinə görə, bu məlumatı onlara İtaliya xüsusi xidmət orqanları verib. Lakin obyektiv istintaq aparılmasına imkan verilməyib. Həmçinin, 1980-ci ildə İtaliyanın Baş naziri olmuş Françesko Kossiqa da təyyarənin Fransa tərəfindən vurulduğuna dair şübhələrə malik olduqlarını bildirib.

Qeyd edək ki, Amatonun bu açıqlaması İtaliyada böyük səs-küyə səbəb olub və ölkənin hazırkı Baş naziri Giorgiya Meloni məsələni araşdırmağı tapşırıb, həmçinin, Amatodan onda olan faktları təqdim etməsini xahiş edib. Beləliklə, Fransanın törətdiyi beynəlxalq cinayətlərə biri də əlavə olunmaq üzrədir. Bəs Fransa bu dəfə hansı bəhanələrlə sudan quru çıxmağa çalışacaq?

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasi fitnəkarlıq...

26 Sentyabr 11:46

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Gündəm

Sülhə doğru...

26 Sentyabr 10:26

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

XİN Makrona cavab verib

25 Sentyabr 13:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30