Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Qırmızı dənizin qaranlıqları: boğulan Yəmən

Qırmızı dənizin qaranlıqları: boğulan Yəmən

19.01.2024 [12:27]

Murad Köhnəqala

Yaxın Şərqdə silahlar susmaq bilmir. Müharibələr, qaçqınlıq, aclıq, humanitar böhran, insanlıq faciələri... biri bitməmiş o biri başlanır...

Artıq bir həftədən çoxdur Yaxın Şərqdə yeni gərginlik ocağı alovlanıb. Bu dəfə alovlara bürünən Yəməndir.

Bu günlərdə ABŞ və Böyük Britaniya qüvvələri Yəməndəki “Ənsar Allah” hərəkatının (Husilər) mövqelərinə yenidən  ard-arda hava zərbələri endirib. Yerli mətbuatın yaydığı xəbərlərdə “Hazırda ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri Qırmızı dənizin sahilindəki Hodeyda əyalətinin şimalındakı Əl-Luhiyyə bölgəsində “Ənsar Allah” qrupunun hədəflərinə zərbələr endirir”, – deyə bildirilir.

Xatırladaq ki, ABŞ və Böyük Britaniyanın ötən həftənin dördüncü günündən başladığı “Rifah Keşikçisi Əməliyyatı” çərçivəsində Yəməndəki husi qruplaşmaları hədəfə alınıb. Qərb bu dəfə Yaxın Şərqdə əl-ayağına dolaşan qüvvələrin kökünü tamamilə kəsmək niyyətində qətiyyətli görünür. Amerikayönümlü Yəmən hakimiyyətinə ciddi maneələr törədən və İrandan idarə olunan “Ənsar Allah” hərəkatı eyni zamanda HƏMAS-a dəstək verərək İsraili də hədəfə alıb.

Yeni qüvvə: “Anti-husilər”

Hərbi ekspertlərə görə, yeddi il davam edən müharibədən və Səudiyyə-Əmirlik koalisiyasının bombardmanlarından sonra ABŞ-İngiltərə birliyinin indiki zərbələri husilər üçün “küləyə tor atmağı” xatırladır. Yəni, əslində husilər son olayları qızışdırdıqları zaman onlara hansı cavabların veriləcəyini təxmin edirdilər. Bəzi ekspertlərin fikrincə, hətta bütün islam coğrafiyası husilərə dəstək verir. Bu səbəbdən ABŞ nüfuz dairəsinə saldığı ərəb ölkələrində yerli sakinlərdən ibarət “anti-husi” dəstələri yaratmağa başlayıb.

Yeni ilə bir neçə gün qalmış “Ənsar Allah” qruplaşmasının lideri Əbdülməlik əl-Husi televiziyada çıxış edərək başlanacaq əməliyyatların ssenarisini  açıqlamış və belə söyləmişdi: “Hər kəs bilsin, amerikalılar ölkəmizə soxulub yeni müharibəyə başlayanda husilər sakit qalmayacaq!”  

Bu ara ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlarda bildirilir ki, husilər aylar öncə uzunmüddətli döyüşlər üçün hazırlıqlara başlayıblar.

Husilər hücum planından xəbərdar olublar?

Baş verən hadisələrdən məlum olur ki, husi qüvvələri ABŞ-İngiltərə cütlüyünün onlara qarşı hücum planından xəbərdar olub. “Ənsar Allah” 2023-cü ilin noyabr ayından etibarən dənizdə döyüş əməliyyatları üçün şəxsi heyətin hazırlığını gücləndirməyə başlayıb. Qruplaşma eyni zamanda hücumların qarşısının alınması üçün əks-tədbir təlimləri keçirib, silahların saxlandığı yerlərdə yeni bunkerlər yaradıb, hücum PUA-ları ilə təchiz edilmiş raket bölmələri və birləşmələrinin yenidən yerləşdirilməsi üçün tədbirlər görüb. Bundan başqa, düşməni çaşdırmaq üçün xeyli sayda saxta hərbi bazalar yaradılıb, bu bazalara saxta obyektlər, hədəflər yerləşdirilib. Bir sözlə, husilər Səudiyyə-BƏƏ koalisiyası ilə yeddi illik müharibədən yığdıqları təcrübəni işə salaraq bütün döyüş taktikalarından istifadə edirlər.

Ərəb neftinin nəqlinə təhlükə

Bir çox ekspert düşünür ki, Vaşinqton bu əməliyyatda da səhvə yol verir. Ağ Ev bu planı hərbi əməliyyatdan daha çox siyasi oyun kimi nəzərdə tutduğundan husilərlə açıq döyüşdə gülünc vəziyyətə düşür. Hərbi analitiklərə görə, indiki vəziyyətdə həm Hörmüz boğazı ərazisində, həm də Ərəb körfəzi sularında “müqavimət oxu” qüvvələrindən cavab zərbələri gözlənə bilər. Hələ 2019-cu ildə körfəz sularında Səudiyyə və BƏƏ limanlarındakı tankerlərə, daha sonra Hörmüz boğazında üzən iki Britaniya gəmisinə silsilə hücumlar edilmişdi. Qərb həmin hücumları İranın təşkil etdiyini iddia etsə də, cənub qonşumuz məlum körfəz xuliqanlığını boynuna almamışdı. İndiki məqamda isə dəniz müharibəsi körfəz ölkələrinə daha çox iqtisadi problemlər yarada bilər. Bölgə dövlətlərinin nəql etdiyi neftin 30 faizə qədəri Ərəb körfəzi və Hörmüz boğazından keçir. Bu halda Qırmızı dənizdə müharibənin genişlənməsi nə körfəz ölkələrinin, nə də onların Qərb partnyorlarının maraqlarına uyğun deyil.

Lakin ABŞ-Böyük Britaniya cütlüyünün davamlı hücum əməliyyatları Qərbin bu ehtimala o qədər də ciddi yanaşmadığını göstərir.

“Müqavimət oxu” genişlənərsə...

Bəzi konfliktoloqların fikrincə, hazırda husilər ərəblərlə müharibə aparan İsrailə də müharibə elan edə bilərlər.  Yəni, mütəşəkkil formada silahlanmış, təlim keçmiş husi dəstələrinin “Rifah keşikçisi” əməliyyatına hər hansı şəkildə dəstək verən ölkələrə qarşı terror aktları planlaşdırması istisna deyil.

Bu aralar Rusiya mətbuatı da yazır ki, husilərin “müqavimət oxu” Hind okeanının şimal-qərb ərazisində  əməliyyatların dairəsini genişləndirsə, ABŞ-ın husilərə qarşı istifadə edəcəyi silah arsenalı məhdudlaşmış olacaq.

Əslində, bir məsələni də görməmək olmaz: Bayden administrasiyası indiyədək Tramp komandasından fərqli olaraq Yaxın Şərqdəki husi problemini dinc yolla çözməyə üstünlük verirdi. Hətta Baydenin göstərişi ilə “Ənsar Allah” qruplaşması terror təşkilatları siyahısından da çıxarılmışdı.

Bir məsələ də var ki, öncələr ABŞ husi problemini həll etməsi üçün Səudiyyə Ərəbistanına ciddi dəstək vermirdi. Üstəlik, Konqres vaxtaşırı Ər-Riyad üçün silah tədarükünə limit qoymaq kimi təşəbbüslərlə çıxış edirdi.

Rusiyalı analitiklərin fikrincə, əgər ABŞ Yəməndəki əməliyyatları irimiqyaslı müharibəyə çevirəcəksə, bu, onun husi probleminin həlli üçün həyata keçirdiyi bütün səylərinin puça çıxması demək olacaq.

Səudiyyə Ərəbistanı isə bütün bu gərginlik fonunda ehtiyatlı və təmkinli görünməyə çalışır. Səudiyyə hökuməti ABŞ-Böyük Britaniya koalisiyasını da “təmkinli”  davranmağa çağırıb.

Anqlosakslara hava məkanından istifadəyə icazə verib-verməməsindən asılı olmayaraq, husilərin Səudiyyə Ərəbistanına qarşı xüsusi iradları yoxdur. Çünki Ər-Riyad rəsmi olaraq “Rifah keşikçisi” əməliyyatında iştirak etmir və əksinə, ABŞ-ı “anti-husi” dəstələri yaratmaq əvəzinə problemin mahiyyətinə varmağa, dəniz müharibəsinin səbəblərini aradan qaldırmağa çağırır.

Növbəti qurban Bəhreyn ola bilər

Qərbin başladığı “Rifah keşikçisi” adlı hücum əməliyyatlarına bölgə dövlətləri içində yeganə dəstək Bəhreyndən gəlib. Bəhreynin bu addımı husiləri qəzəbləndirib. Bununla bağlı “Ənsar Allah”ın sözçüsü Yəhya Sari deyib: “Bəhreyn rejiminin bu hücumda iştirakı ərəb ölkələrinə məkrli zərbədir. Hücumlar cavabsız qalmayacaq, Bəhreyn cəzalandırılacaq. Qüvvələrimiz quruda və suda yerləşən istənilən təhlükə mənbəyinə hücum etməkdən çəkinməyəcək”.

Bir çox ekspertin qənaətinə görə, Bəhreyn məsələsi “Ənsar Allah”la Səudiyyə Ərəbistanı arasında gərginliyin yaranmasına gətirib çıxara bilər. Böyük ehtimalla husilər Bəhreyni cəzalandırmaq üçün Səudiyyə ərazisindən istifadə etməyə çalışacaqlar, lakin Ər-Riyadın buna razılıq verəcəyi inandırıcı görünmür.

Beləliklə, ABŞ-Rusiya müharibəsinin Yaxın Şərq cəbhəsində yeni bir dalğası yaranıb – Yəmən dalğası. Rusiya hələlik burada görünməyən tərəf kimi çıxış etməyə üstünlük versə də, ABŞ-a müqavimət göstərən qruplaşmaların arxasında İranın təkbaşına dayandığını güman etmək olmaz. Proseslərin bu cür gedişatı isə üçüncü dünya müharibəsinin başladığını söyləməyə əsas verir.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30