Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Makron əleyhinə peyin inqilabı

Makron əleyhinə peyin inqilabı

23.01.2024 [13:58]

Murad Köhnəqala

Tarixdən məlumdur ki, Fransa inqilablar beşiyidir. Hətta bir qədər ironik tərzdə desək, bu ölkədə boş vaxt tapan kimi inqilab edirlər. Volterin, Hüqonun vətənində yenə inqilab küləkləri əsir. Amma deyəsən, bu dəfə mahiyyət də, forma da fərqli olacaq. Qısası, Fransada gözlənən yeni devrim “peyin inqilabı”dır. Bir neçə gündür, Fransa küçələrini peyin gübrəsinə bələyən inqilabçı fermerlər Makron hakimiyyətini hədəfə alıblar.

Ölkənin ən böyük kənd təsərrüfatı birliyi olan Milli Fermer Birlikləri Federasiyası (FNSEA) fermerlərin etirazlarının bütün ölkəni bürüyəcəyi ilə bağlı hökumətə xəbərdarlıq edib. Fermerlərin narazılığına səbəb Ukraynadan kənd təsərrüfatı məhsullarının ucuz idxalı, bürokratik əngəllər, yanacağın qiymətinin artması və yüksək vergilərdir. Eynilə alman həmkarları kimi fransız fermerlər də dövlətin kənd təsərrüfatı sahəsinə laqeyd münasibətindən, bu sahənin inkişafına süni əngəllərin yaradılmasından şikayətçidirlər. İlk etiraz aksiyaları ölkənin cənub-qərbində alovlanıb.

Etirazların Fransanın başqa əyalətlərini, üstəlik, Paris başda olmaqla iri şəhərləri də əhatə edəcəyi gözlənir. Bu etirazlar prezident Emmanuel Makrona, ən əsası isə yeni təyin olunmuş baş nazir Qabriel Attala Avropa Parlamentinə seçkilər ərəfəsində yeni problemlər yaradıb.

 Attala etimadsızlıq

Fransız mediası yazır ki, Attal baş nazir vəzifəsinə təyin olunmamışdan çıxışlarında dəfələrlə kənd təsərrüfatı mövzusuna həssas yanaşdığını, baş nazir olacağı dövrdə bu sahəyə xüsusi diqqət göstərəcəyini bildirib. Lakin hazırkı etirazlarda da səsləndirildiyi kimi, fransız xalqı artıq illərdir ki, siyasətçilərə inanmır. Qısası, fermerlər bağıra-bağıra deyirlər ki, onlara sözdə yox, əməldə kömək  lazımdır. “Reuters” agentliyi xəbər verir ki, FNSEA etiraz aksiyalarını tezliklə bütün ölkə ərazisində başlada bilər.  Hazırda davam edən nümayişlərin ayın sonuna kimi uzadılacağı qeyd olunur. Ölkənin Oksitaniya bölgəsində fermerlər yolları bağlayır, dövlət və hökumət idarələrinin qarşısına  peyin səpirlər.

Tuluza şəhəri və ətraf ərazilərində də etiraz aksiyaları keçirilir, gediş-gəliş yolları traktor və kombaynlarla bağlanıb. Aksiyaya qoşulanların sayı getdikcə artır. Bu həftə hökumətin kənd təsərrüfatı istehsalçılarına yardım planının açıqlanması da gözlənir.

Fransa hökuməti kənd təsərrüfatı məhsullarının istehsalında bir sıra kimyəvi gübrələrin, o cümlədən alaq otlarına qarşı mübarizədə istifadə olunan herbisidlərin istifadəsini qadağan edir. Suvarma xərcləri isə getdikcə  artır. Digər bir problem kənd təsərrüfatı ilə məşğul olan şəxslərin yaşı ilə bağlıdır. Statistikaya görə, ölkədə 50 yaş nisbətindən aşağı fermer tapmaq mümkün deyil. Çünki mövcud problemləri göz altına alan gənclər kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər.

Beləliklə, Yelisey sarayı yeni ildən etibarən ölkə üçün daha aktual məsələləri – yəni daxili problemləri həll etməlidir. Hökumətin yanlış daxili və xarici siyasətini tənqid edən Milli Ralli partiyasının 28 yaşlı rəhbəri Jordan Bardella bildirib ki, Makronun Avropası ilə Brüssel Avropası fermerlərə sadəcə olaraq “layiqli fəaliyyət göstərmək şansı” vermir. Partiya rəhbərinin sözlərinə görə, fermerlər ənənəvi qaydada sağçı qüvvələrə rəğbət bəsləyirlər.

Yanacaq bahalaşır, vergilər artır...

Bəs ölkə fermerlərini ən çox əsəbiləşdirən nədir? İş orasındadır ki, kənd təsərrüfatı ilə məşğul olanlar dövlətin təyin etdiyi çox ciddi standartlara, sərt tələblərə  əməl etməyə məcbur olur, yanacağın bahalığı ucbatından nəzərdə tutulandan daha çox pul xərcləyirlər. Analoji problem hazırda Almaniyada da yaşanır. Orada dövlətin dizel yanacağına ayırdığı subsidiyalar kəsildikdən sonra fermerlər ardıcıl etirazlara başlayıblar. Almaniyada fermer etirazları xeyli müddətdir davam edir. Onların tələbləri arasında vergilərin azaldılması da səsləndirilir.

Fermerlər bildirirlər ki, etiraz doğuran əsas məqamlardan biri quraqlığın adiləşdiyi şəraitdə yanacağın və suvarma qiymətlərinin artmasıdır. Bundan başqa, ölkədə Avropa İttifaqının yürütdüyü siyasətdən də narazılıq çoxdur. Ukraynadan kənd təsərrüfatı mallarının idxalına gəlincə, ekspertlər bildirirlər ki, bu vəziyyət də ölkədə yerli istehsala mənfi təsir göstərir. Ukrayna məhsullarının tədarükü Şərqi Avropa bazarında da yerli məhsulların sıxışdırılmasına, daxili istehsalın zəifləməsinə  səbəb olur.

Ekspertlərin bildirdiyinə görə, son hadisələr birmənalı olaraq Fransa liderinin xeyrinə deyil. Ötən həftənin ikinci günü ictimaiyyət üçün keçirilən mətbuat konfransında prezident Makronun çıxışı və suallara verdiyi cavablar onu dinləyənlər üçün heç də inandırıcı olmayıb. Medianın yazdığına görə, eyni aqibət yeni baş nazir Attalı da gözləyir. Baş nazirin yaxın günlərdə Milli Assambleyada xalqa müraciət edəcəyi və mətbuat konfransı keçirəcəyi gözlənir.

“Dubinka” demokratiyası

Makronun rəhbərlik fəaliyyətini təhlil edən siyasətçilərin  fikrincə, bacarıqsızlığından əlavə, ümumiyyətlə, onun bir siyasətçi və dövlət başçısı kimi “bəxti gətirməyib”. Hakimiyyətdə olduğu müddət ərzində Makron bir neçə irimiqyaslı böhran yaşayıb. Lakin nədənsə o, avropalı həmkarlarından nümunə götürmür, yəni, vəzifədən “üzüsulu” getməyi ağlına da gətirmir. “Sarı jiletlilər”in üsyanı, pandemiya nümayişləri, təqaüdçüləri küçələrə çıxaran “pensiya islahatları”, Afrikadan qovulmaq və nəhayət, indiki vaxtda fermerlərin kütləvi “peyin aksiyaları” Fransa hakimiyyətinin istefası üçün çox ciddi səbəblərdir. Lakin hökumət küçə nümayişlərini zorla dağıtmağa, aksiya iştirakçılarına qarşı güc tətbiq edərək, onların etiraz hüququnu əlindən almaqla özünü qorumağa çalışır. 2018-ci ildən etibarən ölkəni saran “Sarı jiletlilər” hərəkatının çoxsaylı üzvü hələ də Fransa həbsxanalarında cəza çəkməkdə, hərəkat nümayəndələri isə Makron hökuməti tərəfindən ən müxtəlif formalarda təzyiqlərə, diskriminasiyaya məruz qalmaqdadır.

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30