Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BMT-də Azərbaycan gündəliyi

BMT-də Azərbaycan gündəliyi

21.10.2025 [09:54]

Hazırda qlobal miqyasda meydana çıxan əsas çağırışlardan biri iqlim dəyişmələri ilə bağlıdır. Yeni qlobal çağırışlardan bütün ölkələr təsirlənir. Bu həm də o anlamda qəbul olunmalıdır ki, hər bir dövlət artan qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsinə öz töhfəsini verməlidir.

Bu sahədə respublikamızın nümunəsi diqqət çəkir. Yeri gəlmişkən, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev bu günlərdə BMT Baş Assambleyasının 80-ci sessiyasının üçüncü komitəsinin “İnsan hüquqlarının təşviqi və müdafiəsi” mövzusunda keçirilən iclasında iqlim dəyişikliyi və ətraf mühit üzrə xüsusi məruzəçilərlə interaktiv dialoq zamanı ölkəmizin yaranan yeni çağırışlara həssas yanaşmasını diqqətə çatdırıb.

İqlim dəyişmələrinin artan fəsadları

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev müzakirələrdə vurğulayıb ki, iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyasından yaranan çağırışlar artmaqdadır və dünya üzrə milyardlarla insana, onların hüquqlarına mənfi təsir göstərir. Həqiqətən də, bəhs olunan kontekstdə dünyanın mənzərəsi çox kədərlidir. Təqdim olunan faktları həyəcansız izləmək mümkün deyil. Dünyadakı bir neçə onillik bundan əvvəlki vəziyyətlə bugünkü mənzərənin müqayisəsi olduqca məyusedicidir.  Verilən məlumatlarda bildirilir ki, əgər bir vaxtlar qlobal səviyyədə əhali artımına, insanların həyat tərzinə, sosial vəziyyətinə daha çox dərəcədə müharibələr mənfi təsir göstərirdisə, indi burada iqlim dəyişikliyi önə çıxmaqdadır. Dünyanı təhdid edən iqlim dəyişikliyinin qlobal istiləşmə və sürətli sənaye inkişafının nəticəsi olaraq yarandığı bildirilir. Uzun illərdir ki, dünyada artan əhali neft, qaz, kömür yandırır. Eyni zamanda, avtomobillərin sayı sürətlə çoxalır, sənaye istehsalına tələbat artır.  Bütün bu kimi fəaliyyətlər atmosferə daha çox həcmlərdə tullantıların, karbon qazının buraxılması ilə nəticələnir.

Eyni zamanda, qlobal istiləşmənin sürətlənməsi həyəcan təbili çalmağa əsas verir. 2011-2020-ci illər arasında buzlaqların əriməsi əvvəlki 10 illərlə müqayisədə 75 faiz artıb. Dünya tarixində ən isti illəri məhz bizim dövrümüzdə izləyirik. Təbii fəlakətlərin - isti küləklərin, qasırğaların, yağıntıların, sel və daşqınların sayı əhəmiyyətli dərəcədə artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq bu göstərici 2000 metr dərinliyə qədər çatır.

Fəsadlar da çox ağırdır. Ekstremal hava şəraiti, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə, milli iqtisadiyyatlara, şəhər və kənd mühitinə, qida və su təhlükəsizliyinə öz mənfi təsirlərini  göstərir. Təəssüf ki, biz belə mənfi təsirlərin statistikasında sürətli artım dinamikasını izləyirik. Ətraf mühitin çirklənməsi, müxtəlif təbiət hadisələri hər il təxminən 13 milyon insanın həyatına son qoyur. Bu gün iqlim dəyişikliyi insanları yoxsulluğa sövq edən və həyat tərzinin yaxşılaşmasına mane olan əsas problemlərdən biri qismində çıxış edir. XXI əsrin ikinci onilliyində (2010-2019) ekologiya ilə bağlı hadisələr hər il orta hesabla 23,1 milyon insanı öz daimi yaşayış yerindən köçmək məcburiyyəti ilə üz-üzə qoyub.

Azərbaycan da qlobal iqlim dəyişmələrindən əziyyət çəkən ölkələr sırasında yer alır. Bir qədər bundan əvvəl  “Azərkosmos” qlobal iqlim dəyişmlərinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. “Azərkosmos”un peyk görüntülərinə dayanaraq apardığı hesablamalar göstərir ki, ölkədəki su anbarlarının çoxunda azalmalar baş verib. Məsələn, 2017-ci ildə ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarının güzgü səthinin sahəsi 48 min 259 hektar idisə, son vaxtlarda bu rəqəm 46 min 438 hektara enib. Deməli, 2 min hektara yaxın azalıb. “Azərkosmos”un hesablama apardığı  Araz su anbarında bu azalma 1 min 800 hektar, Yenikənd su anbarında 74 hektar, Taxtakörpü su anbarında isə 286 hektar olub. Təqdim olunan bu kimi faktlar həyəcan təbili çalmağa əsas verir.

COP29-un uğurlu nəticələri

BMT səviyyəsində aparılan müzakirələrdə Azərbaycanın iqlim dəyişmələri ilə bağlı gündəliyi diqqət mərkəzində olub. Azərbaycan iqlim dəyişmələri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən dövlətdir. Respublikamız 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Azərbaycandan Konvensiya üzrə hesabat öhdəliklərinin bir hissəsi kimi mütəmadi olaraq iqlim dəyişikliyi ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlayır və müvafiq qaydada təqdim edir. Sözügedən hesabatların hazırlanmasında sahələr üzrə məlumatların toplanması və ümumiləşdirilməsi məqsədi ilə hər bir müvafiq sektoru təmsil edən dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb.

Məsuliyyətli dövlət olan Azərbaycan müvafiq istiqamətlərdə öz fəaliyyətlərini də qlobal çağırışlara adekvat qurur. Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir.  Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur.

Azərbaycanın COP29-un keçiriləcəyi məkan kimi müəyyənləşdirilməsi ölkəmizin bu kimi reallıqlarının BMT səviyyəsində yüksək dəyərləndirildiyinin əyani təsdiqi idi. Respublikamız dünyanın etimadını doğruldaraq beynəlxalq iqlim konfransına yüksək hazırlıqlar gördü və tədbirdə substantiv nəticələr əldə olundu. Bu sırada Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasını, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsinin  tam şəkildə işlək vəziyyətə gətirilməsini, iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılmasını,  Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsinin yaradılmasını, 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramının qəbul edilməsini xüsusi vurğulaya bilərik.

Beləliklə, deyə bilərik ki, Azərbaycan COP29-un təcrübəsi ilə gələcək iqlim konfransları üçün nümunəvi presedent yaradıb. BMT-də aparılan müzakirələrdə Birinci katib Azərbaycanın sədrliyi ilə COP29-da qəbul edilmiş Bakı Maliyyə Məqsədinin 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard ABŞ dolları səfərbər etməyi hədəflədiyini diqqətə çatdıraraq vurğulayıb: “Beynəlxalq ictimaiyyətin səmərəli fəaliyyəti iqlim dəyişikliyi nəticəsində yaranmış köçkünlük, yoxsulluq, qida çatışmazlığı və aclıq, su qıtlığı kimi insan hüquqları çağırışlarını həll etmək üçün zəruridir”.

Azərbaycanın 2024-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə IV könüllü milli hesabatını təqdim etdiyini nəzərə çatdıran Ş.Hacıyev sözügedən tədbirlərin əhalinin rifah halını təmin etməyə yönəldiyini bildirib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31