Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Materiyanın çürük zənciri

Materiyanın çürük zənciri

28.11.2025 [09:32]

Saday Budaqlının “Fevral” povesti haqqında

əvvəli ötən saylarımızda

...Sonra bir gün keçdi, iki gün keçdi, bu günlər ötən günlərə oxşamayanda həmin uşaq da yoxa çıxdı; anasının yoxluğuna, atasının sərtliyinə, qaraqabaqlığına, evdəki qanqaraçılığa öyrəşən daha ayrısıydı, onunçün tanış həyətdən, tanış ağaclardan savayı məktəb varıydı, küçə varıydı, dostları, yoldaşları varıydı, çox vaxt heç evdən ötrü darıxmırdı da, çünki evdə hər dəqiqə qorxurdu ki, bu saat atası ona, ya qardaşlarına hirslənəcək, yenə qanqaraçılıq olacaq...

...Sonra atası evləndi, evlənib birdən-birə dəyişdi, mehribanlaşdı, pis bir iş tutanda da xətirlərinə dəymədi, elə bil nədəsə təqsirkardı, çalışırdı günahını yusun, özünü təmizə çıxarsın...

...Onun yaddaşında bir ayrı oğlan da varıydı. Bu oğlan üçün dünyada xurmayı saçlı, qara gözlü, tutaş kirpikli qızdan başqa heç kim yoxuydu, elə bil doğulmuşdu ki, gecə-gündüz o qızı düşünsün, özündən olmazın əhvalatlar quraşdırsın, o qızdan ötrü qəhrəmanlıqlar eləsin, yaralansın, ölsün; ölsün ki, qız onun üstündə ağlasın, xiffətini çəksin...

...Orduya çağırış vərəqi alan daha başqa adamıydı, müharibədən qayıdan da. Müharibədən tez-tez məktublar yazırdı,  hamının bayramını, ad gününü vaxtlı-vaxtında təbrik eləyirdi, ancaq elə ki qayıdıb gəldi, bu vərdişlərini o saat yadırğadı...

...Müharibədən gələn kimi Düzyurdda açılmış ikiillik müəllimlər institutuna girdi, pis-yaxşı oxudu, diplom aldı, öz kefindən də qalmadı, subay oğlanıydı, ömrünün dörd ilini müharibə yelə vermişdi, gərək o günlərin əvəzini çıxaydı...

...Evlənib Vəli üçün tikilmiş evdə yaşayanda artıq başqa adamıydı. Həmin adam bir səhər hamilə qadının yanında gözünü açıb anlamışdı ki, onun bu günəşli, aylı, ulduzlu səmanın altında nəfəs ala bilməyi xoşbəxtlikdi və bu xoşbəxtlik üçün hamıya borcludu, hamı onun üçün nəsə edib, deməli, o da bu adamlar üçün nəsə etməlidi, necəsə, nə cürsə bu borcun əvəzini verməlidi...

...Həmin adam özündən sonra onun üçün bircə ağrı qoyub gedib - yəqin ağrısız yaşanan illərcə ağrıyla xatırlanır, yəqin ağrı həmişə olmalıdı: ya həmin günləri yaşayanda, ya da xatırlayanda. Bir də həmin adamı xatırlayanda həmişə heyifsilənir: axı o həmişə o cür ola bilərdi, dünyanı, adamları o cür görə bilərdi, qorxusuz-hürküsüz, xoşbəxtliyinin üstündə əsmədən, xoşbəxtliyini heç kimə qısqanmadan, heç nəyə qızırğalanmadan yaşaya bilərdi. Hər şey birdəncə dağıldı, yoxa çıxdı...”

Burada xatırlanan adamların heç biri indi sağ deyil, hamısı ölüb-itib, onun ahıl yaşına biri də salamat qalmayıb, biri də ömrünün bu tək, kimsəsiz çağında onun harayına yetməyib.

***

Budur, artıq yaş altmışı haqlayıb, bir dastanlıq ömürdən ona yalnız tənha qocalıq qalıb. Hərəsi bir evin çırağını yandırmış qızları hərdən gəlib onu yoluxurlar, ev-eşiyinə əl gəzdirir, pal-paltarını yuyurlar: “İndi acığı tutur qızlarının analarıyla görüşməyinə, süfrələrinin başında oturtmaqlarına, amma haçansa özü şərait yaradırdı. Bilirdi yolda-izdə görüşürlər, günü uzadılmış adıyla evdən çıxıb analarının yanına qaçırlar... Axırdan-axıra aranı da açdı, hərdən qızlarını söhbətə tutub, analarının necə yaşadığı ilə, nə danışdığı, nə soruşduğu ilə maraqlandı. Etinasız-etinasız suallar verirdi, guya eşitdiklərinin ona dəxli yoxdu, amma qulağı darı dəlirdi, analarının qanıqara olduğunu, nəyəsə deyindiyini, şikayətləndiyini eşidəndə çiçəyi çırtlayırdı. İlahi, hələ heç kimin ağlına gəlməz ki, o indiyə qədər nə edibsə, həmişə arvadını düşünüb, hər hərəkətini “o ləçərin” gözüylə ölçüb. Təkcə ona çalışıb ki, gördüyü iş arvadının xoşuna gəlsin, arvadı onu tanısın, təzədən tanısın, yaxşı adam kimi tanısın və günlərin bir günü o hiss eləsin ki, arvadı peşman olub...”

Onun həyatda özünü təsdiqləmə metodu həmişə başqalarının bədbəxtliyinə hesablanıb, onun xoşbəxtliyi özgələrin bədbəxtliyindən çıxıb - o bədbəxtliyə çarə qılmağı nə qədər arzulasa da. Başqa sözlə, onun törətmək istədiyi xeyir əməl şeytana möhtacdır, şərə bulaşıqdır, emosional, impulsiv xarakterlidir, mənəviyyat baxımından şübhəli mənbələrə dayanır, bu səbəbdən saf xeyir sayıla bilməz. Saf əməl olmadığından bu adamın ömrün ayrı-ayrı epizodlarında yaşadığı xoşbəxt anlar da sabit, dayanıqlı deyil, ötəridir, keçicidir, mənəvi əsasdan məhrumdur.

Qardaşının çağırdığı təcili yardım maşını qapıya dirənəndə onun durğun həyatı yenidən dalğalanır. Fikir fikiri qovduqca, fantaziyası sürətlə irəlilədikcə bu dalğa əvvəlcə selə, sonra sunamiyə çevrilir: “Qardaşı zorla, hıqqana-hıqqana danışırdı, sol böyründəki sancılardan şikayətlənirdi, deyirdi iki gündü ağrıdan qovrulur. Bu, qoca adamın səsi idi. O elə bil qardaşının qocaldığını indicə başa düşdü. Və narahatlıq hiss elədi. Bu narahatçılıqda adamı şirnikdirən, çəkən nəsə vardı...”

Küsülü olsalar da, qardaşını tək buraxmır, özü də həkim maşınına təpilir: “Qardaşını xəstəxanaya aparacaqlarını eşidəndə də elə həmin narahatçılığın boş yerə olmadığına inanmaq üçün geyinib tələsik maşına oturdu”.

Ürəyinə damır ki, qardaşı öləcək - indi onun sönük qəlbini yalnız belə bir bədbəxtlik yerindən oynada bilər: “Görəsən indi nə düşünür qardaşı? Bu evləri, ağacları, hərdənbir buludların arxasından işaran günəşi son dəfə gördüyünü hiss eləyirmi? Gözləri yol çəkir, deyəsən onun maşında olduğunu da unudub...”

Müəllif bir-birinə düşmən kəsilmiş küsülü qardaşların əslində bir-birinə bir medalın iki üzü kimi çox yaxın, çox doğma, xaraktercə, mahiyyətcə eyni xassəli olduğunu sadə bədii dillə rahatca izah eləyir: “Qardaşı ona oxşayırmış. Özü də çox oxşayırmış. Ancaq qəribədi, tək sir-sifətdən oxşamırlar, talelərində də nəsə bir oxşarlıq var, elə xasiyyətlərində də. O da qardaşı kimi tərsdi. Ürəyi qövr eləyir, bir şirin söz dilini-dodağını yandırır, di gəl, gedib həmin sözü deyəmmir. Guya desə, alçalar, özünü sındırar. İndi qardaşının gözündə o tamam ayrı adamdı, ölüb gedəcək, heç vaxt da onun ürəyindəkilərdən xəbəri olmayacaq; xəbəri olmayacaq ki, həmişə, hətta qayıtmağından əlini üzəndə də ona güvənib, inanıb ki, çətinə düşsə, yenə qardaşı hayına yetər, xəstələnsə, yastığının dibini kəsdirər, ölsə, gəlib yerdən götürər...”

***

Labüd ölüm qarşısında qəhrəmanın şüur axını sürətlənir, yaddaşının tozlu qatları açılır. İndi onun öhdəsinə düşən ölümqabağı qardaşının qulluğunda durmaq, onun yastığının dibini kəsdirmək, “əkiztayının”, antipodunun əzabından, ölümündən özünə həyat iksiri düzəltməkdir. Bir zamanlar ölümcül xəstəlikdən yatan atasının da üç ay əziyyətini çəkmişdi, kişini qucağında içəri-çölə daşımışdı, həmin üç aylıq cəfasının hesabına həyata yeni lisenziya almışdı, ömrünü illərlə uzatmışdı. İndi vaxtı keçmiş o lisenziyanı təzələmək zamanıydı: “Beşmərtəbəli xəstəxana binasının eyvanları boşuydu, qapı-pəncərələr bərk-bərk örtülmaşdü. Qardaşı da bu pəncərələrdən birinin arxasında oturub darıxacaqdı. Yuxarı mərtəbələrdə yatsa, meyidi düşürmək çətin olacaq...”

Xəstəxana həyətində həkim onu müjdələyir: qardaşının elə bir dərdi-azarı yoxdur, bir azca qara ciyəri şişib, beş-on gün yatıb çıxar: “Demək, heç nə dəyişməyəcək. O yenə evdə barmağının ucunda gəzəcək, qardaşıyla rastlaşmamaq üçün dəhlizə çıxanda öskürəcək, nəlbəkini əlində əsdirə-əsdirə çayı yenə öz otağına aparacaq. Demək, heç nə dəyişməyəcək”.

P.S. Noyabrın 13-də Saday Budaqlının 70 yaşı tamam oldu. Bu münasibətlə görkəmli yazıçını təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik.

davamı növbəti sayımızda

F.Uğurlu

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30