Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əsrləri aşan zərif ruh

Əsrləri aşan zərif ruh

13.05.2026 [08:30]

Məhsəti Gəncəvi söz və zəka simvoludur...

Onun şeirlərində qadın zəkasının qüdrəti, azad düşüncənin işığı və insan ruhunun incə çalarları elə bir ahənglə birləşir ki, əsrlər keçsə də bu poeziyanın nəfəsi köhnəlmir. Şərq poeziyasının zərif ruhu, sözün sehri ilə əsrləri aşaraq bu günə qədər gələn böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi yalnız öz dövrünün deyil, bütün Şərq ədəbiyyatının ən parlaq simalarından biridir. Qədim Gəncə şəhərinin elm və mədəniyyətlə yoğrulmuş mühitində yetişən bu böyük söz ustadı Şərq qadınının yalnız zəriflik deyil, həm də müdriklik, iradə və yaradıcı qüdrət simvolu olduğunu sübut etdi. Bu səbəbdən onun adı əsrlərdir poeziyanın, sənətin və mənəvi zənginliyin rəmzi kimi hörmətlə çəkilir.

Bu gün şairənin anadan olmasından 937 il ötür. 1089-cu ildə dünyaya göz açmış Məhsəti Gəncəvi uzun və səmərəli ömür sürüb, müasiri dahi Nizami kimi mükəmməl təhsil alıb, poeziya, fəlsəfə, musiqi, şahmat və başqa sahələrdə dövrünün kişi sənətkarlarından heç də geri qalmayıb. Onun müxtəlif qaynaqlardan toplanmış 200-dən artıq rübaisi Orta əsrlər Azərbaycan renessansının klassik örnəkləri cərgəsində özünə əbədi yer tutub.

M.Gəncəvinin rübailərində sevgi, həyat, gözəllik, insan azadlığı və dünyanın faniliyi o qədər dərin və təsirli şəkildə təqdim olunur ki, oxucu hər misrada həm keçmişin nəfəsini duyur, həm də öz ruhunun səsini eşidir. Rübailərində tez-tez rast gəlinən bahar təsvirləri, gül və bülbül obrazları, məclis səhnələri və musiqi motivləri sadəcə dekorativ element deyil, insan ruhunun gözəlliyə ehtiyacının simvoludur. Bu obrazlar vasitəsilə şairə oxucuya həyatın faniliyinə baxmayaraq, hər anın dəyərini duymağı, sevincin qədrini bilməyi və mənəvi azadlığın işığını qorumağı aşılayır.

Məhsətinin ən böyük nailiyyəti, bir ömür bahasına qazandığı ən başlıca xoşbəxtliyi budur ki, o, şairə olaraq əbədi dirilik, ölməzlik qazandı. O, hüsnüylə, təravətli rübailəriylə, sətrəncdəki istedadıyla, musiqidəki səriştəsiylə, büründüyü şöhrət və diqqət haləsiylə ucaldı.

Ədəbiyyatşünasların fikrincə şəhər həyatının, şəhər mədəniyyətinin əsasını təşkil edən əsnaf təbəqəsini - sənət və peşə sahiblərini klassik şeirimizdə Məhsəti səmimiyyəti və Məhsəti qüdrəti ilə öyən ikinci sənətkar yoxdur. O, yaradıcılığının böyük bir hissəsini məhz bu zümrəylə bağlayaraq sənətkarlardan ibarət zəngin obrazlar yaradıb. Məhsəti irsinə bu prizmadan baxarkən onun əsl sənətkar böyüklüyünü anlayırıq və ədəbi hünərinin mahiyyətini dərk edirik. Məhsəti o sənətkarlarımızdandır ki, poetik yadigarlarının bəxtinə sərhədlərdən çıxmaq, ölkələr aşmaq və hər yerdə də qonaq kimi deyil, doğma kimi qarşılanmaq düşür.

Şərq qadınları şahmat oynamaqda yüksək istedad sahibi olublar. Sevimli şairəmiz Məhsəti Gəncəvi də bu müdrik oyunla maraqlanıb. Əmir Əhmədlə şahmat taxtası arxasında oyun zamanı Məhsətinin əqil və fərasəti, istedad və bacarığı sayəsində bədahətən dediyi rübailər onun şahmat oyununun incəliklərinə vararaq, ondan zövq almaq bacarığını göstərir. Azərbaycan qızının yüksək şahmat istedadı alman alimi, şərqşünas F.Meyerin də diqqətini cəlb edir. 1963-cü ildə Visbadendə alman dilində nəşr etdirdiyi “Gözəl Məhsəti” kitabında o, şairənin həyat və yaradıcılığını öyrənmək, onun ədəbi irsini toplayıb nəşr etmək sahəsində faydalı addım ataraq, Məhsətinin Gəncədə doğulduğunu, onun şair, musiqişünas, xanəndə olduğunu, həm də çox gözəl arfa çaldığını göstərmişdi.

Şairə 1181-ci ildə 92 yaşında dünyasını dəyişib. Məhsəti Gəncəvi həqiqi bir şairə oldu, dünyanı daha dərindən duydu, hiss etdi, insan ağrılarına biganə qala bilmədi... Bu, böyük xoşbəxtlik idi ki, ona nəsib olmuşdu. Onun adı Azərbaycan xalqının yaddaşında yalnız bir şairə kimi deyil, həm də milli-mədəni irsimizin ölməz simalarından biri kimi yaşayır. Çünki onun poeziyası insan ruhunun gözəlliyinə, həyatın mənasına və sevginin əbədi qüdrətinə yazılmış musiqili bir nəğmə təsiri bağışlayır. Elə buna görə də əsrlər keçsə belə, onun misraları hələ də ürəklərdə yaşayır, dillərdə səslənir və Şərq ədəbiyyatının səmalarında parlaq bir ulduz kimi işıq saçır...

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31