Dayanıqlı maliyyə hesabatı
16.05.2026 [11:14]
Mərkəzi Bank “yaşıl maliyyə” üzrə beynəlxalq əməkdaşlığı daha da genişləndirib
Mərkəzi Bank (MB) “Dayanıqlı Maliyyə Hesabatı - 2025” hesabatını açıqlayıb. Hesabat maliyyə sektorunda dayanıqlı maliyyəyə keçid istiqamətində həyata keçirilən siyasət təşəbbüsləri, institusional tədbirlər və əldə olunan nəticələr barədə sistemli məlumatları əks etdirir. Hesabatın əsas məqsədi maliyyə sektorunun iqlim dəyişiklikləri və digər ekoloji, sosial və idarəetmə amilləri ilə bağlı risk və imkanlara uyğunlaşma səviyyəsinin artırılması istiqamətində görülən işləri ümumiləşdirmək və bu sahədə şəffaflığın təmin edilməsinə töhfə verməkdir. Sənəd maliyyə bazarları iştirakçıları, dövlət qurumları, beynəlxalq tərəfdaşlar və digər maraqlı tərəflər üçün dayanıqlı maliyyə siyasətləri və təşəbbüsləri üzrə etibarlı məlumat mənbəyi kimi nəzərdə tutulur.
İqlim dəyişikliyi və dayanıqlı inkişaf qlobal miqyasda əsas çağırışlardan biri olaraq ölkələrin inkişaf gündəmini formalaşdırır. Bu kontekstdə “Azərbaycan 2030” və “Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyası” ölkədə yaşıl artımın təşviqi, ekoloji tarazlığın qorunması və dayanıqlı inkişafın təmin edilməsini prioritet istiqamətlər kimi müəyyən edir. Ölkənin “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədi bu istiqamətdə əsas hədəfləri müəyyən edir.
ESİ risklərinin maliyyə sektoruna təsirləri
Mərkəzi Bank ötən il dayanıqlı maliyyə üzrə beynəlxalq əməkdaşlığı daha da genişləndirib, ekoloji, sosial və idarəetmə (ESİ) amilləri ilə bağlı risklərin maliyyə sektoru üçün artan əhəmiyyətini qəbul edərək ötən il bu istiqamətdə tənzimləyici və institusional çərçivənin gücləndirilməsi üzrə fəaliyyətini davam etdirib. “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na edilmiş dəyişikliklərə əsasən, bankların yaşıl və dayanıqlılıqla əlaqəli kredit portfelinin idarə edilməsi, kreditlərin qiymətləndirilməsi, monitorinqi, şəffaflığın və hesabatlılığın artırılması məqsədilə müvafiq addımlar atılıb. MB tərəfindən Azərbaycan Banklar Assosiasiyası və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə “Sparkassenstiftung” təşkilatı ilə birgə ESİ Risk Radar alətinin bank sektorunda tətbiqi layihəsi də icra edilir ki, bu alət kredit və müştəri səviyyəsində məlumatların məhdud olduğu şəraitdə ESİ risklərinin ölçülməsi və müqayisə edilməsinə imkan yaradır.
Külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt.st artım qeydə alınıb
2025-ci ildə ölkədə aşağı karbonlu iqtisadiyyata keçid istiqamətində əsas təşəbbüslər bərpaolunan enerji layihələrinin genişləndirilməsi, “yaşıl enerji zonası” konsepsiyasının icrası və daha iddialı emissiya azaldılması hədəflərinin müəyyənləşdirilməsi ilə xarakterizə olunub. Ötən il yeni investisiya qərarları da qəbul olunub, 100 MVt gücündə “Qobustan” günəş elektrik stansiyası üzrə investisiya müqaviləsi imzalanmış, layihə üzrə illik 180 milyon kVt.st elektrik enerjisi istehsalı, 39 milyon kubmetr təbii qaza qənaət və 86 min ton karbon emissiyasının azalması gözlənildiyi açıqlanıb. Bununla yanaşı, 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası üzrə yekun investisiya qərarı qəbul edilmiş və layihənin təxminən 200 milyon ABŞ dolları həcmində olduğu bildirilib. Şəbəkənin çevikliyinin artırılması məqsədilə “Azərenerji” ASC tərəfindən “Abşeron” və “Ağdaş” yarımstansiyalarında ümumilikdə 250 MVt gücündə və 500 MVtsaat tutumlu Batareya Saxlanc Sistemlərinin yaradılmasına başlanılıb. İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpaolunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi üzrə Asiya İnkişaf Bankının texniki yardım layihəsi təsdiq edilib və layihənin ümumi maliyyə dəyərinin 1,1 milyon dolları olduğu açıqlanıb.
İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində günəş və külək elektrik stansiyalarının tikintisi davam etdirilir. “Üfüq” və “Şəms” günəş elektrik stansiyaları, eləcə də irihəcmli külək enerjisi layihələri enerji balansında bərpaolunan mənbələrin payının artmasına və milli müəyyən edilmiş töhfələr sənədi çərçivəsində emissiya azaldılması hədəflərinə nail olunmasına xidmət edir. 2025-ci ildə külək elektrik stansiyalarından enerji istehsalının həcmi əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında ümumilikdə 162,3 milyon kVt.st artım qeydə alınıb.
Hibrid avtomobillərin idxalda payı 60 faizə yüksəlib
Hazırda ölkədə bərpaolunan enerji mənbələri üzrə ümumi quraşdırılmış gücü 1.829,6 MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Bərpaolunan enerji mənbələrinin ümumi qoyuluş gücündə payının 2030-cu il üçün 30 faiz hədəfindən daha sürətli artaraq 2027-ci ildə 33,7 faizə, 2030-cu ildə 37,9 faizə və 2035-ci ildə 42,5 faizə çatması gözlənilir. Günəş və külək layihələri hesabına illik 6,7 milyard kVt·saat elektrik istehsalı, 1,5 milyard kubmetr qaz qənaəti və 3,2 milyon ton istixana qazı emissiyasının azaldılması hədəflənir.
2025-ci ildə elektrikləşdirilmiş ictimai nəqliyyatın genişləndirilməsi davam etdirilib. Elektrik avtobuslarının yerli istehsalı istiqamətində yeni zavodun qurulması təşəbbüsü nəqliyyat parkının daha sürətli yenilənməsi, idxaldan asılılığın azaldılması və aşağı emissiyalı nəqliyyat vasitələrinin genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Aşağı emissiyalı nəqliyyat vasitələrinə keçid bankların avtomobil kredit portfelində də əksini tapıb. Ötən il həm kredit məbləği (75 milyon manat), həm də kredit sayı üzrə göstəricilər 2024-cü illə müqayisədə artım nümayiş etdirib. Artım, xüsusilə kredit sayı üzrə daha nəzərəçarpan olmuş, bu isə kreditləşmə fəallığının genişləndiyini göstərir. Nəticədə, 2025-ci ildə hibrid avtomobillərin idxaldakı payı kəskin şəkildə artaraq 60 faizə yüksəlib.
2026-cı il üzrə hədəflər
2026-cı il üçün müəyyən edilmiş strateji hədəflər çərçivəsində Mərkəzi Bank dayanıqlı maliyyə sahəsində həyata keçirilən tədbirlər maliyyə sektorunda dayanıqlılığın gücləndirilməsi, iqlim risklərinin effektiv idarə olunması və “yaşıl maliyyə” axınlarının təşviqi nəzərdə tutulur. Bu məqsədlə cari ildə dayanıqlı maliyyə sahəsində potensialın formalaşdırılması gücləndiriləcək. Bu istiqamətdə bank sektorunda dayanıqlı maliyyə sahəsində bilik və bacarıqların artırılması məqsədilə ixtisaslaşmış təlim proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Maliyyə ekosistemin formalaşdırılması istiqamətində kompleks tədbirlər də həyata keçiriləcək ki, bu çərçivədə “yaşıl istiqraz” bazarının inkişafı üçün beynəlxalq standartlara uyğun qanunvericilik bazasının hazırlanması, emissiya və hesabatlılıq tələblərinin müəyyən edilməsi, eləcə də stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Sığorta sektorunda dayanıqlılığın gücləndirilməsi məqsədilə Dayanıqlı Sığorta üzrə Fəaliyyət Planı hazırlanacaq, iqlim risklərinin idarə olunması və ESİ meyarları tətbiq ediləcək.
2026-cı ildə bank sektorunda ESİ risklərinin inteqrasiyasının gücləndirilməsi məqsədilə ESİ Risk Radar Aləti layihəsi çərçivəsinə uyğun olaraq, ESİ təlimatı hazırlanacaq və Risk Radar nəticələrinin kredit qərarlarına inteqrasiyası müəyyən olunacaq, eyni zamanda banklar üçün maarifləndirmə tədbirləri keçiriləcək, pilot layihə çərçivəsində tikinti sektoru üzrə kredit təhlili sualları tamamlanacaq. Risk Radar Aləti üzrə yekun hesabat hazırlandıqdan sonra alətin prudensial siyasətə inteqrasiyası ilə bağlı tədbirlər görüləcəkdir. Bununla yanaşı, maliyyə sisteminin iqlim risklərinə qarşı dayanıqlığının kompleks şəkildə qiymətləndirilməsi məqsədilə keçid riskləri üzrə stres-testlərin həyata keçirilməsi nəzərdə tutulur. Maliyyə bazarlarında şəffaflığın və bazar intizamının təmin edilməsi məqsədilə dayanıqlılıq göstəricilərinin açıqlanması üçün vahid metodologiya işlənib hazırlanacaq. Mərkəzi Kredit Reyestrinə istixana qazı emissiyalarına dair məlumatların inteqrasiyasını təmin etmək məqsədilə müvafiq hüquqi çərçivə formalaşdırılacaq, bu isə maliyyə institutlarının dayanıqlı investisiya və kredit qərarlarını daha səmərəli şəkildə qəbul etməsinə imkan yaradacaq.
Beləliklə, qeyd edilən kompleks tədbirlər maliyyə sektorunda dayanıqlı inkişaf prinsiplərinin daha sistemli şəkildə tətbiqinə və iqlim risklərinin maliyyə sabitliyi baxımından daha effektiv idarə olunmasına xidmət edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

