Ekoloji şüurdan gələcəyin fəlsəfəsinə
30.07.2026 [09:30]
IDEA Hərəkatının yaranmasından 15 il ötür
XXI əsr bəşəriyyət tarixində elə bir mərhələdir ki, insan ilk dəfə inkişafın sərhədləri haqqında ciddi düşünməyə başlayıb. Uzun illər iqtisadi artım, sənayeləşmə, urbanizasiya və texnoloji tərəqqi müasir sivilizasiyanın əsas nailiyyətləri hesab edilirdi. Lakin zaman keçdikcə aydın oldu ki, nəzarətsiz istehsal, təbii ehtiyatlardan qeyri-səmərəli istifadə, atmosferə buraxılan istixana qazlarının artması, meşələrin sürətlə məhv edilməsi, biomüxtəlifliyin azalması və şəhərlərin plansız inkişafı bəşəriyyəti yeni təhlükələrlə üz-üzə qoyur. İqlim dəyişikliyi artıq yalnız alimlərin müzakirə etdiyi nəzəri problem deyil, bu gün onun nəticələri dünyanın bütün qitələrində müşahidə olunur. Quraqlıqlar, daşqınlar, meşə yanğınları, su qıtlığı və ekstremal hava hadisələri milyonlarla insanın həyatına təsir göstərir.
Məhz buna görə beynəlxalq təşkilatlar son otuz ildə inkişaf anlayışına tamamilə yeni məzmun verməyə başlayıb. 1987-ci ildə BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Dünya Komissiyasının hazırladığı və Norveçin keçmiş Baş naziri Gro Harlem Brundtlandın rəhbərliyi ilə təqdim olunan məşhur “Our Common Future” (“Ortaq gələcəyimiz”) hesabatı “davamlı inkişaf” anlayışını beynəlxalq siyasi leksikona gətirdi. Həmin sənəddə davamlı inkişaf gələcək nəsillərin imkanlarını məhdudlaşdırmadan bugünkü insanların tələbatının ödənilməsi kimi müəyyən edilirdi. Bu konsepsiya sonrakı onilliklərdə qlobal inkişaf siyasətinin əsas fəlsəfəsinə çevrildi.
1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Yer Sammiti, daha sonra Kioto Protokolu, Paris İqlim Sazişi və 2030 Dayanıqlı İnkişaf Məqsədləri göstərdi ki, ekologiya artıq təkcə təbiətin qorunması məsələsi deyil, həm də iqtisadiyyat, enerji təhlükəsizliyi, səhiyyə, ərzaq təminatı, şəhərsalma, sosial ədalət və milli təhlükəsizliklə birbaşa bağlı olan strateji istiqamətdir.
Dünyanın tanınmış iqtisadçılarından biri, Kolumbiya Universitetinin professoru Ceffri Saks (Jeffrey Sachs) dəfələrlə vurğulayıb ki, XXI əsrdə ölkələrin uğuru yalnız iqtisadi artım templəri ilə yox, insan kapitalının inkişafı, ekoloji davamlılıq və sosial inklüzivlik göstəriciləri ilə qiymətləndiriləcək. Onun fikrincə, iqtisadi inkişaf ilə ekoloji məsuliyyət arasında tarazlıq yarada bilməyən dövlət uzunmüddətli perspektivdə ciddi sosial və iqtisadi problemlərlə üzləşəcək.
İsveçli alim Yohan Rokström (Johan Rockström) isə “Planetary Boundaries” (Planetar sərhədlər) konsepsiyası ilə sübut edir ki, Yer kürəsinin ekoloji imkanlarının da müəyyən həddi var. Bu hədlərin aşılması yalnız təbiət üçün yox, insan sivilizasiyasının davamlı inkişafı üçün də ciddi risklər yaradır. Onun araşdırmaları bu gün BMT, Dünya Bankı, OECD və bir çox beynəlxalq təşkilatlar tərəfindən strateji qərarların hazırlanmasında istifadə olunur.
Britaniyalı iqtisadçı Keyt Rəvort (Kate Raworth) isə məşhur “Donut Economics” konsepsiyasında iqtisadi inkişafın yalnız ÜDM artımı ilə ölçülməsinin kifayət etmədiyini əsaslandırır. O hesab edir ki, iqtisadiyyat insanların rifahını yüksəltməklə yanaşı planetin ekoloji imkanlarını da aşmamalıdır. Bu yanaşma son illər “yaşıl iqtisadiyyat” və “dairəvi iqtisadiyyat” modellərinin geniş yayılmasına mühüm təsir göstərib.
BMT-nin Ətraf Mühit Proqramı (UNEP), UNESCO, FAO, IPCC və digər beynəlxalq qurumların hesabatlarında da eyni fikir xüsusi vurğulanır: gələcəyin inkişaf modeli insan, təbiət və iqtisadiyyat arasında tarazlıq üzərində qurulmalıdır. Məhz buna görə müasir dövlətlər ekoloji siyasəti yalnız ətraf mühitin mühafizəsi kimi yox, milli inkişaf strategiyasının ayrılmaz hissəsi kimi qəbul edir.
Bu qlobal dəyişikliklər Azərbaycandan da yan keçməyib. Son illər ölkəmiz ekoloji diplomatiya, yaşıl enerji, dayanıqlı şəhərsalma və iqlim gündəliyi sahəsində beynəlxalq səviyyədə daha fəal rol oynamağa başlayıb. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, daha sonra BMT-nin Dünya Şəhərsalma Forumunun-WUF13-ün Bakıda keçirilməsi ölkəmizin artıq yalnız regional deyil, qlobal inkişaf platformalarının fəal iştirakçısına çevrildiyini nümayiş etdirdi. Rəsmi məlumatlara görə, WUF13 təxminən 60 min iştirakçı ilə Forum tarixinin ən böyük sessiyası oldu və yekun sənədlərdə Bakının təşəbbüsləri, o cümlədən “Baku Call to Action” xüsusi yer aldı. Azərbaycanın münaqişədən sonrakı şəhərsalma və bərpa təcrübəsi də beynəlxalq müzakirələrdə nümunə kimi təqdim edildi.
BMT-nin Azərbaycandakı nümayəndəliyi WUF13-ə hazırlıq dövründə bu forumun ölkə üçün COP29-un yaratdığı beynəlxalq dinamikanın davamı olduğunu, Azərbaycanın isə dayanıqlı şəhərsalmanı milli prioritet kimi müəyyən etdiyini xüsusi vurğulamışdı.
Lakin Azərbaycanın ekoloji düşüncə tarixində bundan da əvvəl baş vermiş mühüm hadisə var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hələ 2011-ci ildə yaradılmış IDEA - International Dialogue for Environmental Action İctimai Birliyi ölkədə ekoloji maarifləndirməni yeni mərhələyə yüksəltdi. IDEA cəmiyyətə yalnız ağac əkməyi və ya təbiəti qorumağı öyrətmədi, ekoloji məsuliyyəti vətəndaş məsuliyyəti, sosial həmrəylik və gələcək nəsillər qarşısında mənəvi öhdəlik kimi təqdim etdi. Məhz bu yanaşma sonrakı illərdə Azərbaycanın ekoloji siyasətinin, yaşıl inkişaf strategiyasının və insan kapitalına əsaslanan yeni inkişaf modelinin formalaşmasına mühüm ideya bazası yaratdı.
Ekoloji təşəbbüsdən milli inkişaf məfkurəsinə doğru
Müasir dövrdə inkişafın əsas meyarlarından biri dövlətin təbii sərvətlərinin həcmi deyil, cəmiyyətin formalaşdırdığı dəyərlər sistemidir. Təbii ehtiyatlar zamanla tükənə bilər, iqtisadi göstəricilər dəyişə bilər, texnologiyalar köhnələ bilər, lakin insan kapitalına, elmi biliklərə, ekoloji məsuliyyətə və ictimai həmrəyliyə əsaslanan inkişaf modeli uzunmüddətli və davamlı tərəqqinin ən etibarlı təminatıdır. Məhz buna görə XXI əsrdə dünyanın inkişaf etmiş ölkələri ekoloji siyasəti dövlət idarəçiliyinin, milli təhlükəsizliyin və strateji planlaşdırmanın ayrılmaz elementi kimi qəbul edir.
Bu yanaşmanın nəzəri əsasları son illər dünya elmi tərəfindən daha da zənginləşdirilib. Nobel mükafatı laureatı Elinor Ostrom təbii ehtiyatların qorunmasının yalnız dövlətin deyil, cəmiyyətin bütün üzvlərinin birgə məsuliyyəti olduğunu elmi şəkildə əsaslandırıb. Onun fikrincə, davamlı inkişaf təkcə qanunlarla yox, insanların davranış mədəniyyəti, ictimai etimad və kollektiv məsuliyyət hissi ilə mümkündür. Bu yanaşma sonrakı dövrdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində də əsas prinsiplərdən birinə çevrilib.
Məhz bu qlobal tendensiyalar fonunda Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış IDEA hərəkatı qısa müddət ərzində ölkənin ən nüfuzlu ekoloji platformasına çevrildi. Hərəkatın uğurunun sirri yalnız həyata keçirdiyi layihələrin miqyasında deyildi, ekologiyanı cəmiyyətin həyat tərzinə, düşüncə tərzinə və gələcəyə baxışına çevirməsində idi.
İlk illərdə həyata keçirilən ağacəkmə kampaniyaları, biomüxtəlifliyin qorunmasına həsr olunmuş layihələr, Xəzər dənizinin ekoloji vəziyyətinə diqqətin artırılması, nadir heyvan növlərinin mühafizəsi, plastik tullantılarla mübarizə və ekoloji maarifləndirmə proqramları cəmiyyət tərəfindən böyük maraqla qarşılandı. Minlərlə gənc könüllü bu təşəbbüslərə qoşuldu, məktəblərdə, ali təhsil müəssisələrində və müxtəlif dövlət qurumlarında ekoloji maarifləndirmə tədbirləri keçirildi. İnsanlar tədricən dərk etməyə başladılar ki, ətraf mühitə münasibət əslində insanın öz gələcəyinə münasibətidir.
Məşhur amerikalı bioloq və yazıçı Reyçel Karson (Rachel Carson) hələ ötən əsrin ortalarında yazırdı: “Təbiətdə heç nə təkbaşına mövcud deyil, hər şey bir-birinə bağlıdır”. Bu fikir bu gün də aktuallığını qoruyur. Ətraf mühitdə baş verən hər bir dəyişiklik sənayeyə, kənd təsərrüfatına, səhiyyəyə, demoqrafik proseslərə və hətta dövlətlərin təhlükəsizlik siyasətinə təsir göstərir. Məhz buna görə IDEA-nın təbliğ etdiyi ekoloji məsuliyyət anlayışı zaman keçdikcə daha geniş sosial məna daşımağa başladı. Bu mərhələdə Azərbaycanda dövlət siyasəti ilə ictimai təşəbbüslər arasında uğurlu sinerji formalaşdı. Prezident İlham Əliyevin rəhbərliyi altında qəbul olunan yaşıl inkişaf strategiyası, bərpa olunan enerji layihələri, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji zonası” elan edilməsi, ekoloji təhlükəsizlik sahəsində həyata keçirilən islahatlar IDEA Hərəkatının təbliğ etdiyi dəyərlərlə üst-üstə düşürdü. Beləliklə, ictimai təşəbbüslə dövlət siyasəti bir-birini tamamlayan vahid inkişaf modelinə çevrildi.
Bu modelin mühüm xüsusiyyətlərindən biri də ali təhsil müəssisələrinin prosesə fəal şəkildə cəlb olunması idi. Çünki davamlı inkişaf yalnız hüquqi sənədlərlə və ya inzibati qərarlarla təmin edilə bilməz, bunun üçün yeni düşüncəyə malik mütəxəssislər hazırlanmalıdır. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası xüsusi rol oynayır. Akademiyada yaradılmış IDEA Resurs Mərkəzi ekoloji maarifləndirmənin elmi və akademik əsaslar üzərində inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Burada təşkil olunan seminarlar, elmi diskussiyalar tələbələrə ekoloji düşüncə ilə dövlət idarəçiliyi arasında qarşılıqlı əlaqəni daha dərindən anlamağa imkan yaradır. Gələcəyin dövlət qulluqçuları artıq ekologiyanı yalnız təbiətin qorunması kimi yox, strateji planlaşdırma, şəhərsalma, iqtisadi inkişaf, enerji siyasəti və milli təhlükəsizlik məsələlərinin tərkib hissəsi kimi öyrənirlər.
Akademiyada aparılan fundamental elmi tədqiqatlar nəticəsində insan kapitalının inkişafı, inklüziv inkişaf, davamlı inkişafın idarə edilməsi, ekoloji sivilizasiya (EcoCivil) və innovasiya əsaslı dövlət idarəçiliyi istiqamətlərində yeni elmi yanaşmalar formalaşdırılıb. Beynəlxalq elmi ədəbiyyatda ekoloji, iqtisadi, sosial və idarəetmə komponentlərini vahid sistem kimi birləşdirən ekoloji sivilizasiya konsepsiyası bu elmi tədqiqatların əsas istiqamətlərindən biri kimi tanınır. Həmin istiqamətdə aparılan araşdırmalar BMT-nin müxtəlif qurumları, beynəlxalq maliyyə institutları və inkişaf təşkilatları ilə əməkdaşlıq çərçivəsində uzun illər ərzində praktik tətbiqini tapıb.
Akademiyada qazanılmış mühüm elmi nailiyyətlərdən biri də inklüziv inkişafın idarə edilməsinə həsr olunmuş dünyanın ilk baza dərsliklərinin hazırlanmasıdır. 2018-ci ildə Azərbaycan və rus dillərində, 2019-cu ildə isə ingilis dilində nəşr edilmiş “İnklüziv inkişafın idarə edilməsinin əsasları” dərsliyi bu sahədə yeni elmi məktəbin formalaşmasına əhəmiyyətli töhfə verib. Bununla yanaşı, “Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları”, “Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları”, “İnsan inkişafının əsasları” və digər fundamental dərsliklər davamlı inkişaf, ekoloji sivilizasiya və insan kapitalının idarə olunması istiqamətlərində ilk sistemli tədris vəsaitləri sırasında yer alır. Bu elmi irs Akademiyanın tədris prosesinə inteqrasiya edilib. İdarəçilik akademiyasında inklüziv inkişaf, davamlı inkişafın idarə edilməsi, ekoloji sivilizasiya, insan kapitalının inkişafı və müasir dövlət idarəçiliyi istiqamətləri bakalavriatura, magistratura və doktorantura pillələrində müasir beynəlxalq yanaşmalar əsasında tədris olunur. Bununla yanaşı, Akademiyada həyata keçirilən elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıq proqramları gələcəyin dövlət qulluqçularında ekoloji məsuliyyət, strateji idarəetmə bacarıqları və insan mərkəzli idarəetmə fəlsəfəsinin formalaşdırılmasına xidmət edir. Son illər dünya universitetlərində geniş tətbiq olunan Green Campus, ESG (Environmental, Social and Governance), Net Zero University, Climate Literacy və Living Labs kimi yanaşmalar göstərir ki, ali təhsil müəssisələri artıq yalnız bilik ötürən mərkəzlər deyil, həm də cəmiyyətin davamlı inkişafının aparıcı qüvvəsidir. Dövlət İdarəçilik Akademiyasında ekoloji mövzuların idarəetmə elmi, dövlət siyasəti və insan kapitalı ilə əlaqələndirilməsi də məhz bu müasir beynəlxalq tendensiyalara uyğun inkişaf edir.
Bununla yanaşı, Azərbaycanda formalaşan könüllülük hərəkatı, ASAN xidmət, ABAD, sosial innovasiya layihələri, gənclərin ictimai fəallığının artması və vətəndaş iştirakçılığının güclənməsi ekoloji düşüncənin cəmiyyətin sosial inkişafı ilə vəhdətdə formalaşdığını və daha geniş sosial məzmun daşıdığını nümayiş etdirir. Müasir idarəetmə nəzəriyyəsində bu yanaşma social innovation (sosial innovasiya), participatory governance (iştirakçı idarəetmə) və community resilience (icmaların dayanıqlılığı) anlayışları ilə ifadə olunur. Məqsəd yalnız problemləri həll etmək deyil, cəmiyyətin özünü həmin problemlərin həllində fəal iştirakçıya çevirməkdir.
Beləliklə, IDEA Hərəkatı Azərbaycanda təkcə ətraf mühitə münasibəti dəyişən ekoloji təşəbbüs kimi yox, milli inkişaf təfəkkürünün yeni mərhələsini müəyyən edən mühüm ictimai-sivilizasion hərəkat kimi də tarixə düşüb. Hərəkatın fəaliyyəti nəticəsində ekologiya anlayışı dar çərçivədən çıxaraq dövlət idarəçiliyinin, iqtisadi inkişafın, sosial rifahın, insan kapitalının formalaşdırılmasının və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu gün Azərbaycanda ekoloji məsuliyyət meşələrin qorunması, yaşıllıqların artırılması və ya biomüxtəlifliyin mühafizəsi ilə məhdudlaşmır, o, hər bir vətəndaşın Vətənə, cəmiyyətə və gələcək nəsillərə mənəvi borcunu ifadə edən yüksək dəyərlər sistemidir. Məhz bu fəlsəfə ölkədə insan kapitalının inkişafına, sosial innovasiyaların təşviqinə, məsuliyyətli dövlət idarəçiliyinin formalaşmasına, vətəndaş iştirakçılığının genişlənməsinə və milli həmrəyliyin möhkəmlənməsinə yeni məzmun qazandırıb. Ekoloji təfəkkür artıq yalnız təbiəti qorumaq deyil, insanı qorumaq, cəmiyyəti inkişaf etdirmək, dövləti gücləndirmək və gələcəyin təhlükəsizliyini təmin etmək deməkdir. Çünki təbiətə münasibət, əslində, insanın öz gələcəyinə münasibətidir. IDEA Hərəkatının ən böyük tarixi nailiyyəti də məhz budur. Q, cəmiyyətə göstərdi ki, davamlı inkişaf ilk növbədə yüksək mənəviyyat, elmi bilik, sosial məsuliyyət və strateji düşüncə üzərində qurulan inkişaf modelidir. Bu gün tam əminliklə demək olar ki, IDEA Hərəkatı Azərbaycanın inkişaf salnaməsində yeni bir məktəb yaradıb. Bu məktəb təbiətə sevgi ilə vətənpərvərliyi, elm ilə mənəviyyatı, innovasiya ilə milli dəyərləri, dövlətçilik ilə vətəndaş məsuliyyətini vahid ideya ətrafında birləşdirərək müasir Azərbaycanın gələcəyini formalaşdıran strateji inkişaf fəlsəfəsinə çevrilməkdədir.
Kəramət QƏNBƏROV
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45

