Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətləri

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətləri

30.07.2026 [10:42]

İki ölkə arasında hərbi əməkdaşlığın inkişafı qarşılıqlı maraqlara uyğundur

Çin Xalq Respublikası  ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti cənab İlham Əliyevi Çin xalqının “böyük dostu” adlandırıb. Azərbaycanla Çin arasında münasibətlər qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, müstəqillik illərində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib.

Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü...

Yeri gəlmişkən, iki ölkənin əlaqələri iyulun 28-də Bakıda keçirilən Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümünə həsr olunmuş tədbirdə də diqqət mərkəzində olunub. Əvvəlcə  Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, 1927-ci ildə yaradıldığı gündən etibarən Çin Xalq Azadlıq Ordusu ölkənin dövlət suverenliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin və inkişaf maraqlarının qorunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirib, eyni zamanda, qlobal sülhün və sabitliyin möhkəmləndirilməsində mühüm rol oynayıb. Səfir qeyd edib ki, Çin ordusu BMT-nin sülhməramlı əməliyyatlarında, beynəlxalq humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması missiyalarında fəal iştirak edir, beynəlxalq hərbi mübadilə və əməkdaşlığı davamlı şəkildə genişləndirir.

Ölkələrimiz arasında münasibətlərə gəlincə, Lu Mey vurğulayıb: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. İki ölkə başçısının strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri möhkəm inkişaf dinamikasını qoruyub saxlayır, müxtəlif sahələr üzrə əməkdaşlıq davamlı şəkildə irəliləyir və xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir”. Onun sözlərinə görə, hərbi əməkdaşlıq ikitərəfli strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir və Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri daha da dərinləşdirməyə hazırdır. Səfir əlavə edib ki, Çin Azərbaycanla birlikdə iki ölkə rəhbərləri arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi, “Bir kəmər, bir yol” təşəbbüsü, süni intellekt sahəsində əməkdaşlıq, eləcə də regionda və dünyada sülhün və inkişafın təşviqi istiqamətində birgə fəaliyyətini davam etdirəcək.

Çin Azərbaycanın regional rolunu qiymətləndirir

Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun isə bildirib ki, Çin Xalq Azadlıq Ordusu ölkə tarixinin taleyüklü dövründə formalaşıb və ötən illər ərzində Çinin müstəqilliyinin möhkəmləndirilməsinə, milli inkişafına və davamlı sülhün təmin olunmasına mühüm töhfələr verib: “Bu gün Çin Xalq Azadlıq Ordusu modernləşmənin yeni mərhələsinə qədəm qoyub və əsas missiyası ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaqla yanaşı, regional və qlobal sülhün möhkəmləndirilməsinə töhfə verməkdir”. O qeyd edib ki, son illərdə Çin ordusu dünyanın müxtəlif ölkələrinin silahlı qüvvələri ilə əməkdaşlığı genişləndirib, BMT-nin sülhməramlı əməliyyatlarında, dəniz quldurluğuna qarşı beynəlxalq missiyalarda, humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması tədbirlərində fəal iştirak edib. “Bu fəaliyyət Çinin digər ölkələrlə birlikdə ümumi təhlükəsizlik çağırışlarının həllinə töhfə vermək əzmini nümayiş etdirir”, - deyə hərbi attaşe bildirib.

Sun Çjun vurğulayıb ki, Çin ilə Azərbaycan arasında hərbi əməkdaşlıq yüksəksəviyyəli qarşılıqlı səfərlər, peşəkar dialoq və hərbi kadrların hazırlanması vasitəsilə ardıcıl inkişaf edir. “Bu mübadilə qarşılıqlı anlaşmanı daha da möhkəmləndirib və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradıb”, - deyə o əlavə edib.

Hərbi attaşe Azərbaycanın regional rolunu yüksək qiymətləndirərək bildirib: “Avropa ilə Asiyanın kəsişməsində yerləşən mühüm ölkə kimi Azərbaycan regional inkişaf və sabitliyə dəyərli töhfələr verir. Biz əməkdaşlığımızı daha da dərinləşdirmək, regionda və dünyada sülhə və rifaha yeni töhfələr vermək üçün Azərbaycanla birgə işləməyi səbirsizliklə gözləyirik”.

Əlaqələrin güclənməsində Orta Dəhlizin rolu...

Ümumiyyətlə, hər iki ölkə beynəlxalq müstəvidə də fəal əməkdaşlıq edir. Azərbaycan “Vahid Çin” prinsipini birmənalı olaraq dəstəkləyir. Eyni zamanda, Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib.  Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanması isə strateji tərəfdaşlıq üçün atılan praktiki addımdır. Birgə Bəyanatda qeyd edildiyi kimi, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər.

Azərbaycan Çinin irəli sürdüyü “Kəmər və Yol təşəbbüsünü” ilk dəstəkləyən ölkələrdən biridir və Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Kəmər və Yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir.

Bundan əlavə, Çin ilə enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Ölkədə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə fəal əməkdaşlıq edilir. Həmçinin, ölkələrimizin regionları və şəhərləri arasında dostluq münasibətləri inkişaf edir. Belə ki, Bakı səhəri ilə Sıçuan əyaləti, Gəncə şəhəri ilə Çindao şəhəri, Sumqayıt şəhəri ilə Sian və Myenyan şəhərləri, Çunçin şəhərinin Cyancin rayonu, Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri, Bakı şəhərinin Xəzər rayonu ilə Quancou şəhər bələdiyyəsinin Nanşa rayonu arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Dünya

Analitik

İdman

Dünya

Analitik

Analitik

Analitik

Dron müharibələri

29 İyul 09:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31