Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni atəşkəs - 60 günə həll prosesi

Yeni atəşkəs - 60 günə həll prosesi

26.05.2026 [09:12]

Vaşinqton və İran detalları razılaşdırır

Yaxın Şərqdə yenidən sülh perspektivi yaranıb. Belə ki, “Axios” ABŞ ilə İran arasında 60 günlük atəşkəs razılaşmasının təfərrüatlarını açıqlayıb. Bu müddət ərzində Hörmüz boğazı yenidən açılacaq və Tehran sərbəst şəkildə neft sata biləcək. Bundan əlavə, İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı danışıqlar aparılacaq. Nəşrin məlumatına görə, Vaşinqton və Tehran 60 gün müddətində qüvvədə olan və qarşılıqlı razılaşma ilə uzadıla bilən anlaşma memorandumu imzalayacaqlar.

Şərtlər yenilənib

60 gün ərzində Hörmüz boğazı rüsumsuz açılacaq və İran gəmilərin maneəsiz keçidini təmin etmək üçün boğazda qoyulmuş minaları təmizləməyə razı olacaq. Əvəzində ABŞ İran limanlarının blokadasını qaldıracaq və İrana sərbəst neft satmaq üçün bəzi güzəştlər verəcək.

“Axios”-a açıqlama verən ABŞ rəsmisi bildirib ki, İran tərəfi boğazı nə qədər tez təmizləyib gəmiçiliyi bərpa etsə, blokada bir o qədər tez qaldırılacaq. O, Prezident Donald Trampın təklif etdiyi razılaşmanın əsas prinsipi kimi “uyğunluq güzəştləri”nin mahiyyətini açıqlayıb. İran dondurulmuş vəsaitlərin dərhal ayrılmasını və sanksiyaların qaldırılmasını tələb etsə də, ABŞ buna razı deyil - Vaşinqton yalnız Tehranın əhəmiyyətli güzəştlərindən sonra buna gediləcəyini deyib. Anlaşma memorandumunun layihəsinə həmçinin İranın heç vaxt nüvə silahını inkişaf etdirməmək öhdəliyi və uranı zənginləşdirmə proqramını dayandırmaq, yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatından imtina etmək üçün danışıqlar da daxildir. İki mənbəyə görə, iranlılar vasitəçilər vasitəsilə bu məsələdə gedə biləcəkləri güzəştləri şifahi şəkildə öhdəlik kimi götürüblər. Paralel olaraq Amerika qoşunları bölgədə 60 gün qalacaq və yalnız yekun razılaşma əldə edildiyi təqdirdə geri çəkiləcək.

Livan müharibəsi də bitə bilər

Anlaşma memorandumunun layihəsində həmçinin İsrail və Livanda “Hizbullah” arasında müharibənin bitməli olduğu da nəzərdə tutulur. Bununla bağlı adı çəkilməyən İsrail rəsmisi bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahu şənbə günü Trampla telefon danışığı zamanı bu müddəa ilə bağlı narahatlığını ifadə edib. ABŞ isə qeyd edir ki, bu, “birtərəfli atəşkəs” olmayacaq: əgər “Hizbullah” yenidən silahlanmağa və ya hücum etməyə cəhd edərsə, İsrailə cavab verməyə icazə veriləcək. ABŞ bildirir ki, “əgər Hizbullah layiqli davranarsa, İsrail də layiqli davranacaq”.

İran hələ gözləyir

Tehran da sazişlə bağlı danışıqların başa çatmaq üzrə olduğunu bildirsə də, detalların tam şəkildə İran tərəfindən təsdiqlənmədiyini önə çəkib. Səbəb isə nüvə məsələsidir - “The New York Times” qəzeti Amerika rəsmilərinə istinadən xəbər yayıb ki, Vaşinqton və Tehran arasında təklif olunan razılaşmanın əsas elementlərindən biri sonuncunun zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsidir. Qəzetin məlumatına görə, amerikalı nümayəndələr İranın razılaşmanın ilkin mərhələsində uran ehtiyatları ilə bağlı razılaşmaya “hə” deməyəcəkləri təqdirdə danışıqları dayandıracaqlarını və hərbi kampaniyalarını davam etdirəcəklərini açıq şəkildə bildiriblər. Bu arada İran tərəfi də danışıqların hələ bitmədiyini bəyan edib. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib ki, İran və ABŞ arasında yaxın vaxtlarda yekun razılaşmanın əldə olunacağını söyləmək hələlik çox erkəndir.

Sözçü müzakirə edilən mövzuların böyük bir hissəsi üzrə müəyyən ortaq məxrəcə gəldiklərini təsdiqləsə də, bunun tezliklə saziş imzalanacağı mənasına gəlmədiyini bildirib.

Baqainin sözlərinə görə, hazırda heç kəs sənədin mütləq imzalanacağı ilə bağlı qəti bəyanat verə bilməz. İran rəsmisi vurğulayıb ki, ABŞ-da qərar qəbulu prosesi ciddi institusional tərəddüdlərdən əziyyət çəkir. O, Vaşinqtonun mövqeyinin davamlı olaraq dəyişdiyini, cəmi bir neçə saat ərzində bir-birinə tamamilə zidd və ziddiyyətli nöqteyi-nəzərlərlə qarşılaşdıqlarını qeyd edib. Diplomat ABŞ-ın bu qeyri-sabit mövqeyinin istənilən danışıqlar prosesinin gedişatını pozduğunu xüsusi qeyd edib.

“The New York Times” qəzeti də yazır ki, İran və ABŞ sülh danışıqları ilə bağlı fundamental razılığa gəlsələr də, tam razılıq hələ bir neçə gün vaxt ala bilər.

Tramp tələsməməyə çağırış edib...

ABŞ Prezidenti Donald Tramp da İranla razılaşmanı tələsdirməməyə və “düzgün şəkildə” əldə etməyə çağırış edib. Tramp “Thruth Social”da yazıb ki, danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir. “Mən nümayəndələrimə vaxt bizim tərəfimizdə olduğu müddətdə razılaşmanı tələsdirməmələri barədə məlumat verdim. Hər iki tərəfə vaxt ayırmalı və razılaşma düzgün şəkildə əldə edilməlidir. Heç bir səhv ola bilməz!”, - deyə prezident yazıb.

Tramp onu da əlavə edib ki, Hörmüz boğazının blokadası razılaşma imzalanana qədər qüvvədə qalacaq. Vurğulanıb ki, ABŞ-ın İranla münasibətləri “daha peşəkar və məhsuldar” hala gəlir, lakin Tehran nüvə silahı və ya bombası inkişaf etdirə bilməyəcəyini, həmçinin əldə edə bilməyəcəyini başa düşməlidir.

Tehranın “qırmızı xətti”...

“Tasnim” agentliyi isə bildirir ki, İran hakimiyyəti danışıqlarda özünün “qırmızı xətt”ini müəyyənləşdirib və bunu ABŞ ilə razılaşma üçün ilkin şərt sayıb. Söhbət ölkənin dondurulmuş aktivlərinin blokdan çıxarılmasından gedir.  Vaşinqton bu məsələnin nəzərdən keçirilməsini gələcək tarixə təxirə salmağı təklif edir. Qeyd olunur ki, digər vacib amil neft, neft-kimya məhsulları və onların törəmələrinə qarşı sanksiyaların ləğvidir. “Tasnim”in istinad etdiyi hesablamalara görə, digər məhsullar istisna olmaqla, təkcə xam neftin satışı Tehrana 60 gün ərzində 10 milyard dollar qazandıracaq.

Ağ Ev sanksiyaların qaldırılmasını Tehranın güzəştləri ilə əlaqələndirərək “Uran yoxdursa, pul da yoxdur” deyə bəyanat verib. Bu barədə Fox News və New York Post ABŞ prezidenti Donald Tramp administrasiyasındakı rəsmilərə istinadən məlumat veriblər. “Əgər onlar yüksək dərəcədə zənginləşdirilmiş uran təsəvvüründən uzaqlaşmasalar, heç bir real rahatlıq əldə etməyəcəklər”, - deyə Ağ Ev rəsmisi jurnalistlərə bildirib. “Amma əgər onlar bizə lazım olanı təmin etsələr və president Trampın milli təhlükəsizlik məqsədlərinə nail olunarsa, sanksiyalar da həmin milli təhlükəsizlik məqsədlərindəki uğurlara uyğun olaraq yumşaldılacaq”.

Rubio: İran nüvə silahına sahib ola bilməz...

“Reuters”in məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ ya İranla yaxşı bir razılaşma əldə edəcək, ya da Tehranla “alternativ dillə” danışacaq. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp pis bir razılaşma əldə etməyəcək, lakin Vaşinqton digər variantları nəzərdən keçirməzdən əvvəl “diplomatiyaya hər şansı verəcək”. “İranın boğazı açması və mənalı, vaxt məhdudiyyətli nüvə danışıqlarına qoşulması üçün masada etibarlı bir seçimimiz var. Ümid edirəm ki, bunu edə bilərik, sülh bağlaya bilərik”, - Rubio deyib.

Rubio razılaşmanın tam uyğunluq və İran tərəfindən davamlı olaraq riayət olunması tələbi ilə irəli sürüldüyünü bildirib. O, həmçinin İranın nüvə silahına sahib olmasını mümkünsüz adlandırıb, Hörmüz boğazını qlobal gəmiçilik üçün rüsumsuz açmağa borclu olduğunu vurğulayıb.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31