Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əsl müstəqillik o vaxt olur ki...

Əsl müstəqillik o vaxt olur ki...

02.06.2026 [11:31]

İlham Əliyev: Öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq

Şanlı zəfərlərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatından sonra qalib Azərbaycanda bir sıra yeni ənənələr forrmalaşıb.  Bunlardan biri də Prezident İlham Əliyevin ölkəmiz, xalqımız üçün əlamətdar günlər, milli bayramlar ərəfəsində işğaldan azad olunmuş ərazilərə səfər etməsidir. Bu səfərlər çərçivəsində dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə məskunlaşan sakinlərlə çoxsaylı görüşlərə qatılır, onlarla ən yaxın, ən dogma insanlar kimi bayramlaşır, sevinclərinə şərik çıxır, eyni zamanda, problemlərini öyrənir, həmçinin gələcək inkişafla bağlı hədəflərə diqqət çəkir, yeni-yeni açılış və təməlqoyma tədbirlərinə qatılır.

Bu il Azərbaycan xalqı Müstəqillik Gününü və müqəddəs Qurban bayramını artıq altıncı dəfə qalib xalq statusunda qeyd etdi. Həmçinin Prezident İlham Əliyev də öz ənənəsinə sadiq qalmaqla yenə də işğaldan azad edilmiş ərazilərimizdə səfərdə olub. Dövlətimizin başçısı Müstəqillik Günü münasibətilə mayın 28-də Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzüb. “Şanlı Zəfərimizdən sonra bu gözəl bayramı - 28 May - Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir”, - deyə dövlətimizin başçısı Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşdəki çıxışında bildirib.

Müstəqillik böyük nailiyyətdir

Prezident İlham Əliyevin azad ərazilərimizdə Azərbaycanın müstəqillik Günü ilə bağlı ifadə etdiyi fikirlər müstəsna önəm daşıyır. Dünyada xalqların sayı çoxdur. Ancaq müstəqillik heç də bütün xalqlara nəsib olmayıb. Yüzilliklər boyunca qəlbində azadlıq arzuları daşıyan, tarixin müxtəlif dönəmlərində bu ideya uğrunda mücadilələrə qatılan Azərbaycan xalqı isə hazırda müstəqil dövlətə sahibdir və inkişaf, təqəqqi yolundadır

Bu gün dünyanın siyasi xəritəsi fərqlidir. Biz görürük ki, bəzi dövlətlərin müstəqilliyi şərti səciyyə daşıyır. Belə dövlətlər de-yure müstəqilliklərini bəyan etsələr də, onlar müstəqil qərarlar qəbul etmək iqtidarında deyillər. Digər paytaxtlardan gələn diqtə ilə oturub dururlar. Azərbaycanın nümunəsi isə fərqlidir. Ölkəmizin tam müstəqil siyasət apardığına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq. Buna görə də dünyada böyük şöhrət qazanmışıq. Baxmayaraq ki, torpaqlarımız uzun illər erməni işğalı altında idi, hətta o vaxt müstəqil siyasət apararaq böyük hörmət qazanmışıq dünyada. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi və ondan üç il sonra antiterror əməliyyatı, bizim Şanlı Zəfərimiz ölkəmizin, xalqımızın nüfuzunu dünyada daha da artırmışdır”.

Azərbaycanın tam müstəıqil siyasi kurs həyata keçirməsini şərtləndirən əsas amillərdən biri Lider amilidir. Ölkədə siyasi kursun varisliyini uğurla təmin edən Prezident İlham Əliyev milli səviyyədə əvəzolunmaz Lider kimi qəbul olunur. Məhz Onun qətiyyətli siyasi iradəsi əsasında daim qarşıya yeni-yeni hədəflər qoyulur və milli güc səfərbər edilməklə məqsədlərə çatılması təmin olunur.

Heydər Əliyevin səyləri sayəsində müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı

Azərbaycan XX yüzillikdə ikinci dəfə müstəqilliyini 1991-ci ilin oktyabrında əldə edib. Prezident İlham Əliyev müstəqilliyimizin ilk illərində ölkəmizin bir sıra çətinliklərlə üzləşdiyinə diqqət çəkib. O dövrdə respublikamızda hakimiyyət uğrunda ciddi savaş gedirdi. İqtidarda olanlar yalnız öz kreslolarını qorumağa çalışırdılar. Müxalifət qüvvələri isə hansısa bir yolla hakimiyyətə gəlməyə can atırdılar. Hakimiyyətə can atanlar faktiki olaraq Şuşanı, Laçını və digər ərazilərimizi Ermənistana, demək olar ki, satmışdılar. Məhz satqınlıq nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılıb və bundan sonra, əfsuslar olsun ki, işğal 30 il davam edib.

Həmin təlatümlü dövrdə müstəqilliyimiz təhdid altında idi. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC - “Müsavat” iqtidarının səriştəsiz rəhbərliyi respublikamızı vətəndaş qarşıdurması, müstəqilliyin itirilməsi  təhlükəsi ilə üz-üzə qoymuşdu.  Həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb etdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Heydər Əliyev bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və çətin vəziyyətə düşmüş ölkəyə rəhbərlik etməyə başladı. Onun müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr tezliklə müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. “Müstəqillik 1991-ci ildə bərpa edildi, amma yenə də təhlükə altında idi. Dediyim kimi, erməni işğalı, daxildəki hərc-mərclik, qarşıdurma, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə faktiki olaraq ölkəmizi məhvə aparırdı. Əgər o vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir. Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi. O vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı”, -deyə Prezident İlham Əliyev vurğulayıb.

Şanlı zəfərlərimiz dünyaya səs saldı

Azərbaycan xalqı və dövləti İkinci Qarabağ müharibəsindən əvvəki mərhələdə heç vaxt ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması faktı ilə barışmayıb. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində işğal faktına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi daim ölkə gündəminin mərkəzində saxlanılıb. Bu strateji xəttə uyğun olaraq Azərbaycan danışıqlar prosesində fəallıq göstərməklə yanaşı, həm də iqtisadiyyatını gücləndirməklə milli gücünü artırıb, müasir ordu quruculuğunu diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Dövlətimizin başçısı yüksək tribunalardan qətiyyətlə bildirirdi ki, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin etməyə nail olacaq. Oldu da!

Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

Vətən müharibəsində əldə olunan Qələbənin miqyası çox böyükdür. Ordumuz cəmi 44 gün ərzində düşməni kapitulyasiyaya məruz qoydu. 44 günlük müharibədən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifə Qarabağda separatizm yuvasını dağıtmaq və ölkənin bütün ərazisində suverenliyimizin tam təmin edilməsinə nail olmaq idi. Bu ümummilli ideyanı isə Müzəffər Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində reallaşdırmağa nail oldu. Şanlı zəfərlərimizdən böyük məmnunluğunu ifadə edən dövlətimizin başçısı bildirib: “Biz güc yığırdıq, güc toplayırdıq - həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə. Hazır olan zaman gəldik və elə gəldik ki, bütün dünyaya səs saldı bizim Şanlı Zəfərimiz”.

Xalq üçün görülən quruculuq-bərpa işləri

Postmüharibə dövründə qalib Azərbaycanın həyatı böyük dərəcədə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq-bərpa işləri ilə səciyyələnir. Ötən beş ildə bu ərazilərdə çoxlu sayda infratruktur layihələri reallaşdırılıb. Hazırda bərpa olunan yaşayış məntəqələrinin məskunlaşdırılması uğurla davam etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev səfər çərçivəsində Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.

Bildirildiyi kimi, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır. Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır. İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb “Qısa müddət ərzində belə bərpa-quruculuq işləri aparmaq, bu da xalq üçündür. Yəni insanlar tez qayıtsınlar, rahat yaşasınlar və burada özlərini, necə deyərlər, çox rahat, təhlükəsiz hiss etsinlər, qurub-yaratsınlar, uşaqları böyütsünlər, ağbirçəklərə qulluq etsinlər və həyatdan zövq alsınlar”, -  deyə Prezident İlham Əliyev kənd sakinləri ilə görüşündə bildirib.

Budəfəki səfər çərçivəssində dövlətimizin başçısı həmçinin Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub.

Bildirilib ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var. Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb.

Prezident İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında da iştirak edib.

Qeyd edək ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.

Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Yenidənqurma işlərindən sonra bu mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq,

Azad ərazilərin yeni sənaye xəritəsi formalaşır

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, yaşayış məntəqələrinin bərpası ilə paralel şəkildə, iş yerlərinin yaradılması da diqqət mərkəzində saxlanılır. Hazırda bu yerlərin yeni sənaye xəritəsi formalaşmaqdadır, Səfər çərçivəsində Prezident İlham Əliyev “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib.

Bildirilib ki, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə, eyni zamanda, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq. Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.

Müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır.

İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit ayrılıb, 1 milyon manat isə özəl investisiya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanacaq.

Prezident İlham Əliyev həmçinin Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib. Burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 10 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30