Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident İlham Əliyevin praqmatik enerji doktrinası

Prezident İlham Əliyevin praqmatik enerji doktrinası

02.06.2026 [16:47]

Bu danılmaz faktdır ki, Azərbaycanın qlobal və xüsusilə Avropa enerji təhlükəsizliyindəki yeri və rolu, ölkənin coğrafi mövqeyindən kənara çıxaraq beynəlxalq münasibətlər sistemində onu etibarlı və strateji tərəfdaş edən ən mühüm amildir. Rəsmi Bakının xarici siyasətindəki “orta güc” statusu məhz bu enerji diplomatiyasının və müstəqil qərarların üzərində formalaşıb. Belə müstəqil qərarlardan biri kimi, Azərbaycan neftinin qlobal bazarlara çıxarılması regionun geosiyasi xəritəsini dəyişən ilk böyük addım olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki parlaq qələbə, əvvəlcə Yaxın Şərqdə gərginləşən vəziyyət, sonra 2022-ci ilin fevralından daha da kəskinləşərək müharibə fazasına keçən Rusiya-Ukrayna münaqişəsi, bu il fevralın sonundan isə İran və ətraf coğrafiyada baş verən hadisələr, Azərbaycanın qlobal miqyasda müstəqil siyasət yürüdən dövlət və enerji aktoru kimi əhəmiyyətini daha da artırıb. Azərbaycan nefti uzun illərdir, bir çox Avropa ölkələrinin (İtaliya, Almaniya, Çexiya, Rumıniya və s.) neft emalı zavodları üçün əsas xammal mənbələrindən biridir. Bu, Avropanın xam neft tədarükünün diversifikasiyasında mühüm rol oynayır. Qeyd edilən son illərdəki qlobal geosiyasi böhranlar isə Avropanın Rusiya qazından asılılığını azaltmaq axtarışlarının bütövlükdə qitə üçün Azərbaycan qazının strateji əhəmiyyətini ən yüksək zirvəyə daşımasına səbəb olmuşdur.

Bu baxımdan 2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində rəsmi açılış mərasimi keçirilən “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” Azərbaycanın beynəlxalq miqyasda oynadığı rolu bir daha aydın şəkildə göstərdi. Bu rolun tarixi, siyasi, iqtisadi, coğrafi və strateji mənzərəsini isə Bakı Enerji Həftəsinin ən mühüm hadisəsi sayılan Azərbaycan Prezidenti İlham Əliyevin “Caspian Oil and Gas” Sərgisinin açılışındakı çıxışı oldu. Həm bütövlükdə dünyanın 44 ölkəsindən 274 şirkətin (bunlardan 60 faizi xarici, 35 faizi isə yeni şirkətlərdir) iştirak etdiyi bu beynəlxalq tədbirin özü, həm də dövlət başçısının nitqi Azərbaycanın qlobal enerji diplomatiyasının mərkəzi olduğunu növbəti dəfə təsdiqləyən ən böyük hadisə kimi yadda qaldı.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji inkişafının 1994-cü ildə başladığını təsdiqləyərək qeyd etdi ki, “Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu”. Həmin dövrün Azərbaycanının ağır sosial-iqtisadi böhranla üzləşdiyini vurğulayan dövlət başçısı bu sərginin başlanğıcını sadəcə bir təqvim hadisəsi kimi deyil, Azərbaycanın milli mövcudluq mübarizəsinin dönüş nöqtəsi kimi qiymətləndirərək, ölkəmizin təcrübəsinin “eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalı” olduğunu bildirdı.

          Qeyd edək ki, öz sahəsində tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan Xəzər Neft və Qaz Sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyəli rəsmi şəxsləri və biznes nümayəndələrini bir araya gətirir. Azərbaycanın neft strategiyasında özünəməxsus yer tutan bu sərginin keçirilməsi 1994-2003-cü illərdə, Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə ənənəyə çevrilib. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev bu sərgini “dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma” hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və o vaxtdan etibarən Xəzər Neft və Qaz Sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya, bütün sahələr üzrə ixtisaslaşmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Bundan başqa, sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir.

Ümummilli Lider Heydər Əliyevin şəxsən və fəal şəkildə iştirak etdiyi I Beynəlxalq Sərgi 1994-cü il mayın 24-də keçirilib. İlk sərgidə dünyanın 20 ölkəsindən 180-dək firmanın iştirak etməsi sərginin əhəmiyyətinin göstəricisi olub. O zaman sərgi iştirakçıları neft hasilatı, bu prosesin texnika və texnologiyası sahəsində dünyanın iri neft şirkətlərinin əldə etdikləri bütün nailiyyətlər, eyni zamanda Azərbaycan neft sənayesinin tarixi, onun uğurları ilə tanış olublar. Nəticədə Azərbaycan bu günə qədər ənənəvi şəkildə davam etdirilən çox ciddi bir beynəlxalq platformanın ev sahibinə çevrilib. 

1994-cü ildə Azərbaycan torpaqlarının 20 faizini işğal altında olduğu, 1 milyon qaçqının mövcudluğu, yoxsulluğun 50 faizi keçdiyi və dövlət xəzinəsinin boş olduğu bir vaxtda resursları beynəlxalq şirkətlərə açmaq böyük geosiyasi risk və cəsarət tələb edirdi. Lakin ağıllı və uzaqgörən siyasətin məhsulu olan sərgi və ardınca imzalanan “Əsrin müqaviləsi” ölkəmizə xarici investisiya axınını təmin etdi. Məhz bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindəki çıxışında qeyd etdi ki, əgər o illərdə neftdən gəlir əldə edilməsəydi, nəinki iqtisadi və sosial infrastruktur (ehtiyatların xarici borcu 18 dəfə üstələmis, yoxsulluğun 5 faizə düşməsi, xarici borcun ÜDM-in 6 faizinə qədər azalması və s.), hətta işğal altında olan torpaqlarımızı azad edəcək güclü ordunun qurulması da qeyri-mümkün olardı. Lakin Azərbaycan bütün bu problemləri həll edərək, eyni zamanda öz neft gəlirlərini Dövlət Neft Fondu vasitəsilə insan kapitalına, təhsilə və müstəqil iqtisadiyyata yönəltməklə analoji problemlərdən əziyyət çəkən digər ölkələr üçün uğurlu nümunə yaratmışdır.

Prezident İlham Əliyev öz çıxışında enerji təhlükəsizliyi anlayışını qlobal kütləvi trendlərin deyil, praqmatizm və real siyasətin müstəvisinə gətirir. Bir tərəfdən o, ABŞ Prezidenti Donald Trampın neft-qaz istehsalçılarına qarşı yönələn qarayaxma kampaniyalarını dayandıran və enerji məsələsini normal məcraya qaytaran müdrik siyasətini təqdir edir və bəyan edir ki, ölkələr torpaqlarında neft və qazın olmasına görə mühakimə edilə bilməzlər; əsas meyar bu gəlirlərin yaşıl gündəliyə və xalqın rifahına necə xərclənməsidir. Digər tərəfdən, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan ilə başlayan neft-qaz ixracı prosesi üçün qurulan meqa-infrastruktur layihələri bu gün 3500 kilometrlik Cənub Qaz Dəhlizi zəncirinin mühüm halqaları olan TANAP və TAP ilə davam edir. Prezident Yaxın Şərqdəki böhran fonunda bu layihələrin qlobal bazar üçün alternativsiz sabitlik qarantı olduğunu diqqətə çatdırır: “Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir” və ölkəmiz bu təhlükəsizliyin başlıca mənbə ölkəsidir. Ən nəhayət, Azərbaycan artıq yalnız və sadəcə sərmayələr cəlb etməkdə maraqlı olan ev sahibi ölkə deyil, eyni zamanda qlobal investordur. SOCAR-ın İtaliyada, Şərqi Avropada, Yaxın Şərqdə, Afrikada və Mərkəzi Asiyada aktiv xarici investisiyalara başlaması ölkənin geoiqtisadi miqyasının genişləndiyini aydın göstərir: “Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir”.

Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonra hələ ən azı bir əsr ərzində ölkənin daxili tələbatını və ixrac öhdəliklərini ödəməyə kifayət edəcək. Dövlət başçımız burada da mühüm strateji və vicdanlı yanaşma ortaya qoyur: “Bizim əlavə enerji mənbəyinə ehtiyacımız yoxdur, lakin qlobal məsuliyyətimiz bizi bərpaolunan enerjiyə investisiya qoymağa sövq edir”. Gələn ilin sonunadək günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması hədəfi, Qarabağda və Şərqi Zəngəzurda artıq istifadəyə verilən 300 meqavatdan çox hidroenerji potensialını da nəzərə almaqla, ölkəmiz enerji gücünü əhəmiyyətli dərəcədə artırır, yaşıl enerjini neft və qaz ixracını tamamlayan əhəmiyyətli mənbəyə çevirirərək, qaz ehtiyatına qənaət edir, qazın ixraca yönəldilməsinə və qaz tullantılarının azaldılmasına xidmət edir. Bu isə, Azərbaycanın qlobal enerji xəritəsindəki uzunmüddətli etibarlı və strateji lövbər rolunu əlindən verməyəcəyini təsdiqləyir. Bunu ölkəmizin yaşıl enerji sahəsində həm məndə, həm də tranzit ölkəyə çevrilməklə bağlı planları (Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək “Qara dəniz Enerji Kabeli” layihəsi, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu, Mərkəzi Asiya ölkələrini Xəzərdən keçməklə Azərbaycanla birləşdirəcək yaşıl enerji kabeli) da təsdiqləyir.

Nəzərə alsaq ki, qlobal səviyyədə 2055-ci ilə qədər təbii qazın qlobal enerji qarışığında payı 23 faizdən 26 faizədək (o cümlədən, elektrik enerjisində təbii qazın rolu 22 faizdən 32 faizədək) artacaq o zaman ölkəmizin qaz ixracatçısı kimi özünün coğrafi təsir dairəsini ilbəil daha da genişləndirməsi praqmatik siyasi zəkaya söykənir və böyük perspektivə malikdir: “Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır”. Ötən il bu rəqəm 12 idisə, bu il 4 dövlət daha artıb və onlardan 10-u Avropa İttifaqının üzvü olan ölkələrdir. Bu rəqəm Azərbaycan xarici siyasətinin və enerji diplomatiyasının böyük uğurudur. Sürətli ixrac şaxələnməsi, coğrafi parametr və birbaşa boru xətlərinin uzunluğu baxımından Azərbaycanın dünyada birinci yerə çıxması ölkənin logistik gücünü simvolizə edir. Prezidentin çıxışında nəqliyyat sahəsində ölkəmizin əldə etdiyi nailiyyətləri xüsusi vurğulaması və bu kontekstdə Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizinin inşa ediləcəyinə qəti inamını ifadə etməsini də bura əlavə etsək, Azərbaycanın mənbə və tranzit ölkə olaraq beynəlxalq nüfuzunun həmişə yüksələn xətlə artacağına bir daha əminlik yaranır.

İyunun 1-də “Bakı Enerji Həftəsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanması mərasiminin keçirilməsi də ölkəmizin bu birinciliyi qarşıdakı onilliklər ərzində qoruyub saxlayacağını göstərir. Dünyanın ən böyük yataqlarından biri olan AÇG-dən 1994-cü ildən üzü bəri 4,6 milyard barel neft hasil edilib. İndi isə sərbəst təbii qaz ehtiyatları yatağı kimi istismarına başlanılan AÇG-də iri həcmdə – təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar olduğu və bunun da 6 trilyon kubfutadək arta biləcəyi proqnozlaşdırılır. Başqa sözlə, yaxın gələcəkdə təbii qaza olan qlobal tələbatın nəzərəçarpacaq səviyyədə artması fonunda AÇG və Abşeron yatağının genişləndirilməsi ilə Azərbaycandan qaz alacaq ölkələrin sayının artması ilə ölkəmizin beynəlxalq enerji təhlükəsizliyindəki əhəmiyyətli mövqeyi daha da möhkəmlənəcək.

Neft-qaz ölkəsi kimi qlobal miqyasda Azərbaycanın qazandığı mövqe isə ilk növbədə və hər şeydən əvvəl ağıllı siyasət və yüksək diplomatik qabiliyyət nəticəsində təmin edilib. Açıq dənizə çıxışı olmayan Azərbaycan bu uğura nail olmaq üçün zərgər dəqiqliyi ilə düşünülmüş və ilə mükəmməl balanslaşdırılmış diplomatik münasibətlər qurub. Bu uğurun arxasında heç bir kənar təzyiqə boyun əyməyən Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz müstəqil iradəsi və milli maraqlara söykənən dövlətçilik strategiyası dayanır: “Xüsusilə vurğulamaq istədiyim digər bir məsələ isə ondan ibarətdir ki, bütün bu nailiyyətlər yüksək səviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq”.

          Beləliklə, Azərbaycan neft və qaz resursları ilə Avropa üçün sadəcə bir ticarət tərəfdaşı deyil, onun kritik infrastrukturunun təhlükəsizliyini təmin edən geosiyasi istinad məkanıdır. Prezident İlham Əliyevin 31-ci “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimindəki çıxışı isə, Azərbaycanın 1994-cü ildən bu günə qədər keçdiyi tarixi-iqtisadi yolun xülasəsi olan, praqmatik yaşıl strategiya bəyannaməsi kimi irəli sürülən, ölkəmizin “orta güc” statusunu və gələcək geosiyasi prioritetlərini müəyyənləşdirən mühüm bir doktrinadır.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30