Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiya-Ukrayna müharibəsini bitirməyən səbəblə

Rusiya-Ukrayna müharibəsini bitirməyən səbəblə

04.06.2026 [09:15]

Rusiya - Ukrayna müharibəsi tərəflərin qarşılıqlı hücumları ilə genişlənir. Son günlər Ukrayna ordusu Rusiyanın hərbi obyektlərini, neft sənayesinə aid olan müəssisələri hədəfə alıb. Prezident Volodimir Zelenski ölkəsinin xüsusi təyinatlı və kəşfiyyat strukturlarının birgə iştirakı ilə Rusiyanın daxili ərazilərində yerləşən strateji hərbi və sənaye obyektlərinə qarşı tarixin “ən qorxulu və uzaq mənzilli” zərbələrinin endirildiyini elan edib. Ukrayna lideri öz rəsmi “Telegram” kanalında yaydığı bəyanatda Ukrayna Təhlükəsizlik Xidməti (SBU), Pilotsuz Sistemlər Qüvvələri (SBS), Xüsusi Əməliyyat Qüvvələri (SSO), Baş Kəşfiyyat İdarəsi (GUR) və Dövlət Sərhəd Xidmətinin (DPSU) iştirakı ilə keçirilən irimiqyaslı gecə əməliyyatının şok detallarını açıqlayıb. Onun sözlərinə görə, endirilən dəqiq zərbələr nəticəsində Ukrayna sərhədindən 1100 kilometr məsafədə yerləşən, Rusiyanın hərbi sənayesinə aid ən böyük strateji mərkəzlərdən biri - Sankt-Peterburq neft terminalı daxildən partladılaraq ağır dərəcədə zədələnib.

Peskov: Ukrayna ordusu Donbasdan çıxarsa...

Bununla yanaşı, Ukrayna ordusu Rusiya Hərbi Dəniz Qüvvələrinin əsas mərkəzlərindən sayılan Kronştadt hərbi bazasındakı hərbi hədəfləri tamamilə sıradan çıxarıb. Ukrayna dronlarının digər strateji hədəfi isə cəbhə xəttindən təxminən 600 kilometr uzaqlıqda, Rusiya ordusu üçün ağır silah və sursat istehsal edən Tambov vilayətindəki nəhəng hərbi sənaye müəssisəsi olub. “Məhv edilən hər bir hədəfə və göstərdikləri yüksək dəqiqliyə görə hərbçilərimizə sonsuz minnətdaram. Ukraynanın uzaq mənzilli strateji zərbə planı rəsmi Kiyevin sülhü yaxınlaşdırmaq strategiyasına uyğun olaraq tam dəqiqliklə icra edilir” - deyə, Zelenski vurğulayıb.

Öz növbəsində, Rusiya ordusu da Ukraynadakı hərbi hədəflərə hücumların sayını artırıb. Raket hücumları zamanı yaşayış binaları və mülki insanlar da zərər görüb.

Belə bir şəraitdə müharibənin bitməsi üçün aparılan sülh danışıqları hələ ki, bərpa olunmayıb. Lakin Moskva münaqişənin başa çatması üçün şərtini bir daha açıqlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynadakı məqsədlərinə çatacaq, lakin Moskva yenə də sülh danışıqları yolu ilə nəticə əldə etməyə üstünlük verir. Onun sözlərinə görə, əgər Ukrayna tərəfi prosesi təxirə salmağa, əsl sülh danışıqlarından və dinc həll yoluna aparacaq ciddi qərarlardan imtina etməyə davam edərsə, xüsusi hərbi əməliyyat davam edəcək. Kremlin sözçüsü əlavə edib ki, Prezident Volodimir Zelenski Ukrayna qoşunlarına “Rusiya bölgələrini tərk etməyi” əmr edərsə, xüsusi hərbi əməliyyat sutkanın sonuna qədər başa çata bilər. Peskov bunu deyərkən, Donbası nəzərdə tutub.

Lakin Kiyev Moskvanın bu şərtini qəbulolunmaz hesab edir və Rusiya ordusunun Ukraynanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərindən çıxarılmasını vacib sayır. Rəsmi səviyyədə dəfələrlə Ukraynanın ərazi güzəştinə getməyəcəyi bəyan olunub.

NATO-nun qərarı Kiyevi qane etmir

Amma müharibənin bitməməsinin səbəbi yalnız bu deyil. Ukrayna və müttəfiqləri hesab edirlər ki, Rusiyanın qarşısında Kiyevin hərbi üstünlüyünü artırmaq sülhü tezləşdirə bilər. Ona görə də, Ukrayna bu məsələdə NATO müttəfiqlərinin köməyinə ümid edir. Xatırladaq ki, aprelin sonlarında alyansın Baş katibi Mark Rutte təşkilata üzv dövlətlərin ÜDM-in 0,25 faizini Ukraynaya ayırmasını təklif etmişdi. Əgər onun təklifi müttəfiqlər tərəfindən dəstəklənərdisə, alyansın illik ayırdığı vəsait üç dəfə artaraq, 143 milyard dollara çatmalı idi. Bu məsələ İsveçin Helsinqborq şəhərində keçirilən NATO Xarici İşlər Nazirlərinin iclasında müzakirə olunub. Qərarın qəbulu üçün alyansın bütün üzvlərinin razılığı tələb edilirdi.

Lakin  müzakirələr zamanı NATO ölkələrinin Ukraynaya hər il ÜDM-in ən azı 0,25 faizi həcmində hərbi yardım göstərməsini nəzərdə tutan təşəbbüs alyans daxilində bloklanıb. “The Telegraph” qəzetinin məlumatına görə, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya bu təşəbbüsə qarşı çıxıb. Məlumata əsasən, plan NATO üzvlərinin Ukraynaya hərbi dəstəyini daimi və məcburi mexanizmə çevirməyi nəzərdə tuturdu. Bununla belə, təşəbbüs alyans daxilində tam dəstək almayıb. Bildirilir ki, Polşa, Niderland, Baltikyanı ölkələr və Şimali Avropa dövlətləri daxil olmaqla ən azı yeddi ölkə təklifi müdafiə edib. Qeyd olunur ki, həmin ölkələrin bir qismi artıq Ukraynaya yardım üçün ÜDM-lərinin 0,25 faizindən daha çox vəsait ayırır.

Bundan əlavə, Avropa İttifaqı (Aİ) 2026-2027-ci illərdə Ukraynaya 60 milyard avro hərbi, 30 milyard avro büdcə yardımı krediti ayırıb. Kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına qaytarılacaq.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra “X” sosial şəbəkəsində bildirib ki, Avropa İttifaqı  təkcə bu il Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün 28,3 milyard avro kredit ayıracaq: “Rusiyanın şiddətlənən hücumları fonunda Avropanın Ukraynaya tam dəstəyini təsdiqlədim. Ukraynanı dəstəkləmək üçün ayrılan kredit mühüm töhfə verəcək. Təkcə bu il Avropa Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün 28,3 milyard avro təmin edəcək”. Onun sözlərinə görə, Ukrayna həmçinin Avropanın dron istehsalı layihələrinə tam inteqrasiya olunacaq: “Hava hücumundan müdafiə, eləcə də dron və dron əleyhinə imkanlar Avropanın ən təcili müdafiə prioritetləri arasındadır. Ukrayna isə bu səylərə tam inteqrasiya olunacaq”.

Fon der Lyayen qeyd edib ki, tərəflər həmçinin Ukraynanın Aİ üzvlüyünə gedən yolunu müzakirə ediblər: “Qoşulma prosesində irəliyə doğru qətiyyətli addımlar atmaq üçün qarşıdakı həftələr çox vacib olacaq”. Lakin bütün bunların fonunda Kiyev Aİ və NATO-dan daha çox dəstək istəyir.

Varşava-Kiyev münasibətlərində gərginlik...

Digər tərəfdən, Polşa ilə Ukrayna arasında münasibətlərin soyuqlaşması da  sülhü əngəlləyən səbəblərdən biri hesab oluna bilər. Belə ki, son günlər Polşa-Ukrayna münasibətlərində yeni və kifayət qədər ciddi siyasi gərginlik yaranıb. Varşava ilə Kiyev arasında tarix mövzusu üzərindən başlayan mübahisə artıq dövlət başçıları səviyyəsində qarşılıqlı ittihamlar mərhələsinə keçib. Polşa prezidenti Karol Navrotski Ukrayna lideri Volodimir Zelenskinin son qərarını sərt şəkildə tənqid edib və bunun Ukraynanın Avropa İttifaqına inteqrasiya perspektivlərinə zərbə vurduğunu bəyan edib.

Məsələ Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi ilə bağlı qərarından sonra gündəmə gəlib. Polşa rəhbərliyi bu addımı son dərəcə həssas məsələ kimi qiymətləndirir. Çünki Varşavanın mövqeyinə görə, İkinci Dünya müharibəsi illərində fəaliyyət göstərən Ukrayna Üsyançı Ordusu - UPA Polşa əhalisinə qarşı Volın və Qərbi Ukrayna bölgələrində kütləvi qətliamlar törədib. Polşa tarixşünaslığı həmin hadisələri soyqırımı və etnik təmizləmə kimi qiymətləndirir.

Məhz bu fonda çıxış edən Karol Navrotski Zelenskinin qərarını “Rusiyanın təbliğatına əlavə material vermək” kimi dəyərləndirib. Polşa Prezidenti bildirib ki, Ukrayna rəhbərinin bu addımı ölkəsinin Avropa siyasi məkanına inteqrasiyasına dair ciddi suallar yaradır. Onun sözlərinə görə, “qatillərin və banditlərin qəhrəmanlaşdırılması” Avropa dəyərləri ilə uzlaşmır və belə yanaşma Ukraynanın hələ də Avropa ailəsinə tam hazır olmadığını göstərir. O, xüsusilə vurğulayıb ki, Polşa Ukraynanın Rusiyaya qarşı mübarizəsini dəstəkləsə də, tarix məsələlərində güzəştə getmək niyyətində deyil.

Bununla yanaşı, Polşa Prezidenti daha bir rezonans doğuran açıqlama verib. Navrotski Zelenskinin vaxtilə aldığı Polşanın ən yüksək dövlət mükafatı sayılan “Ağ Qartal” ordenindən məhrum edilməsi təşəbbüsü ilə çıxış edəcəyini açıqlayıb. Onun sözlərinə görə, məsələ yaxın günlərdə müvafiq qurumlarda müzakirəyə çıxarılacaq. Zelenski həmin ordeni 2023-cü ildə o vaxtkı Polşa prezidenti Andjey Dudanın əlindən almışdı. Orden Ukrayna liderinə Polşa-Ukrayna münasibətlərinin inkişafına və Avropanın təhlükəsizliyinə verdiyi töhfələrə görə təqdim edilmişdi.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30