Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Güllələnən bədən, susmayan söz!

Güllələnən bədən, susmayan söz!

05.06.2026 [08:30]

Mikayıl Müşfiq azad ruhun şairi idi...

Onun adı çəkiləndə insanların yaddaşında ilk növbədə azad ruhlu, duyğulu, səmimi və istedadlı bir şair canlanır. Yaradıcılığı təkcə poeziya nümunəsi deyil, həm də insanın həyata, sevgiyə və gözəlliyə münasibətinin poetik ifadəsidir. Müşfiqin yaradıcılığında diqqəti cəlb edən əsas cəhətlərdən biri onun həyata bağlılığı, yaşamaq eşqi və gələcəyə nikbin baxışıdır. Çünki həyatın ən sadə anlarında belə böyük mənalar tapmağı bacarır, təbiətin gözəlliyini, insan hisslərinin zənginliyini poetik sözün gücü ilə oxucuya çatdırırdı. Məhz buna görə onun şeirləri yalnız oxunmur, həm də hiss edilir, yaşanır və yaddaşlarda qalır.

Mikayıl Müşfiq təkcə öz dövrünün deyil, bütün zamanların şairidir. Çünki onun misralarında əks olunan həyat eşqi, insan sevgisi, azadlıq duyğusu və gələcəyə sonsuz inam bu gün də oxucuların qəlbində eyni qüvvə ilə yaşayır. Zaman keçdikcə köhnəlmək əvəzinə, daha da aktuallaşır və yeni nəsillərin mənəvi dünyasını zənginləşdirir.

Bu gün şairin anadan olmasından 118 il ötür. Əslən Xızı rayonundan olan Mikayıl Müşfiq ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib.

Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı - “Küləklər” 1930-cu ildə nəşr olunub. M.Müşfiq bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun 5 tərcümə kitabı nəşr edilib. Bunlar A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun “Kobzar”(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin “Şeirlər”, S.Y.Marşakın “Huşsuza bax, huşsuza”, M.F.Axundovun “A.S.Puşkinin ölümünə şərq poeması” kitablarıdır.

Mikayıl Müşfiq niyə öldürülmüşdü?

Bu sual təkcə bir şairin faciəli taleyini deyil, bütöv bir dövrün - qorxu, yalan və zorakılıq üzərində qurulmuş totalitar sistemin mahiyyətini açır. Müşfiq güllələnəndə cəmi 29 yaşı vardı. Onu öldürən isə bir güllə yox, sözə düşmən olan bir rejim idi.

1930-cu illərin sonları Sovet imperiyasının ən qaranlıq səhifələrindən biri idi. “Böyük terror” adlanan bu dövrdə minlərlə ziyalı, alim, yazıçı və şair “xalq düşməni” damğası ilə məhv edildi. Mikayıl Müşfiq də həmin qurbanlardan biri oldu. Rəsmi ittihamlar tanış idi: millətçilik, pantürkizm, antisovet düşüncə, “ideoloji azğınlıq”. Amma bu ittihamların heç biri gerçək deyildi. Gerçək olan yalnız bir şey idi: Müşfiq azad düşünürdü...

1937-ci ildə Müşfiq həbs olundu. İstintaq saxta ifadələr, məcburi etiraflar üzərində quruldu. O dövrdə həqiqətin heç bir dəyəri yox idi, hökm əvvəlcədən verilmişdi. 1938-ci ilin 6 yanvarında Mikayıl Müşfiq gizli şəkildə güllələndi. Onun məzarı belə uzun illər naməlum qaldı. Rejim təkcə şairi yox, xatirəni də silmək istəyirdi.

Amma tarix göstərdi ki, güllə sözə qalib gələ bilmir. Müşfiqin adı qadağan edilsə də, şeirləri yaddaşlardan silinmədi. O, fiziki olaraq öldürüldü, amma mənəvi olaraq yaşadı. Bu gün Müşfiq təkcə repressiya qurbanı kimi yox, azad sözün simvolu kimi xatırlanır. Mikayıl Müşfiq qısa, lakin son dərəcə mənalı ömür yolu keçərək Azərbaycan ədəbiyyatında silinməz iz qoydu.

İyunun 5-i Azərbaycan poeziyasının zənginliyini, söz sənətinin qüdrətini və sənətin zaman üzərində qələbəsini xatırladan əlamətdar bir gündür. Çünki Mikayıl Müşfiqin qələmindən süzülən misralar illər keçsə də öz təravətini qoruyur, yeni oxucular qazanır və Azərbaycan ədəbiyyatının səmasında parlaq bir ulduz kimi işıq saçmaqda davam edir.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 10 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30