Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunla tənzimlənəcək 

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunla tənzimlənəcək 

09.06.2026 [10:33]

Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunur. Bununla bağlı müzakirələrin Milli Məclisin İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin iclasında aparılacağı gözlənilir.

Bəs müvafiq qanuna dəyişikliklərin edilməsinin gündəmə gətirilməsini şərtləndirən hansı amillərdir? Həmçinin dəyşikliklər hansı məqamları əhatə edəcək? Bu dəyişiklikləri  etməkdə məqsəd nədir və onlar nəyi dəyişəcək?

Real vəziyyət: Sosial şəbəkələrin açdığı imkanlar və yaratdığı risklər

Biz informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə səciyyələnən Dördüncü sənaye inqilabı dövründə yaşamağımızla qürur duyuruq.  Buna səbəb də var. İnternet dünyanı bizim ovcumuza daşıyır, hətta ən uzaq məkanlarda baş verənləri belə anındaca izləmək imkanımız olur. Böyüklərlə bağlı vəziyyət aydındır. Onlar internetdə, sosial şəbəkələrdə tanış olduqları kontentləri  ağıl, düşüncə və təcrübə süzgəcindən keçirib dəyərləndirməkdə çətinlik çəkmirlər.

Gələcəyimiz sandığımız uşaqlarla isə vəziyyət tamam fərqlidir.  Hazırda uşaqların həyatı yalnız ailə, məktəb və qohumların çevrəsi ilə məhdudlaşmır. Informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar olaraq hüdudsuz dənizə bənzəyən sosial şəbəkələrin uşaqlar üçün də əlçatanlığı artıb. Hətta bu əlçatanlıq o dərəcədə genişlənib ki, bir sıra hallarda valideynlər özlərini uşaq qayğılarından azad etmək üçün övladlarının saatlarla sosial şəbəkələrdə qalmalarına belə şərait yaradırlar.

Əlbəttə, uşaqların həyatına daxil olan və onların ayrılmaq istəmədikləri, sevimli əyləncələrinə çevrilən sosial şəbəkələrin övladlarımızın qarşısında daha çox məlumat almaları, biliklərini artırmaları, yeni ünsiyyət qurmaları, dostlar qazanmaları, dünyanı virtual səyahətə çıxmaları üçün geniş imkanlar açdığını inkar etmək mümkün deyil.  Ancaq nəzərə almaq lazımdır ki, uşaqların psixologiyası, həyata baxışları tam formalaşmadığına görə, onların sosial şəbəkələrdə zərərli  təsirlərə məruz qalma riskləri daha böyükdür. Obrazlı ifadə etsək, uşaqlar sosial şəbəkələrin labirintinə düşürlər, burada azırlar və müəyyən müddətdən sonra onları  sosial şəbəkələr üzərindən aldıqları zərərli təsirlərdən qurtarmaq çox çətin olur və yaxud heç mümkün olmur.  Sosial şəbəkələr üzərindən uşaqlara zərərli təsirlərin ötürülməsindən bəhs etdikdə xüsusilə də zorakılıq, aqressiya, nifrət nitqi, saxta məlumatlar, yaşa uyğun olmayan reklamlar və vizual materiallar nəzərdə tutulur. Uşaqlar sosial şəbəkələrdə həmçinin kibertəhlükəsizlik, ailə sirlərinin ötürülməsi, təhqir, mənəvi zorakılıq, pis vərdişlərə çağırışlar və digər belə hallarla üz-üzə qalırlar. Dünya görüşləri tam formalaşmayan uşaqlar bu təzyiqlərin gerçək məzmununu anlamaqda və düzgün qərar çıxarmaqda acizdirlər. Onlar uzun müddət əl telefonlarından, kompüterlərdən aldıqları təsirlərdən yaxa qurtara bilmirlər və beləliklə də psixoloji sıxıntılara məruz qalırlar. Bir çox hallarda sosial şəbəkələr uşaqlarda asılılıq sindromu yaradır və onlar özlərinə qapanırlar. Belə uşaqlar üçün real həyatda sosiallaşma çətinləşir, onlar düşdükləri yeni mühitdə ünsiyyət qura bilmirlər.

Dövlətin həssas yanaşması

Beləliklə, müqayisə apardıqda aydın şəkildə görünür ki, sosial şəbəkələrin uşaqlar üçün zərəri faydasından daha çoxdur. Buna görə də müvafiq qanuna zəruri dəyişikliklərin edilməsi heç bir halda uşaqların hüquqlarının məhdudlaşdırılması anlamında başa düşülməməlidir, əksinə, məqsəd onların müdafiəsini daha dolğun şəkildə təmin  etməkdir. Heç bir halda yol vermək olmaz ki, övladımızın sağlamlığı, rifahı, gələcəyi sosial şəbəkələrdən asılı  olsun. Burada əsas yük ailələrin üzərinə düşür. Valideynlər uşaqlarının rəqəmsal mühitdə fəaliyyətlərinə ilk növbədə məsuldurlar.

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar ölkəmizdə uşaqların internet üzərindən zərərli təsirlərdən qorunması dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrilib. Bununla bağlı dövlətin həssas yanaşması təqdirəlayiqdir. Xatırladaq ki, Prezident İlham Əliyev 27 fevral 2026-cı il tarixində “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında “ ayrıca sərəncam imzalayıb. Sənəddə vurğulanır ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

Azərbaycan bu sahədə öz siyasətini dünya ölkələrinin təcrübəsinə əsaslanmaqla qurur. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur. “Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır”, - deyə sərəncamda vurğulanır.

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün çox mühümdür - provayderin məsuliyyəti və öhdəliyi

Dəyişikliklər qüvvəyə mindikdən sonra uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək.  Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün çox mühümdür. Buna görə də dövlətin rəqəmsal inkişaf siyasətində uşaqların mühafizəsi prioritet məsələlərdən biri kimi qarşıya qoyulub. Qanunvericiliyin təkmilləşdirilməsi uşaqların müdafiəsinə yönəlib. Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir. Platformaların siyahısı müvafiq icra hakimiyyəti qurumunun müəyyən etdiyi orqan  tərəfindən müəyyən olunur.

Dəyişikliklərə əsasən, provayderin məsuliyyəti və öhdəlikləri müəyyənləşdirilir. Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:

- şəxsin yaşının bəyan edilməsi;

- şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.

Bu qanunda qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirir. Qanunda nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin edilir.

16-18 yaş arası uşağın fərdi rəqəmsal hesabında provayder tərəfindən yerləşdiriləcək məzmunların və reklamların dairəsi, habelə onun platformadan istifadə saatları uşağın qanuni nümayəndəsi tərəfindən idarə edilir. Belə nəzarətin həyata keçirilməsi üçün provayder platformada zəruri funksionallığı təmin etməlidir. Qanuni nümayəndələr 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına həmin funksionallıq əsasında aktiv nəzarət edilməsinə, habelə onların sosial şəbəkə platformalarından bu qanunun tələblərinə uyğun şəkildə istifadə etməsinə cavabdehdirlər.

Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr olduqda təkrar yaş yoxlanılmasını təmin etməlidir. Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənir.

İstifadəçi yaşının yoxlanılması məqsədilə provayder topladığı fərdi məlumatlarla bağlı aşağıdakı tədbirləri həyata keçirə bilməz:

- onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək;

- onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək.

Provayder bu qanunda qeyd olunan yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir.

Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir.

16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.

Provayderlər bu qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını, şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesabların və fərdi məlumatlarının silinməsini təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30