Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bağçaya qəbul prosesində yeni mərhələ: Dəyişikliklər nə vəd edir?

Bağçaya qəbul prosesində yeni mərhələ: Dəyişikliklər nə vəd edir?

07.07.2026 [20:41]

Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilk dəfə olaraq “myGov” platforması üzərindən həyata keçirilir. Pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti, Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi Samirə Həsənova AZƏRTAC-a müsahibəsində yeniliyin əhəmiyyətindən, eyni zamanda, məktəbəqədər təhsil mühiti üçün uşaqların inkişaf xüsusiyyətinin nəzərə alınmasının vacibliyindən söz açıb. Onunla müsahibəni təqdim edirik.

– Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bu ildən “myGov” platforması üzərindən həyata keçirilir. Bu dəyişikliyi necə qiymətləndirirsiniz?

– Məktəbəqədər təhsil müəssisələrinə qəbulun vahid elektron platforma üzərindən təşkili xidmətlərin əlçatanlığının artırılması, müraciətlərin daha sistemli idarə olunması və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli yenilikdir. Bununla yanaşı, hesab edirəm ki, valideynlərin diqqəti yalnız müraciətin texniki tərəfinə yönəlməməli, uşağın məktəbəqədər təhsil mühitinə hazır olub-olmamasının düzgün qiymətləndirilməsi də nəzərə alınmalıdır. Çünki elektron sistem qəbul prosesini asanlaşdıra bilər, lakin hər bir uşaq üçün bağçaya başlama vaxtını müəyyənləşdirmir.

– Cəmiyyətdə “üç yaşı tamam olubsa, artıq bağçaya getməlidir” fikri kifayət qədər geniş yayılıb. Bu yanaşmanı doğru hesab etmək olarmı?

– Xronoloji yaş qəbul üçün əsas meyarlardan biridir, lakin məktəbəqədər təhsilə hazırlığı yalnız bu göstərici ilə qiymətləndirmək düzgün olmaz. Uşağın nitq inkişafı, sosial qarşılıqlı əlaqə bacarıqları, emosional tənzimlənməsi, diqqətinin davamlılığı, təlimatları anlama və yerinə yetirməsi, habelə gündəlik rejimə uyğunlaşması kimi önəmli cəhətlər birlikdə nəzərə alınmalıdır. Eyni yaşdakı iki uşaq inkişaf baxımından fərqli səviyyədə ola bilər. Bu səbəbdən bağçaya başlama qərarı yalnız təqvim yaşına deyil, həm də inkişaf göstəricilərinə əsaslanmalıdır.

– Yeni qaydalara əsasən valideynlər üç məktəbəqədər təhsil müəssisəsi seçə biləcəklər. Bu seçim zamanı hansı meyarlar nəzərə alınmalıdır?

– Seçim zamanı əksər hallarda bağçanın yaşayış yerinə yaxın olması, yaxud tanışların tövsiyələri əsas götürülür. Halbuki məktəbəqədər təhsil müəssisəsinin pedaqoji yanaşması, müəllimlərin peşəkarlığı, inklüziv təhsil təcrübəsi, korreksiya xidmətlərinin mövcudluğu da böyük əhəmiyyət daşıyır. Xüsusilə risk qrupunda olan uşaqlar üçün təlim mühitinin keyfiyyəti gələcək adaptasiya və inkişaf prosesinə birbaşa təsir göstərir.

– Valideynlər arasında belə bir fikir var ki, nitq ləngiməsi, öyrənmə çətinlikləri və ya inkişafdakı digər kənaraçıxmalar uşaq bağçaya getdikdən sonra sosiallaşmanın təsiri ilə aradan qalxacaq. Bu yanaşma nə dərəcədə doğrudur?

– Şübhəsiz ki, məktəbəqədər təhsil müəssisəsi uşağın sosial bacarıqlarının formalaşmasına, ünsiyyət imkanlarının genişlənməsinə və gündəlik fəaliyyətlərə uyğunlaşmasına müsbət təsir göstərir. Lakin sosiallaşmanı inkişaf çətinliklərinin həlli kimi qiymətləndirmək doğru yanaşma deyil.

Autizm, öyrənmə çətinlikləri, Diqqət Əskikliyi və Hiperaktiv Pozuntu (DƏHP) üçün xarakterik əlamətlər yalnız kollektiv mühitdə olmaqla aradan qalxmır. Məktəbəqədər yaş dövrü həm də gələcək spesifik öyrənmə çətinliklərinin, o cümlədən disleksiya riskinin ilkin göstəricilərinin müşahidə olunduğu mərhələdir. Bəzən valideynlərin “sadəcə gec danışır” kimi qiymətləndirdiyi əlamətlər sonradan autizm, disleksiya, DƏHP üçün risk əlamətləri hesab edilə bilər. Bu, əlbəttə ki, hər nitq ləngiməsi olan uşağa gələcəkdə disleksiya, autizm, yaxud DƏHP diaqnozunun qoyulacağı anlamına gəlmir. Lakin belə əlamətlər “vaxt ötdükcə düzələr” düşüncəsi ilə izlənilməli deyil, mütləq mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Erkən diaqnostika və vaxtında aparılan korreksiya işi sonrakı inkişaf mərhələlərində yarana biləcək çətinliklərin qarşısının alınmasında mühüm rol oynayır. Bağça bu prosesi dəstəkləyə bilər, lakin korreksiya xidmətini tam əvəz etmir.

– Autizm əlamətləri müşahidə olunan uşaqlar üçün bağça hər zaman uyğun seçim hesab edilə bilərmi?

– Bu suala birmənalı “bəli” və ya “xeyr” cavabı vermək mümkün deyil. Hər bir autizmli uşağın inkişaf profili, dəstək ehtiyacları və adaptasiya potensialı fərqlidir. Bəzi uşaqlar inklüziv məktəbəqədər təhsil mühitində sosial bacarıqlarını xeyli dərəcədə inkişaf etdirirlər, digərləri üçün isə böyük qrup, yüksək səs-küy və intensiv sosial tələblər əlavə emosional yük, gərginlik yarada bilər.

Əgər uşaq birgə fəaliyyətə qoşulmaqda, təlimatları qəbul etməkdə, davranışını tənzimləməkdə və ya ünsiyyət qurmaqda ciddi çətinlik yaşayırsa, ilk növbədə erkən müdaxilə proqramları və fərdi inkişaf dəstəyinin təşkil edilməsi daha məqsədəuyğundur. Məqsəd uşağı bağçaya göndərmək deyil, onu həmin mühitə hazırlamaq olmalıdır.

– Qəbul prosesi ilə bağlı valideynlərə əsas tövsiyəniz nədən ibarətdir?

– Elektron qəbul zamanı tarixlərə, növbələrin yaradılması saatlarına və sənədlərin təqdim olunması üçün müəyyən edilmiş müddətlərə diqqət yetirmək vacibdir. Bununla yanaşı, valideynlər qəbul qərarını yalnız inzibati prosedur kimi qiymətləndirməməlidirlər.

Məktəbəqədər təhsil uşağın gələcək akademik, sosial və emosional inkişafının təməlini formalaşdıran mühüm mərhələdir. Buna görə də “yaşı çatıb” prinsipi ilə deyil, inkişaf xüsusiyyətləri nəzərə alınmaqla qərar verilməsi daha məqsədəuyğundur. Çünki hər bir uşağın inkişaf trayektoriyası özünəməxsusdur və qəbul qərarı da məhz bu fərdi xüsusiyyətlər nəzərə alınmaqla verilməlidir. Düzgün zamanda seçilmiş təhsil mühiti, erkən qiymətləndirmə və ehtiyac olduqda vaxtında təşkil edilən korreksiya işi uşağın məktəb həyatına daha uğurlu başlamasına, gələcək öyrənmə və sosiallaşma prosesinin sağlam təməl üzərində qurulmasına töhfə verir.

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31